Rauf Mirqədirov: ”Putinin vasitəçiliyi ilə keçirilən görüşdən çıxan tərəflər təşəbbüsün iflasa uğraması haqda bəyanat verə bilməzdilər”
Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburq görüşünün yekun nəticəsi o oldu ki, üçtərəfli görüşlər davam etdirilsin. Eyni zamanda, müşahidəçilərin sayı artırılsın. Hər üç tərəf görüşdən razı qaldığını bildirdi.
20 iyun görüşünü Meydan TV-yə şərh edən “Zerkalo” qəzetinin icmalçısı Rauf Mirqədirov hesab edir ki, prezidentlərin Sank-Peterburq görüşü ciddi uğurla yekunlaşmayıb: “Görüşdən sonra səslənən bəyanatda da, bu, özünü büruzə verir. Faktiki olaraq, real nəticə müşahidəçilərin sayının artırılmasıdır. Bu razılaşma isə əvvəlki görüşlərin nəticəsidir. Çünki Vyana görüşündə də bu məsələ qaldırılmışdı və tərəflər ümumi razılaşma əldə etmişdilər”.
Rauf Mirqədirov hesab edir ki, bəyanatların ümumi əhval-ruhiyyəsinin pozitiv olması ciddi göstərici deyil: “Sözsüz ki, Putinin vasitəçiliyi ilə keçirilən görüşdən çıxan tərəflər təşəbbüsün iflasa uğraması haqda bəyanat verə bilməzdilər. Bu, ilk növbədə, Putinin nüfuzuna xələl gətirərdi. Yəni görüşün müsbət nəticələnməsi haqda bəyanatları ciddi qəbul etmək olmaz”.
Onun sözlərinə görə, 20 iyun görüşündə bağlı qapılar arxasında hər hansı razılaşma əldə olunmayıbsa, bu, nəticə etibarıyla müharibəyə gedən yoldur: “Əminəm ki, Rusiya və digər vasitəçilər münaqişənin həllini sürətləndirə bilərdi. Daha çox Rusiyanın mövqeyindən çox şey asılıdır, səbəb də Moskvanın İrəvana təzyiq imkanlarının çox geniş olmasıdır. Ən azından 5 rayonun Azərbaycana qaytarılması Rusiya ilə bərabər digər vasitəçilərin də Ermənistana kifayət qədər təzyiq imkanları var. Əgər bu, baş verməsə, beynəlxalq vasitəçilər hadisələrin bu istiqamətdə inkişafında maraqlı deyillər. Çünki hadisələrin bu istiqamətdə inkişafı Cənubi Qafqazın tamamilə Rusiyanın nəzarətinə keçməsini təmin etmir. Bununla Rusiya böyük müharibə variantını istisna etmir. Vaxt baxımından böyük müharibə variantı yaxın dövrlərdə də ola bilər. Birinci variantda Rusiyada Dövlət Dumasına seçkilərdə bu mümkündür, yəni regionda “əməliyyat” keçirilir və bu, Putinin partiyasının reytinqini artırır. İkinci variant Rusiyada 2018-ci ildə gözlənilən prezident seçkilərilə bağlıdır, gedişat seçkilər ərəfəsində şimal ölkədə daxili situasiyadan asılı olacaq. Daxili vəziyyət gərginləşərsə, iqtisadi durum ağırlaşarsa, Putin müxaliflərinin iştirakına daha geniş imkan yaranarsa, Kreml bölgədə qaynar nöqtənin yaranmasında və orda iştirak etməyə cəhd edər”.
Rauf Mirqədirov bir sıra daxili və xarici ekspertlərin “Ermənistan prezidenti üçün hazırda çətindir, bu baxımdan hər hansı razılaşmaya gedəcək” fikirlərini belə şərh etdi: “Guya, beynəlxalq güclər münaqişənin qismən Azərbaycanın maraqları çərçivəsində olmaqla lokal müharibənin tərəfdarıdırlar. Yəni Azərbaycan müharibə vasitəsilə müəyyən əraziləri azad edir və Ermənistanda çevriliş baş verir, hakimiyyətə gələn qüvvəylə başqa müstəvidə danışıqlar davam etdirilir, bununla problemin siyasi həll yolu tapılır. Bu varianta çox pessimist yanaşıram, inanmıram. Çünki geosiyasi gerçəkliklər bu variantın əksini deyir, Cənubi Qafqaz Moskva ilə Vaşinqton arasında mübarizə meydanıdır, Ankara və Tehranı da bura daxil etsəniz, mənzərə aydın olar. Ümumiyyətlə, Cənubi Qafqaz tam bölünməmiş ərazidir, belə olanda regionda müxtəlif maraqlara malik qüvvələırin dil tapması mümkün deyil. Hesab edirəm ki, bu variantın tərəfdarları istədiklərini gerçəklik kimi təqdim edirlər”.