Hərbi vəziyyət haqqında Qanun dəyişdirilir

”Müharibə dövründə Azərbaycanda sosial şəbəkələr və internet azadlığı məhdudlaşdırılacaq”

Source:


”Müharibə dövründə Azərbaycanda sosial şəbəkələr və internet azadlığı məhdudlaşdırılacaq”

Azərbaycanda yenidən hazırlanmış “Hərbi vəziyyət haqqında” Qanun layihəsinin bəzi detalları bəlli olub.

Deputat Zahid Oruc APA-ya bildirib ki, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin noyabrın 8-də keçirilən iclasında qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb. Z.Oruc qeyd edib ki, hazırda qüvvədə olan “Hərbi vəziyyət haqqında” (5 fəsil, 17 maddə) Qanundan fərqli olaraq, yeni layihə 6 fəsil 27 maddədən ibarətdir: “Ermənistan silahlı qüvvələrinin təmas xəttində törətdiyi təxribat nəticəsində yaşanan gərginlik, verilən itkilər, təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və mətbuatın rolu əsas götürülməklə, hərbi sirlərin qorunması kimi məsələlər qanun layihəsinin yenidən işlənməsini zəruri edib. Hazırda qüvvədə olan qanunda göstərilir ki, ölkədə hərbi vəziyyətin elan olunması ilə bağlı dövlət başçısı parlamentə müraciət edir və Milli Məclis 72saat ərzində bu məsələyə baxıb qərarını verir. Yeni qanun layihəsində bu müddət 48 saata endirilib. Qanunda əks olunan digər məsələlər isə hərbi vəziyyətin elan olunması zamanı bütün qurumlarda hərbi rejim qaydalarının tətbiqi ilə bağlıdır. Hərbi komendaturaların yaradılması, hərbi vəziyyət zamanı əhalinin bir yerdən digər yerlərə köçməməsi layihədə əksini tapıb”. İclasda deputatların bəzi təkliləri olub.

Zahid Oruc foto sosial şəbəkə

Z.Oruc qeyd edib ki, bu təkliflər hərbi vəziyyət zamanı sırf internet resursların fəaliyyətinin nizamlanması və hərbi birləşmələrlə bağlıdır: “Burada qanunsuz silahlı birləşmələrə dair məsələlər qaldırıldı. Biz təklif etdik ki, dövlətin yaratdığı lokal silahlı birləşmələrdən başqa, heç bir silahlı birləşmələrin fəaliyyəti tanınmasın. Bu, hazırkı qanunda yoxdur. Layihədə bu məqam da əks olunub”.

Z.Oruc bildirib ki, qanun layihəsi konseptual olaraq birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

“Belə görünür ki, “Hərbi vəziyyət haqqında” Qanunun yeni versiyasında hərbi sirri qorumaq bəhanəsi altında media, xüsusilə də internet azadlığı daha çox sıxışdırılacaq”.

Bunu Meydan TV-yə açıqlamasında Xəzər Hərbi Tədqiqatlar İnstitutunun rəhbəri Cəsur Sümərinli bildirib.

Onun sözlərinə görə, sənəd üzərində əsas dəyişiliklər 2014-cü ildə Müdafiə Nazirliyi tərəfindən edilib və daha sonra Nazirlər Kabinetinə təqdim edilib. “Bizim araşdırmalara görə, qanunda dəyişikliklər, xüsusulə də internet medianın, Facebook, Twitter, Youtube kimi sosial şəbəkələrinin fəaliyyətini maksimum məhdudlaşdırmaq təklifi ilk olaraq ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyindən və Prezident Adminstrasiyasından gəlirdi. Daha sonra MTN-in ləğvi və bir sıra məsələlərlə əlaqədar bu proses təxminən iki il tormozlandı”.

