Zaldakı gənclər ucadan dövlət himnini səsləndirərək hakimə hökmü sonacan oxumağa imkan vermədilər və o zalı yarımçıq tərk etməli oldu.
Gəncədə fəaliyyət göstərən “Kamil Vətəndaş” Maarifləndirmə Mərkəzinin sədri Həsən Hüseynli üç aydır ki, ona qarşı açılan cinayət işinə Məhkəmədə xitam veriləcəyinə, bəraət alacağına ümid edirdi. İyulun 14-də Nizami rayon Məhkəməsində Həsən Hüseynli son sözündə də bu cinayət işinin böhtan əsasında açıldığını bildirərək, hakimi ədaləti bərqərar etməyə çağırdı.
Hakimin hökm verməsi üçün yollandığı müşavirə təxminən 2 saat çəkdi. Fasilədə Həsən Hüseynli qərarın necə olacağını bilməsə də yaxımları ilə vidalaşdı.
Hakim Həsən Hüseynlini ittiham olunduğu bütün maddələr üzrə təqsirli bilərək, barəsində 6 illik həbs cəzası verdi. Zaldakı gənclər ucadan dövlət himnini səsləndirərək hakimə hökmü sonacan oxumağa imkan vermədilər və o zalı yarımçıq tərk etməli oldu.
Həsən Hüseynli bu çətin anında da üzündən təbəssümünü əskik etmirdi. O bu gün sevimli tələbələrini gözü yaşli qoymuşdu.
Həsən Hüseynlinin ailə üzvləri hələ də düşünür ki, ölkə rəhbərliyi baç verənlərdən xəbərsizdir.