Beynəlxalq təşkilatlar 44 günlük müharibə ilə bağlı hesabat hazırlayıb
Dekabrın 11-də insan haqları təşkilatı olan “Human Rights Watch” Dağlıq Qarabağ müharibəsi ilə bağlı iki hesabat yayıb.
Hesabatlarda müharibə zamanı beynəlxalq humanitar hüququn pozulmasından bəhs edilir.
Azərbaycan və Ermənistanın müharibə dövründə yol verdiyi pozuntular
Hesabatın birində müharibə dövründə
Azərbaycanın
, digərində isə
Ermənistanın
yol verdiyi pozuntulardan bəhs edilir.
“Human Rights Watch” hər iki sənədi müsahibələr, peyk təsvirləri, fotolar və videoların təhlili əsasında hazırladığını bildirir.
Hesabatın Azərbaycanla bağlı olan hissəsində bildirilir ki, müharibə zamanı Dağlıq Qarabağın mərkəzi Xankəndinə artilleriya zərbələri endirilib. Bu zərbələr hədəfsiz olub.
“50 mindən çox erməni köç etməli olub”
Təşkilatın böhran və münaqişə üzrə direktoru Lama Fakih deyir ki, oktyabrın 4-də bir dəqiqədən az vaxtda yaşayış binalarına çoxsaylı zərbələr endirilib. Bununla bağlı dəlil də var:
“Hədəfsiz atılan raket və quru zərbələri mülki strukturlara ziyan vurub. Hazırda əməliyyatlar dayanıb, amma mülki əhali hələ də infrastruktura dəymiş ziyanın əziyyətini çəkir”.
Hesabatda deyilir ki, oktyabrın əvvəlinədək Xankəndidə yaşayan 50 mindən çox sakin Gorus və Yerevan şəhərlərinə köç edib.
“Azərbaycan mülki əhalini hərbi əməliyyatların yaxınlığından köçürməyib”
İnsan haqları təşkilatının Ermənistanla bağlı hesabatında bildirilir ki, Azərbaycanın mülki əhalisinin yaşadığı müxtəlif şəhərlərə hədəfsiz raket zərbələri endirib.
Təşkilat əllərində 11 bu cür dəlil olduğunu deyir. Onlardan 4-də aşkar hərbi hədəf olmayıb. Hesabatda bildirilir ki, Azərbaycan hərbi obyektləri sıx yaşayış məskənlərinə yerləşdirib. Eyni zamanda mülki əhalini hərbi əməliyyatların yaxınlığından köçürməyib. Bununla da dinc sakinlərin həyatını gərəksiz yerə riskə atıb.
“Human Rights Watch” bildirir ki, Ermənistan qüvvələri müharibə qanunlarını pozub. Dinc sakinlər yaşayan şəhərlərə və kəndlərə raketlər atıb, ağır artilleriya zərbələri endirib.
“Azərbaycanda 18 zərbə nəticəsində 40 nəfər dinc sakin öldürülüb”
Təşkilatın Avropa və Orta Asiya üzrə direktoru Hyu Uilyamson deyir ki, altı həftəlik müharibə boyunca bu hücumlar mülkilərin həyatına son qoyub, onların evlərini dağıdıb:
“Bütün bunlar qərəzsiz şəkildə araşdırılmalıdır”.
“Human Rights Watch” Ağdam, Bərdə, Füzuli, Gəncə, Goranboy, Naftalan və Tərtərə endirilən zərbələri araşdırıb. Nəticədə bildirilir ki, araşdırdıqları 18 zərbə nəticəsində 40 nəfər dinc sakin öldürülüb. Onlarla insan isə yaralanıb.
Beynəlxalq humanitar hüquq mülkilərə məqsədli hücumları qadağan edir.
“Human Rights Watch” bildirir ki, nə Azərbaycan, nə də Ermənistan 110 ölkənin qoşulduğu klastr bombaları üzrə sazişə üzvdür. Təşkilat tərəfləri konvensiyaya qoşulmağa çağırır.
