“Son dörd gündə dindirmə zamanı iki dəfə səhhətimdə problemlər yaranıb, amma…”
“Jurnalist Xədicə İsmayıl dekabrın 6-da həbs edildikdən sonra ilin sonundadək demək olar ki, hər gün məni şahid qismində istintaqa dəvət ediblər. Növbə ilə bir gün Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər İdarəsində, digər gün isə Bakı Şəhər Prokurorluğunda ifadə vermişəm”, – jurnalist Aynur İmranova “Turan İA”-a bildirib.
Araşdırmaçı jurnalist Xədicə İsmayıl dekabrın 6-da həbs edilib. O, Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) ilə təqsirli bilinir. Xədicə Ismayıl ittihamı rədd edib, həbsinin qanunsuz olduğunu bildirib. O, Amnesty İnternational tərəfindən “vicdan məhbusu” elan edilib.
Aynur İmranova 2015-ci il başlayandan Bakı Şəhər Prokurorluğunda 7 dəfə ifadə verdiyini deyib. “Hər gün orta hesabla 8 saatadək ifadə alırlar. Son dörd gündə dindirmə zamanı iki dəfə səhhətimdə problemlər yaranıb. Həkim qan təzyiqimin 200-160 olduğunu deyib və beynimə qan sızma ehtimalı ilə bağlı məni xəbərdar edib. Bu barədə istintaqa deməyimə baxmayaraq, bu gün yenidən dindirməyə dəvət ediblər”, – o bildirib.
Jurnalist dindirmə zamanı təzyiqə məruz qalmadığını bildirib. “Amma hər gün 8 saatadək, davamlı olaraq dindirilmə əzabdır” , – o qeyd edib.