Cəsur Sümərinli foto sosial şəbəkə

C.Sümərinlinin qənaətncə, qanunun yeni layihəsində ənənəvi, elektron və sosial informasiya vasitələrinin fəaliyyətini nizamlayan maddələrin sayı artırılıb. Ümumilikdə, sənədin həcmi genişləndirilib, 1994-cü ildə qəbul olunmuş sələfindən fərqli olaraq 17 maddədən 27 maddəyə qaldırılıb, fəsillərin sayı isə 5-dən 6-ya qaldırılıb. “Bizim araşdırmalar görə, yeni qanun layihəsində hərbi vəziyyətdə sosial şəbəkələrin, xüsusilə də Facebook, Twitter və Youtube-nin, eyni zamanda internet media resurslarının fəaliyyətinin nizamlanması və dayandırılması, bununla bağlı dövlət qurumlarının fəaliyyət qaydaları da əksini tapıb. Xatırladım ki, 1994-cü ildə qəbul olunmuş variantda kütləvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyən müddəalar “Hərbi vəziyyət dövründə görülən tədbirlər” maddəsində əksini tapıb. Orada qeyd olunur ki, hərbi vəziyyət dövründə kütləvi informasiya azadlığının məhdudlaşdırılması; senzuranın tətbiq edilməsi; kütləvi informasiya vasitələrinin fəaliyyətinin dayandırılması haqqında müvafiq orqanlara təqdimatlar verilməsi; hərbi vəziyyət tətbiq edilmiş ərazidə, hərbi əməliyyatlar bölgəsində, cəbhə boyu zolaqda kütləvi informasiya vasitəsi məhsullarının yoxlanılması; hərbi komandanlığın və müvafiq dövlət orqanlarının nümayəndələrinə hərbi vəziyyətin ehtiyacları üçün kütləvi informasiya vasitələrindən istifadə etməkdə üstünlük hüququnun verilməsi kimi işlər həyata keçirilir”.

“Nəzərə almaq lazımdır ki, 1994-cü ildə internet media Azərbaycanda yayılmamışdı və sosial şəbəkələr yox idi, o baxımdan qanunun yenilənməsinin əsas səbəblərindən biri məhz bu məsələdir. Lakin ən əsas məsələ Azərbaycan hakimiyyətinin 1994-cü illə müqayisədə çox ciddi şəkildə repressiv olması və bununla bağlı ortaya çıxan yeni anti-demokratik maraqlarıdır”, – C.Sümərinli belə deyib.

C.Sümərinli bildirib ki, mətbuatın, xüsusilə də internetin fəaliyyətini məhdudlaşdıran müəyyən maddələr həmçinin yeni təklif olunan “Cəbhəboyu zonada hərbi hissələrin yerləşdiyi ərazilərdə rejimin xüsusiyyətləri” fəslində əksini tapıb. Rəsmi məlumatlara görə, eyni zamanda bu hissədə pezident İlham Əliyevin 2014-cü ilin sentyabrın 24-də imzaladığı “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında” sərəncamın icrasından irəli gələn məsələlər əksini tapır. Buraya həmçinin

1) müdafiə məsələləri üzrə əlaqələndirmə şuralarının fəaliyyətinin təkmilləşdirilməsi,

2) cəbhəboyu zonada yerli əhali arasından könüllülərdən ibarət patrul dəstələrinin formalaşdırılması və xidmət aparması, onların Silahlı Qüvvələrin müvafiq birlikləri arasında qarşılıqlı fəaliyyətinin təşkil edilməsi

3) cəbhəboyu zonada təbliğat-izahat işlərinin təşkili barədə işlər daxildir.

C.Sümərinlinin sözlərinə görə, eyni zamanda yeni layihəyə “cəbhəboyu zona” termini – “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin təcavüzkar dövlətin silahlı qüvvələri və ya qanunsuz silahlı birləşmələr ilə təmas xəttinə bitişik ərazilər” anlayışı ilk dəfə olaraq əlavə edilib. Bunlar, ümumilikdə texniki xarakterlidir.

Ana səhifəAnalitikaHərbi vəziyyət haqqında Qanun dəyişdirilir