Gəncə polisi “Kamil Vətəndaş” Maarifləndirmə Mərkəzinin rəhbəri Həsən Hüseynlinin saxlanması barədə qərar verib. QHT rəhbərinin vəkili Əlayif Həsənov deyir ki, bu qərar hüquqi cəhətdən çox qüsurludur:
“Mən müstəntiqdən heç bir lazımı sənədləri, qərarların nüsxəsini ala bilmədim. Mənim əlimdə olan yeganə sənəd şübhəli şəxs qismində tutma qərarıdır. Bunun da surətini mən Həsən müəllimin özündən almışam. Bu qərar qəti olaraq respublika cinayət prosessual məcəlləsinin 148-ci maddəsinə ziddir. Yəni qanunda tutmanın əsasları konkret göstərilməlidir ki, şəxs niyə tutulur? Hər bir cinayət törətmiş şəxsi o demək deyil ki, müstəntiq mütləq qaydada tutmalıdır. Bütün hallarda tutmanın əsası konkret göstərilməlidir. Cinayət işinin materiallarından aydın görünmür ki, bir araşdırma, yoxlama aparıblarmı ki, görsünlər bu insanın kiməsə bir təsir etmək imkanı varmı, qaça bilərmi ölkədən, istintaqa təsir edə bilərmi? Bunların heç biri olmadığı halda şübhəli şəxs qismində tutulma qərarının verilməsi tamamilə yol verilməzdir”.
Əlayif Həsənov deyir ki, onda olan qərarən qeydiyyat nömrəsi belə yoxdur:
“Qanun nəzərdə tutur ki, hər bir prosessual qərar əvvəla qeydiyyatdan keçməlidir. Bu qərarın heç nömrəsi belə yoxdu. İkinci bir tərəfdən hər bir qərarda ondan şikayət edilməsi qaydası göstərilməlidir ki, vətəndaş bundan necə, kimə şikayət etməlidir? Hara şikayət etmə hüququ nəzərdə tutulur? Qərərda bu yoxdur”.
Vəkil aprelin 1-də Həsən Hüseynli ilə görüşə bilib. O, vəkilə saxlanma şəraitindən narazı olmadığını və tutularkən ona təzyiq edilmədiyini bildirib. Lakin saxlanarkən onun hüquqları kobud şəkildə pozulub. Əlayif Həsənovun sözlərinə görə, Həsən Hüseynliyə saxlanarkən dörd saat ərzində tutulmasınını əsas və səbəbləri barədə ona məlumat veriliməyib. Həmçinin ona seçdiyi vəkillə əlaqə yaratmaq imkanı veriməyib və mobil telefonu əlindən alınıb.