Lorence Broers: ”Mənə də elə gəlir ki, Qarabağ münaqişəsi bizimlə hələ çox qalacaq”
Uzunmüddətli danışıqların Dağlıq Qarabağ münaqişəsinin çözülməsində əhəmiyyətli rol oynayacağına ümid edənlər hələ də var. Ancaq “bir güllə lazımdır ki, sülhquruculuğu işini bir anda darmadağın etsin” deyən insanların sayı da az olmadı. Bu fikir 2-4 aprel tarixində Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş verən münaqişədən sonra yenidən gündəmə gəldi. Bu dəfə hər iki tərəfin çoxsaylı itki verməsi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məsələsinin vacibliyini artırdısa da, yenidən müharibə istəyənlərin çoxluğu da diqqət çəkdi. Münaqişənin sülh yolu ilə sonuclanmasını arzu edən və bu yöndə çalışan ekspertlərdən biri – Beynəlxalq Münasibətlər üzrə Kral İnstitutunun (Royal Institute for International Affairs) əməkdaşı Lorence Broersdir.
Meydan TV onun son hadisələrə münasibətini öyrənməyə çalışıb:
– Aydındır ki, hər iki tərəfin oz doğruları və yanlışları ola bilər. Qarabağ münaqişəsində də bu var. Situasiyadan asılı olaraq hər iki tərəf yalan tirajlayıb, doğrunu gizlədə bilər. Son baş verən hadisələr barədə nə deyə bilərsiniz?
– Münaqişə edən tərəflərin hadisələrdən, münaqişənin səbəblərindən asılı olaraq haqlı və haqsız yanları var. Kənardan gördüklərimiz hadisə yerində baş verənlərdən radikal şəkildə fərqlənə bilər. Ancaq aprelin 2-də baş verən eskalasiyada (şiddətlənmə) Azərbaycan mediası hücum olduğundan bəhs etdi, hansı ki, sonradan nəzarətdən çıxıb. Bu zaman da Ermənistan tərəfi təzyiq qarşısında öz mövqelərini qoruya biləcəyini nümayiş etdirmək istəyib. Ancaq eskalasiyanın artım dinamikası böyükdür və təhlükəli ola bilər. Bu qarşıdurma gözlənildiyindən uzun sürsə də, tərəflər situasiyanı nəzarətdə saxlaya bildilər. Təəssüf ki, hər iki tərəf bu hadisədən yanlış nəticə çıxardı.
– Konfliktin sülh yolu ilə həllinin mümkünsüzlüyünü düşünənlər də çoxdur. Bəziləri isə düşünür ki, hər iki tərəfdə hakimiyyət sülh istəmir, Dağlıq Qarabağ münaqişəsindən manipulyasiya vasitəsi kimi istifadə edir. Siz necə düşünürsünüz, nəyəsə ümid etmək olar?
– Təəssüf ki, hər iki tərəfin siyasətçiləri problemin siyasi həllindən imtina edir. Qarabağ liderlərin legitimliyinin tanınmasında vacib faktora çevrilib və bu halda hansısa kompromisə getmək qeyri-mümkün olub. Azərbaycan ərazilərinin işğal olunması ilə barışa bilmir, Ermənistan isə sübut etməyə çalışır ki, Qarabağ dövləti qurulub və onun təhlükəsizliyindən narahatdır. Hələ ki, hər iki cəmiyyətin daxilində fərqli siyasi resurslar və dəyərlər olmadıqca, təhlükəsizliyə qarşı düşmənçilik olmadan problemi siyasi müstəvidə yenidən formalaşdırmaq çətin olacaq. Hər iki tərəf gücdən istifadəni daha çox düşünür, nəinki danışıqları. Rusiya strateji olaraq simmetrik şəkildə silahlandırmaqla köməyini göstərir. Ola bilsin, son hadisələr bu strategiyanın iflasını göstərdi. Ola da bilsin, Rusiya bölgəyə öz sülhməramlılarını yeridəcək. Bunu bilmirik. Ancaq bu da özlüyündə həll variantı deyil – Dondurulma 2-dir.
–
Bir tərəfdə ofşor şirkətlərlə bağlı məqalələr, digər tərəfdə isə münaqişə. Bir neçə gün ərzində əhali ölkədə baş verənləri unutdu və isterikaya düşdü. Sosial şəbəkələrdə passifistlər təhqir olundu. Ermənistan tərəfin də reaksiyası adekvat idi. Bu situasiyada nə etmək lazımdır?
– Təbii ki, bu günlər sülhə inanan insanlar üçün təhlükəlidir. Mobilləşmə psixologiyası konformist düşüncəyə güclü təzyiq göstərir. Mən sizin diqqətinizə 2013-cü ildə Caucasus Barometrin sonuncu sosial sorğusunu çatdırım ki, ermənilərin və azərbaycanlıların 50 faizi münaqişənin sülh yolu ilə həllinə inandığını deyib. Azərbaycanlıların 30 faizi, ermənilərin isə 20 faizi münaqişənin güc yolu ilə həllini mümkün sayırlar. Buna görə mənə elə gəlir ki, insanlar müharibə istəmir.
– Siz bizim ölkələri yaxşı tədqiq etmisiniz. Məsələnin dəyişəcəyinə ümid varmı?
– Pessimist olmaq istəməzdim. Mənə də elə gəlir ki, Qarabağ münaqişəsi bizimlə hələ çox qalacaq. Bu münaqişəyə Fələstin və Kəşmir də aiddir. Ola bilsin, münaqişə hakimiyyətlərdən asılı olmadan da davam etsin, ən vacibi cəmiyyətlərlə işləməkdir. Bu iş tarixi hekayələrin birtərəfliliyinə, eləcə də həlli yolunda zorakılığa inama qarşıdır.
–
Uzunmüddətli danışıqlar Dağlıq Qarabağ münaqişəsində problem hesab olunmurmu? Bu qədər səy göstərilir və bircə güllə kifayət edir ki, zəhmət hədər getsin…
– Sizinlə razıyam. Sön illər danışıqlar formal xarakter alıb. Qarabağın sülh danışıqlarını yenidən formalaşdırmaq, yeni enerji vermək, həm hər iki tərəfi, həm də beynəlxalq iştirakçıları bu danışıqlarda yeni səviyyəyə qaldırmaq lazımdır. Bunlarla yanaşı, münaqişənin dayandırılması da olmalıdı. Əlbəttə ki, güclə məsələni həll etmək istəyən insanlar var, ancaq “susan əksəriyyət” də var. Hansı ki, uzunmüddətli müharibə olarsa, çoxsaylı itkilərə məruz qalacağını anlayır.