Hikmət Hacıyev: Ermənistan Kəlbəcərin boşaldılması üçün noyabrın 25-dək vaxt istəyib

“Öhdəliklər qüvvədə qalır, vaxtın uzadılması ilə bağlı xüsusi bəyanat imzalanmasına ehtiyac yoxdur”.

Source: Specify Source


“Hava şəraiti çətinləşir, o istiqamətdən yalnız bir yol – Zod-Vardenis yolu var və yolun ötürücülük qabiliyyəti aşağıdır”

"Ermənistan Rusiya vasitəsilə Azərbaycandan 25 noyabra qədər vaxt istəyib ki, erməni sakinlər Kəlbəcərdən təxliyə olunsunlar".

Bu açıqlamanı Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev noyabrın 15-də keçirdiyi brifinqdə səsləndirib.

Hikmət Hacıyev deyib ki, 10 noyabr bəyanatına əsasən, 15 noyabradək Ermənistan silahlı qüvvələri Kəlbəcər rayonundan çıxarılması nəzərdə tutulub:

“Dünən Azərbaycan və Rusiya prezidentlərinin müzakirəsi olub. Ermənistan tərəfinin Rusiya vasitəsilə Azərbaycana müraciəti olub. Ermənistan tərəfi bu müddətin noyabrın 25-dək uzadılmasını istəyib. Hava şəraiti çətinləşir, o istiqamətdən yalnız bir yol – Zod-Vardenis yolu var və yolun ötürücülük qabiliyyəti aşağıdır. Azərbaycan bunu nəzərə alaraq, humanistlik nümayiş etdirib və Kəlbəcərdə yerləşdirilmiş mülki əhalinin noyabrın 25-dək çıxarılmasına razılıq verib. Öhdəliklər qüvvədə qalır, vaxtın uzadılması ilə bağlı xüsusi bəyanat imzalanmasına ehtiyac yoxdur”.

O xatırladıb ki, 20 noyabradək Ağdamdan, 1 dekabradək isə Laçından Ermənistan silahlı qüvvələrinin çıxarılması nəzərdə tutulur.

Hikmət Hacıyev BMT Təhlükəsizlik Şurasının da Kəlbəcərlə bağlı xüsusi qətnaməsini qeyd edərək bildirib ki, ərazini tərk edən ermənilər Kəlbəcərdəki mülki obyektləri yandırır, bu, xarici medianın görüntülərində də əksini tapır:

“Ermənilər ətraf mühitə və mülki obyektlərə ziyan vururlar. Ətraf mühitə vurulan zərərlər, ekoloji terrorun qarşısı alınmalıdır. Ərazidə tikilmiş tikililər də qeyri-qanunidir. Son məqamda da bu ərazilərin işğaldan azad edilməsi prosesində maddi mədəniyyət abidələrinə zərərlərin vurulması həyata keçirilir. Ağdamda Tiqranakert adlandırdıqları ərazidə də qanunsuz arxeoloji qazıntılar aparırdılar. Bu qazıntılarda əldə edilənlərin Ermənistana aparılması cəhdləri də var. Bu, beynəlxalq qanunların pozulmasıdır. Azərbaycanın işğal olunmuş ərazilərinə maddi-mədəni irsi talan edən Ermənistan olub. Biz işğal olunmuş ərazilərdə maddi mədəniyyət abidələrinə, xüsusən məscidlərinə vurulan zərərləri görürük, məscidlərdə donuzlar belə saxlanılıb. Daha ətraflı araşdırmalardan sonra Ermənistanın Barbar əməllərinin nəticələri bir daha özünü büruzə verəcək”.

Noyabrın 10-dan 11-nə keçən gecə Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri birgə bəyanat imzalayıb. Müharibənin bitməsini özündə ehtiva edən bəyanatla Rusiya sülhməramlılarının Qarabağa gəlməsi elan edilib. Elə həmin gecə sülhməramlılar bölgəyə daxil olub.

Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulur. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Dağlıq Qarabağa göndərilən sülhməramlılarla bağlı fərman imzalayıb. Fərmanda deyilir ki, Rusiyanın Müdafiə Nazirliyi 1960 nəfərlik heyət ildə ən azı iki dəfə, hərbi texnika isə ehtiyatlar sərf olunduqca və texniki cəhətdən ehtiyac yarandıqca dəyişdirməlidir. Rusiya sülhməramlıların xərclərini də özlərinin ödəyəcəyini açıqlayıb.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Ana səhifəSiyasətHikmət Hacıyev: Ermənistan Kəlbəcərin boşaldılması üçün noyabrın 25-dək vaxt istəyib