”Hər dəqiqə o qorxuyla oturub-dururam”

Qiyasla Bayramın anası oğullarından narahatdır

Source:

“Çox narahatam, təsəvvürəgəlməz dərəcədə narahatam. Gecəni heç yatmıram. Gözümü yumuram, hamısı gəlib gözümün qabağında dayanır. Qorxuram kiməsə, nəsə olar. Səhər kiminsə haqqında nəsə eşidəcəm qorxusuyla yatıram”.

Bu sözləri Azadlıq Radiosuna “Heykəl məhbusu” kimi tanınan Qiyas İbrahimovun anası Şura Əmiraslanova deyib. Ana oğlunun zəng vurmadığı günlərdə səksəkə içində yaşadığını, vəkilə, Penitensiar Xidmətə zəng vurduğunu söyləyir.


“Sabah bu mənim övladımın da başına gələ bilər”

Ş.Əmiraslanova oğlunun saxlanma şəraitindən də danışıb:

“Bir dəfə özü ilə söhbət etdim ki, Qiyas, saxlanma şəraitin necədir, nə vəziyyətdədir, mənə konkret dedi: “Ana, elə bil, pis şəraitli kirayə evdə qalırsan, ikiadamlıq balaca otaqdır”. Ancaq ordakıların Qiyası incitməsi, haqsızlıq etməsi haqda eşitməmişəm. Bəlkə də… Amma davranışında, görkəmində elə bir şey hiss etməmişəm. Nə bilim, bəlkə bundan sonra acıqla edəcəklər? Hələ ki belə bir şey yoxdur. Sabah görüşəcəm onunla. Olanlar haqda soruşacam ki, oğlum, sənə də təzyiq varsa, gizlətmə, siyasi məhbus Mehman Qələndərov Kürdəxanı həbsxanasında necə deyim… intihar etdi. Yəni belə şeylər var, ona da təzyiq varsa, desin bizə, sonrakı peşmançılıq fayda vermir. Gərək Elçin Sadıqova da deyim, bu haqda o da Qiyasla söhbət etsin”.

Qiyas İbrahimovun anası Şura Əmiraslanova

Ana oğluna görə çox narahat olduğunu, qorxduğunu deyib:

“Mehman Qələndərovdan sonra daha çox qorxuram. O da siyasi məhbus idi. Ona etdilərsə, bunlara da edərlər. Bayrama deyirlər ki, ulu öndərin heykəlini təhqir etmisən, ona görə hər zaman təhqir olunacaqsan. Bu adama 10 il iş vermisən, haqsız yerə cəzalandırmısan, belə çıxır ki, bununla da ürəkləri soyumur, uşaqlara işgəncə verirlər. Bayram xəstədir, sağalması üçün iş görmürlər, əksinə ona təzyiqləri artırırlar. Bu, böyük haqsızlıqdır… Ölkə bərbad vəziyyətdədir. Kimisə nədəsə günahlandırdıqları yetmir, bu gün övladlarımız, qardaşlarımız haqsız yerə türmədə öldürülür. Sabah bu mənim övladımın da başına gələ bilər. Niyə qorxmamalıyam ki? Hər dəqiqə o qorxuyla oturub-dururam. Düzdür, uşağımın yanında çox danışmasam da, qorxu içində yaşayıram”.

Ş.Əmiraslanova deyir ki, narahatlığı ilə bağlı Ombudsman Aparatına və ya digər rəsmi qurumlara müraciət etməyib:

“Ombudsman Aparatından heç nə gözləmirəm. İndiyəcən neyləyib? Hansı gerçəyin arxasında dayanıb? Amma beynəlxalq təşkilatlar sağ olsunlar, sözlərini deyirlər, neynəsə onlar edir yenə. Bizim ombudsmandansa umacağım yoxdur, yalandan nə deyim ona?..”

“Biz onunla görüşəndə, demək olar, heç nə bildirməyib”

“Tutulub, dustaqdır, bunun «srok»unu, cəzasını vermisən, ən azından hüquqlarını da təmin et, xəstədir, müalicə etdir. Dünəndən bəri düşünürəm ki, 10 ilini vermisən, cəzasını çəkir, artıq işgəncələr nəyə lazımdır? Belə çıxır ki, fiziki baxımdan məhv etmək istəyirlər. Allah böyükdür, Bayrama güc, qüvvət verər ki, o mərhələni də adlasın”.

