“Hərbi Prokurorluq böyrəklərini zədələdi, rəis müavini qulağını kar elədi, məhkəmə də…”

“Tərtər işi”, Foto: Meydan TV

Məhsəti Salmanova: “Bunlar hələ sözlə deyə bildiyim işgəncələrdir, murdarlıqlar ediblər, dilə gətiriləsi deyil”

“Tərtər işi” üzrə həbsdə olanlardan biri – İsmayıl Hüseynovun anası Məhsəti Salmanova oğlunun saxlandığı cəzaçəkmə müəssisəsində işgəncəyə məruz qaldığını deyir. 5 il yarımdır həbsdə olan 27 yaşlı İsmayıl Hüseynova 15 il azadlıqdan məhrumetmə cəzası verilib. O, 12 saylı cəzaçəkmə müəssisəsində saxlanılır.

“Cəzaçəkmə müəssisəsində elə qulağının pərdəsi zədələnib”

Gəncə sakini Məhsəti Salmanova Meydan TV-yə danışır ki, əvvəllər də övladının saxlandığı müəssisədə təzyiqlərə məruz qalması halları olmuşdu. Vəziyyət o həddə çatmışdı ki, o, özünə qəsd etmişdi. Lakin xeyli vaxtdır ki, təzyiqlər səngimişdi.

“Yenə başlayıblar. O müəssisədə “Tərtər işi” üzrə həbs olunanlardan 3 nəfər saxlanılırdı. İkisini apardılar, onların işinə yenidən baxırlar. Oğlum qaldı. Demək olar ki, hər gün təhqirlər, fiziki təzyiqlər… Elə vurublar ki, qulağının pərdəsi zədələnib. Qulaq qanla dolub, onu təmizləmək lazımdı. Həkim də yoxlayıb, görüb ki, qulaq nə vəziyyətdədir”, – Məhsəti Salmanova bildirib.

“Dəfələrlə əllərini qandallayıb, şəxsən döyüb”

O, oğluna işgəncə verənlər arasında rəis müavini Babək İsgəndərovun adını xüsusi vurğulayır. Ananın sözlərinə görə, ümumiyyətlə, bu şəxs həmin cəzaçəkmə müəssisəsində məhbuslara qarşı qəddarlığı ilə fərqlənir. Bir müddət öncə məhbusların dövlət başçısına ünvanladığı şikayət məktubunda da 12 saylı cəzaçəkmə müəssisəsində işgəncələrdən bəhs olunur və Babək İsgəndərovun adı çəkilirdi:

“Dəfələrlə oğlumun əllərini arxadan qandallatdırıb, şəxsən döyüb, ya da əlinin altındakı işçilərinə döydürüb, tamaşa edib. Anlaya bilmirəm ki, başqasına işgəncə verməkdən necə həzz almaq olar?”.

İsmayıl Hüseynov

Məhsəti Salmanova deyir ki, İsmayıl Hüseynova qarşı son işgəncələr noyabrın 10-dan başlayıb. Amma onun ailəsi ilə telefon danışıqlarına qadağa qoyulduğuna görə baş verənlərdən gec xəbər tutublar. Artıq Penitensiar Xidmətdən tutmuş, Ombudsman, Baş prokuror, Beynəlxalq Qırmızı Xaş Komitəsinə qədər müxtəlif qurumlara şikayət etdiyini deyən ananın sözlərinə görə, bundan sonra oğluna qarşı başqa formada təzyiqlər başlayıb:

“Babək İsgəndərov onu əlaltıları ilə kabinetə salıb, deyib ki, 40 nəfər məhbus seçib, İsmayılın əleyhinə izahat verəcəklər. Oğlumu yenə döyüblər, “kars”a salıblar. Bir saatdan sonra yoxlama gəlib deyə, məcburi çıxarıblar. İki gün əvvəl axşam saat 10-a qədər oğlumu inzibati binada saxlayıblar, tələb ediblər ki, ərizə yazsın. Orada göstərsin ki, guya təqsiri olduğuna görə cəzalandırılıb. Təsəvvür eləyin, məcbur eləmək üçün hansı yola əl atıblar. İki nəfər məhbusu gətiriblər ki, əgər yazmasan, “karsa” gedəcəklər. Həbs yerində bunun nə demək olduğunu anlamaq çətin deyil. İsmayıl da məcbur olub, imza atıb. Ertəsi gün səhər rəis çağırıb, deyib ki, səbrli olsun, problem olmayacaq. İllərdir ona zülm eləyirlər – Hərbi Prokurorluq böyrəklərini zədələdi, Babək İsgəndərov qulağını kar elədi, məhkəmə də gəncliyini, azadlığını əlindən aldı…”.