“Həm Azərbaycan, həm də Ermənistan müharibə cinayətləri törədiblər”
Dekabrın 10-da “Amnesty International” təşkiları da Ermənistan Azərbaycan arasındakı 44 günlük müharibədən sonra 22 videonu təhlil etdiyini
açıqlamışdı
. Təşkilat bildirir ki, həmin videolarda mühakiməsiz edamlar, hərbi və digər əsirlərlə pis rəftar, qarşı tərəfin əsgərlərinin cəsədlərinin təhqir olunduğu görünür:
“Dağlıq Qarabağ müharibəsində həm Azərbaycan, həm də Ermənistan hərbi qüvvələri müharibə cinayətləri törədiblər”.
Təşkilat bildirir ki, iki videoda azərbaycanlı əsgərlər tərəfindən başkəsmə, digərində isə azərbaycanlı sərhədçinin boğazının kəsilməsi və ölümü təsvir olunub.
Videoların son üç həftədə şəxsi “Telegram” kanallarında yayıldığı bildirilir. “Amnesty”-nin Böhran Dəlili Laboratoriyası rəqəmsal texnikalardan yararlanaraq videoların həqiqiliyini təsdiqləyib.
Azərbaycan deyir ki…
Sentyabrın 27-də Qarabağ və ətraf bölgələrdə hərbi əməliyyatlar başladı.
44 gün sürən əməliyyat nəticəsində (noyabrın 9-dək) Azərbaycan tərəfi 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad etdiyini açıqladı.
Azərbaycan tərəf müharibədən sonra bildirdi ki, 44 günlük əməliyyat zamanı ölkənin 100-ə yaxın dinc sakini ölüb, 400-dək adam yaralanıb. Müharibə dövründə 40 mindən çox insan köçkün düşüb.
Dinc əhalinin hədəf alınması ilə bağlı açıqlamalar
Xankəndinin dinc sakinlərinin hədəf götürülməsinə gəlincə, Azərbaycan rəsmiləri dəfələrlə yalnız hərbi hədəfləri vurduqlarını bəyan ediblər. Prezidentin müşaviri Hikmət Hacıyev oktyabrın 18-də BBC-yə deyib ki, Xankəndində yalnız hərbi hədəflər vurulub, mülki itkilər yalnız qanuni zərbələr nəticəsində baş verib. Prezident İlham Əliyev də “BBC”yə müsahibəsində hədəfsiz zərbələr endirilməsini, klastr bombalardan istifadəni “saxta xəbər” adlandırıb. Prezident həmin müsahibədə Dağlıq Qarabağın erməni əhalisinin sayını da sual altına almışdı.
Ermənistanın həmin dövrdəki xarici işlər naziri Zohrab Mnatsakyan isə BBC-yə müsahibəsində Gəncədə dinc şəxslərin ölümüylə nəticələnmiş hücumla bağlı sualdan yayınıb. O, sualı cavablama əvəzinə Azərbaycan tərəfin Xankəndinə zərbələrində dinc sakinlərin öldürüldüyünü deyib.
44 günlük müharibənin sonu
Sentyabrın 27-də başlanan əməliyyatlar noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya dövlət başçılarının adından atəşkəs bəyanatının yayılması ilə sonlanıb.
Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulur. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.
Həmin sənədə münasibət bildirən Prezident İlham Əliyev bildirmişdi ki, burada Dağlıq Qarabağa hər hansı status verilməsindən söhbət gedə bilməz. O, statusun rədd olduğunu, cəhənnəmə getdiyini demişdi:
“Mən Prezident olduğum müddətdə də belə bir statusun olmasından söhbət belə gedə bilməz”.
Prezident statusun olmayacağını söyləsə də, həmin ərazilərin hansı dövlətin nəzarəti altında olacağı barədə də heç nə deməyib. Eyni zamanda, bununla bağlı bugünədək hər hansı açıqlama da verilməyib.
Xatırlatma
Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.