Bu sözləri isə 10 il azadlıqdan məhrum edilən, bugünlərdə saxlanma şəraitinə görə yenidən gündəmə gələn Bayram Məmmədovun anası Sevinc Məmmədova deyib.

B.Məmmədov cəzaçəkmə müəssisəsi rəhbərliyinin ona münasibətinin çox pis olduğunu bildirib. Bu haqda onun vəkili açıqlama verib. B.Məmmədovun sözlərinə görə, ona Heydər Əliyevin heykəlinə şüar yazdığı üçün daim təzyiq altında olacağını çatdırıblar. Bundan başqa, vəkil Məmmədovun 13 saylı Cəzaçəkmə Müəssisəsinə yerləşdirildiyi gündən bəri xəstələndiyini, onun yerinin soyuq və yelçəkən olduğunu, müəssisənin rəhbərliyinin onun müalicə olunmaq müraciətinə əhəmiyyət vermədiyini söyləyib.

S.Məmmədova deyir ki, oğlu ilə 15 gün əvvəl görüşüb. Bugünlərdə təkrar görüşməlidir:

“Yazıyla bağlı deyirsinizsə, biz artıq hər şeyi vəkili vasitəsilə öyrənmişik. Biz onunla görüşəndə, demək olar, heç nə bildirməyib, özünü elə göstərib ki, əhval-ruhiyyəsi yaxşıdır, gümrahdır, amma yaxşı deyilmiş. Görünür, vəkili ilə bu haqda danışmaq daha rahat olub, nəinki bunu bizə bildirmək. Ona görə hər şeydən xəbərsiz olmuşuq. Mayın 2-də onunla danışdım və soruşdum ki, niyə bizə heç nə deməmisən? Yenə də bizə heç nə danışmadı. Qızdırması olub-olmadığını öyrənməyə çalışdım, heç olmasa, özümlə dava-dərman aparardım gedəndə… Sonra qolunun qırılması və ağrımasını da bizə bir ildə bildirməyib. Bir ildə qolunda ağrı olduğunu deyə bilərdi də bizə. Onda qabağını tez alardıq, nəinki indi bu əziyyəti çəkərdi. Özünə də bu sualı verdim. Amma heç nə demədi”.

Bayram Məmmədov və Qiyas İbrahimov

Ana oğlunun bu hərəkətindən incidiyini deyir:

“Məndə küskünlük yaranır. Bu qədər susqunluq da bir şey deyil. Başqa yöndən baxanda deyirik ki, hə, belə olmalıdır, əsl kişi kimi hərəkət edir, amma elə şey var, bizə desə, yaxşı olardı. Bizə deməyib, mən onun ağrısını indi daha çox çəkirəm. Mənə daha çətindir. Xəbərdə yazılıb ki, aprelin 24-də temperaturu olub. Mən özümü qınayıram ki, həmin gün bəlkə də mən çox rahat olmuşam, ağlıma da gətirməmişəm xəstələndiyini, gecəni mən yatmışam, amma o temperaturun içində yanıb. Başlayıram özümü qınamağa… Qolunu da bilməmişəm. Düzdür, hər dəfə biləyinə baxmışam. Vəkili həmişə qolunu, biləyini göstərirdi ki, baxın, Bayramın biləyində işgəncə izi var. O da mənə biləyini göstərib, ondan o tərəfi göstərməyib”.

S.Məmmədova düşünür ki, oğlu xəstəlik prosesini ona anlatsaydı, həkimlər vasitəsilə, heç olmasa, dava-dərman yazdırıb apara bilərdi: “Orda həkim onu müalicə edən, resept yazan deyil. Müalicə etsə, lap yaxşı… Heç olmasa, insanlıq naminə həkim ona baxardı”.

