Hicran Məmmədova: ”Normal ölkələrdə könüllü heyvansevərlərə belə münasibət yoxdur”
Oktyabrın 1-də könüllü heyvansevərlər Balaxanı qəsəbəsində yerləşən Sahibsiz Heyvanlarla Mübarizə İdarəsinin qarşısında aksiya keçiriblər.
Onların əsas tələbləri heyvanların qidalanmasında və müalicəsində iştirakdır. Ancaq departamentdən heç kim onları qəbul etməyib.
Məlumatı Meydan TV-yə könüllülərdən Hicran Məmmədova verib.
H.Məmmədovanın sözlərinə görə, Balaxanıda itlər çox acınacaqlı şəkildə saxlanılır:
“Əvvəllər itlərin qidalanmasında və müalicəsində iştirak edirdik, amma bu dəfə qapıları bağlayıblar, itləri isə içəridə yandırıb öldürürlər. Bu barədə faktlar var”.
Hicran Məmmədova hesab edir ki, onları itlərin qidalanmasında və müalicəsində iştiraka buraxmalıdırlar:
“Normal ölkələrdə könüllü heyvansevərlərə belə münasibət yoxdur. Halbuki, idarə rəhbərliyi buna görə maaş alır, ancaq itləri qidalandırmaq, müalicə etmək əvəzinə öldürürlər. Biz isə öz vəsaitimizlə onların işini asanlaşdırmaq istəsək də, buna imkan vermirlər”.
I Avropa Oyunları ərəfəsində də Sahibsiz Heyvanlarla Mübarizə İdarəsində itlərin yandırılması ilə bağlı şikayətlər vardı. Meydan TV həmin idarədən çəkiliş apararaq, deyilənlərin həqiqət olduğunu ortaya qoymuşdu.