Hərbi-Əks Kəşfiyyat İdarəsinin sabiq rəisinə 8 il cəza verildi, general rütbəsi alındı

Foto: Meydan TV

Daha bir sabiq idarə rəisi Elman Tahirovun haqqındakı cinayət işinə isə xitam verilib

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Hərbi Əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi, general Nizami Şirinov 8 il azadlıqdan məhrum edilib. Oktyabrın 11-də Bakı Hərbi Məhkəməsində hakim Camal Ramazanovun sədrliyilə ona hökm oxunub.

Nizami Şirinov Hərbi Əks-Kəşfiyyat Baş İdarəsində onun tabeliyində işləmiş Elcan Abdullayev, Elman Tahirov və Nadir Nəzirovla birlikdə mühakimə olunurdu. Adları çəkilən təqsirləndirilən şəxslərdən – keçmiş idarə rəisi Elcan Abdullayevə 6, əməliyyat müvəkkili olmuş Nadir Nəzirova isə 4 il həbs cəzası verilib. Daha bir sabiq idarə rəisi Elman Tahirovun haqqındakı cinayət işinə isə xitam verilib. Ona verilən ittiham üzrə cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi əsas gətirilib.

Məhkəmə həmçinin təqsirləndirilən şəxslərdən Nizami Şirinovun general, digərlərinin isə polkovnik rütbəsinin, orden və medalların alınmasına da qərar verib. Bundan başqa, Nizami Şirinovun özü və ailə üzvlərinə məxsus əmlakın müsadirə olunması da hökmdə əksini tapıb.

General və tabeliyində çalışmış sabiq MTN-çilər müxtəlif adamları zorakılığa məruz qalmaq, barələrində rüsvayedici məlumatlar yaymaqla hədələyib, onların külli miqdarda pulunu almaqda ittiham olunur.

Onlar məhkəmədə ittihama münasibət bildirərkən deyiblər ki, özlərini təqsirli bilmirlər.

Onların zorakılıqla pul və əmlaklarını ələ keçirdikləri iddia olunan şəxslər arasında Ali Hərbi Məktəbin keçmiş rəisi Mirzəli Yusifov da var. O, məhkəmədə ifadə verərkən bildirib ki, uzun müddət polkovnik rütbəsində Müdafiə Nazirliyində çalışıb, 2009-cu ildən 2013-cü ilə qədər Ali Hərbi Məktəbinin rəisi olub. Onun sözlərinə görə, 2007-ci ildə MTN-in Hərbi Əks-Kəşfiyyat Baş İdarəsinə dəvət edilib:

“Orada məni şantaj elədilər ki, haqqımda cinayət işi acacaqlar, məni həbs edəcəklər. Məndən 275 min dollar bir, 25 min dollar bir aldılar. Bununla da kifayətlənmədilər. Daha sonra 15 min dollar verməyə məcbur elədilər. Məndən cəmi 315 min dollar pul alınıb”.

Mirzəli Yusifovun sözlərinə görə, 2013-cü ildə Ali Hərbi Məktəbin rəisi vəzifəsindən azad olunub. Bundan sonra onu yenidən Hərbi Əks-Kəşfiyyat Baş İdarəsinə çağırıblar:

“Orada məni döydülər, qulaqlarımın pərdəsi deşildi. Həmin vaxtı Elcan Abdullayev və Nadir Nəzirov orada iştirak edib. 300 min dollar pul istəyirdilər, bir də o dövrdə müdafiə naziri olan Səfər Əbiyevin əlehinə ifadə. Mən imtina elədim. Mənə dedilər ki, razılaşmırsansa, səni də tutacağıq, Səfər Əbiyevlə eyni kamerada olacaqsan. O biri kamerada isə Məmməd Beydullayev, Şahin Sultanov olacaq. Mən yenə qəti şəkildə imtina etdim. Söz verdilər ki, səni tutduracağıq. Elə də oldu, rüşvət almaqda ittiham olunaraq saxlanıldım. 2 il 2 ay həbs cəzası çəkmişəm”.

Nizami Şirinov 2021-ci ilin aprelində daha bir MTN-in İstintaq Baş İdarəsinin rəisi olmuş Mövlam Şıxəliyevlə birlikdə həbs olunmuşdu. Sentyabrın 21-də Bakı Hərbi Məhkəməsində Mövlam Şıxəliyev haqqında hökm çıxarılıb. O, 12 il azadlıqdan məhrum edilib, general rütbəsi alınıb, özünün və ailə üzvlərinin əmlakları müsadirə edilib.

Ana səhifəXəbərlərHərbi-Əks Kəşfiyyat İdarəsinin sabiq rəisinə 8 il cəza verildi, general rütbəsi alındı