Ana hesab edir ki, ictimai təzyiq olarsa, oğlunun məhv edilməsinin qarşısı alınar:

“Vəkili müraciət edib, hüquq müdafiəçiləri, hüquqşünaslar, başqaları həqiqətən də yığışsalar, fiziki baxımdan məhvini dayandıra bilərlər, ən azından, bəzi şeylər cəzaçəkmə müəssisəsində olmaz. Amma… Düzdür, tam rahat deyilik. Evdə bu xəbər mənfi enerji yaratdı. O qədər bizə heç nə deməyib, heç nə bildirməyib ki… Bir tərəfdən başa düşürəm, amma ana kimi sual edirəm ki, niyə bilməmişəm”.

Mehman Qələndərovun ölümündən sarsılan S.Məmmədova onun haqqında eşitmədiyinə görə, özünü də qınayır:

“Mehmanın yeri cənnətlik olsun. O, üç aydır tutulubmuş, səmimi deyim, Mehman haqda bu üç ayda heç nə eşitməmişdim. Bayramın həbsindən sonra hər gün, hər saat xəbərləri izləyirik, necə olub onun haqda heç nə bilməmişik? Özümüzü də günahlandırdıq ki, necə oldu xəbər tutmamışıq, bəlkə də nəsə yazılıb oxumamışıq, necə olub gözümüzdən yayınıb? Üstəlik də, uşaqlarla bağlı aksiya keçiribmiş. Bu haqda dəfələrlə danışdıq, hələ də danışırıq. Çox pis olduq. O ki qaldı Bayrama… Düzünü deyim ki, düşünmədim. O qorxunu ağlımın ucundan da keçirməmişəm. Düşünmək də istəmərəm…. Mehman üçünsə çox pis olduq. Çox üzüldük. Xüsusən də ona görə ki, yaxınları, bacıları ondan üz döndəribmiş. Bəlkə də üz döndərməsələr, hər şey başqa cür olardı..? Ailə köməyi mütləq lazımdır”.

“Bəs Bayrama görə, qohumlarınızdan sizdən üz döndərən oldu” – sualına C.Məmmədova belə cavab verib:

“Yox! Əksinə, nəinki bir, hətta iki addım yaxınlaşdılar. Bayramla bağlı son xəbərləri oxuyanlar səhər saat 8-dən zəng etməyə başladılar, əmisi xaricdə yaşayır, səhərə kimi yatmamışdı ki, Bayrama nə olub. Bizdən üz döndərən olmayıb. Daha da yaxınlaşıblar, Bayramın olmadığı vaxtda bizi ovutmağa çalışırlar”.



Penitensiar Xidmətin cavabı

AzadlıqRadiosu vəkilin və ananın söylədiklərinə Penitensiar Xidmətdən mövqe öyrənməyə çalışıb. Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən əvvəlcə şöbə müdiri Mehman Sadıqovla danışmaq üçün 40 dəqiqə sonra danışmağı məsləhət görsələr də, daha sonra onun ezamiyyətdə olduğunu bildiriblər. Amma bununla bağlı yazılı müraciət göndərilərsə, araşdırılaraq cavab veriləcəyini də deyiblər. «Vəkil çox şey deyə bilər, məsələ araşdırılmalıdır, aidiyyəti xidmət sahəsi də bizə məlumat verməlidir ki, biz də sizə cavab verə bilək», – deyə şöbədən bildirilib.


Xatırlatma

B.Məmmədov ilə Qiyas İbrahimli ötən il mayın 10-da saxlanıblar. Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, B.Məmmədovdan 2.904 qram, evinə baxış zamanı əlavə olaraq 1 kiloqram 150 qram heroin aşkar edilib. Onunla birlikdə saxlanan Q.İbrahimlidən də 2.607 qram, yaşadığı mənzilə baxış zamanı isə əlavə olaraq 1 kiloqram 10 qram heroin tapıldığı iddia edilir.

Ancaq gənclər məhkəmədə ittihamları qəbul etməyiblər. Keçmiş prezident Heydər Əliyevin abidəsinə «Qul bayramınız mübarək!» şüarı yazılmasına görə həbs edildiklərini bəyan ediblər. Məhkəmənin qərarı ilə onlara 10 il həbs cəzası verilib.

Ana səhifəXəbərlər”Hər dəqiqə o qorxuyla oturub-dururam”