Hesablama Palatası Mənzil-Kommunal Təsərrüfatı Departamentində nöqsan aşkarlayıb

Palata məlumatı Milli Məclisə göndərib

Source:


Palata məlumatı Milli Məclisə göndərib

Azərbaycan Hesablama Palatası Bakı şəhəri İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentində nöqsanlar aşkarlayıb.

“Report”-un məlumatına görə, palata auditin nəticələrini açıqlayıb. Nəticələrə görə, bəzi Mənzil-Kommunal Təsərrüfatları Birlikləri (MKTB) tərəfindən aktivlərin dəyərinin düzgün olmayaraq xərcə (digər xərclərdə) silinməsi, cari təmir xərclərinin gəlirdən çıxılmalı olan təmir xərcinin normasından artıq aparılması və xərclərə aid edilməsi, liftlərə texniki xidmət haqqına hesablanılıb və Departamentdən maliyyələşmə əvəzinə verilmiş mal-materialların dəyərinə tətbiq edilmiş ƏDV-nin düzgün olmayaraq xərcə silinməsi nəticəsində mənzil fondunun xərcləri artırılıb.

Ötən ilin əvvəlinə mənzil fondunun əhalisi 902 526 nəfər və yaşayış sahəsi 10 548 690,6 kv. metr, istifadə olunan qeyri-yaşayış sahəsi 486 270,8 kv. m və liftlərin sayı 5 552 vahid təşkil edib.

Həmçinin, dövlət əsaslı vəsait qoyuluşu və ehtiyat fondları üzrə 8 layihənin icrası nəzərdə tutulub, həmin layihələrdən 2-si üzrə, ümumiyyətlə, maliyyələşmə açılmayıb.

“Əvvəlki ilin faktiki və cari ilin gözlənilən xərcləri nəzərə alınmadığından mənzil fondunun inzibati idarə və xidməti heyətinin, ev təsərrüfatının saxlanılması və cari təmir xərcləri düzgün hesablanılmayıb, mənzil fondunun zərərinin ödənilməsi üçün dövlət büdcəsi layihəsinə mənzil fonduna aid olmayan xərclər daxil edilib. “Dövlət büdcəsindən maliyyələşən sahələrdə xərclərin proqnozlaşdırılması və maliyyə ehtiyatlarından istifadənin müvafiq məsrəf normaları vasitəsilə tənzimlənməsi məqsədilə bazar iqtisadiyyatının tələblərinə uyğun hazırlanmış şəhər, rayon mərkəzlərində, qəsəbələrdə küçələrin süpürülməsi, işıqlandırılması, yaşıllıq sahəsinə qulluq edilməsi xərclərinin Müvəqqəti Normaları” əsasında hesablanılmalı və təsdiqlənməli olan xərclərin proqnozlaşdırılması zamanı göstərilən normanın tələblərinə əməl olunmayıb”- məlumatda qeyd olunub.

Palatanın yoxlamaları zamanı aşkar olunub ki, balansda olan liftlərin 20,5 faizini 5 ilə qədər olan yeni quraşdırılan liftlər təşkil etdiyi halda ev təsərrüfatının saxlanılması xərcində lift təsərrüfatının saxlanılması xərcinin xüsusi çəkisi əvvəlki ilə nisbətən cəmi 0,4 faiz azalıb. Bundan əlavə, lifdən istifadə edən əhalinin sayının az göstərilməsi, liftlərə xidmət göstərən bəzi təşkilatlar tərəfindən baş idarənin təsdiq etdiyi ştat cədvəlində göstərilən vəzifələrdən əlavə 8,0 vahid artıq və lüzumsuz ştat saxlanılması nəticəsində idarəetmə xərcləri üzrə faktiki xərcdən artıq maliyyələşmə aparılaraq mənzil fondunun lift təsərrüfatı üzrə zərəri artırılıb.

Bəzi hallarda büdcə qanunvericiliyinə riayət olunmayaraq dövlət büdcəsinin “Abadlaşdırma xidmətləri haqqının ödənilməsi” paraqrafı üzrə ayrılmış vəsaitdən “Mənzil və kommunal təsərrüfatı” bölməsinə aid olmayan (təyinatdan kənar məqsədə) vəsait yönəldilib.

Yoxlamalar zamanı dövlət əsaslı vəsait qoyuluşu və ehtiyat fondlarından ayrılmış vəsaitin istifadəsi üzrə bir sıra obyektin müqavilə qiyməti müvafiq qaydada hesablanmadığı, oxşar obyektlər üzrə analoji əmsallar tətbiq olunmaqla müəyyən edilib, işlərin istismara verilməsi barədə aktlar tərtib edilmədiyi və yeni yaranmış dəyər aidiyyəti təşkilatlar tərəfindən müvafiq qaydada uçota alınmadığı aşkar edilib. Bəzi hallarda tikinti norma və qaydalarının tələblərinə riayət edilməməsi nəticəsində smeta sənədlərinə və qəbul aktlarına əsassız və eləcə də tikinti texnologiyasına görə yerinə yetirilməsi mümkün olmayan işlər daxil edilib, layihələrin yerinə yetirilməsi zamanı vaxtın azlığı əsas götürülərək işlər əsasən birbaşa müqavilələrin bağlanılması üçün icazə alınması ilə icra edilib.

Hesablama Palatasının Kollegiyası Bakı şəhəri İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamenti tərəfindən yol verilmiş nöqsanların əsasən audit dövründə aradan qaldırıldığını nəzərə almaqla müəyyən edilmiş digər nöqsan və çatışmazlıqların qısa müddət ərzində aradan qaldırılması, həmçinin nöqsanlara yol vermiş vəzifəli şəxslərin qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edib, icra olunması və həyata keçirilmiş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə qərarın surəti Bakı şəhər İcra Hakimiyyətinə, həmçinin müvafiq təqdimat Mənzil Kommunal Təsərrüfatı Departamentinə göndərilib.

Eyni zamanda, mənzil fondu xərclərinin əsassız artırılması səbəbindən təsərrüfat fəaliyyəti üzrə artıq maliyyələşmə aparılmış məbləğin 2016-cı ildə dövlət büdcəsinin yerli xərclərindən mənzil fondunun zərərinin ödənilməsi üçün nəzərdə tutulmuş vəsaitdən azaldılması hesabına bərpası üçün Bakı şəhər Baş Maliyyə İdarəsinə müvafiq məlumat təqdim olunub.

Audit tədbiri Bakı şəhərinin 12 inzibati rayonu üzrə MKTB, 3 xüsusi təyinatlı MKTB-ni və Departamentin strukturuna daxil olan 14 qurumu əhatə edib. Ötən ildə dövlət büdcəsindən Departamentə ayrılmış vəsaitlər “Mənzil və kommunal təsərrüfatı” bölməsi üzrə 80,6 faiz, əsaslı vəsait qoyuluşu üzrə 83,6 faiz, ehtiyat fondu üzrə 77,5 faiz səviyyəsində icra olunub.

Auditin nəticələri ilə bağlı Milli Məclisə məlumat verilib.

Ana səhifəXəbərlərHesablama Palatası Mənzil-Kommunal Təsərrüfatı Departamentində nöqsan aşkarlayıb