“Qətiyyən problem yoxdur”

Penitensiar Xidmət isə 12 saylı cəzaçəkmə müəssisəsində məhbus İsmayıl Hüseynovun işgəncəyə məruz qalması haqda anasının səsləndirdiyi fikirləri təkzib edib. Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov Meydan TV-yə bildirib ki, bu iddialar doğru deyil.

“O məhkumla bağlı qətiyyən heç bir problem yoxdur. Mən bilmirəm, anası niyə bu fikirləri səsləndirir. Nə qulağı partlayıb, nə döyülmə var. Bildiyimə görə, problemli məhkum da deyil”, – Mehman Sadıqov bildirib.

Məhsəti Salmanova

1995-ci il təvəllüdlü gizir İsmayıl Hüseynov 18 may 2017- ci ildən həbsdədir. O, Bakı Hərbi Məhkəməsinin 1 avqust 2018-ci il tarixli hökmüylə dövlətə xəyanət və başqa ittihamlarla 15 il azadlıqdan məhrum edilib.
Anası deyir ki, oğlunu 2017-ci ildə mayın 18-nə keçən gecə saat 3 radələrində prezidentin qəbuluna aparmaq adıyla geyindirib, evdən çıxarıblar:

“Onu Gəncədə yaşadığımız evdən Tərtərə aparıblar. Orada ona elə işgəncələr verilib, hər yadıma düşəndə ürəyim partlayır. Ayaqlarından asıb başını su ilə dolu qaba salıblar, suyun içinə də tok buraxıblar… Onu özündən gedənə qədər döyüblər, bədəninə, cinsiyyət orqanına tok veriblər. Şlanqla ağzına suyu doldurub boğublar… Bunlar hələ sözlə deyə bildiyim işgəncələrdir. Elə murdarlıqlar ediblər, dilə gətiriləsi deyil. Bunlara kim dözə bilərdi ki, İsmayıl da dözsün? Ona görə məcbur qalıb, nə ittiham veriblər, qol çəkib. İndi də prokurorluq onun işinə baxmır. İstəmirlər desinlər ki, bu uşaqların hamısı günahsızdır. Ona görə bir hissəsinin işinə yenidən baxırlar, bir hissəsinə yox. Belə haqsızlıq olar?!”.

Qısa arayış:

2021-ci ilin dekabrında “Tərtər işi” üzrə icraat yenilənib. Bundan sonra Baş Prokurorun məktubu sentyabrın 30-da Ali Məhkəmənin Plenumu “Tərtər hadisələri”ndə dövlətə xəyanət və başqa ağır ittihamlarla uzunmüddətli həbsə məhkum edilmiş şəxslərdən 19 nəfər haqqında vaxtilə apelyasiya və kassasiya instansiya məhkəmələrinin çıxardığı qərarları ləğv elədi. Bu məhkəmələr – apelyasiya məhkəməsi və Ali Məhkəmə həmin şəxslər haqqında 7 ildən 20 ilə qədər həbs hökmlərini qüvvədə saxlamışdı.
Ali Məhkəmənin Plenumu qərar verdi ki, bu şəxslərin işlərini Gəncə Apelyasiya Məhkəməsi yenidən araşdırsın.

Sözügedən 19 nəfərin işi üç qrup şəklində apelyasiya instansiyasına göndərildi. Gəncə Apelyasiya Məhkəməsində onların işinə baxıldı və hamısı haqqında Tərtər Hərbi Məhkəməsinin vaxtilə çıxardığı ittiham hökmü ləğv edildi. İş təkrar araşdırma üçün Gəncə Hərbi Məhkəməsinə göndərildi. Bu məhkəmə də onların işlərini istintaqa qaytardı.

Ana səhifəBölgə“Hərbi Prokurorluq böyrəklərini zədələdi, rəis müavini qulağını kar elədi, məhkəmə də…”