Həmməruzəçilər Bakıdadır, bloklanan saytlara VPN-siz giriş var

Foto: Meydan TV

Nazirlik isə məhdudiyyəti götürmədiyini deyir

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycanda monitorinq üzrə həmməruzəçiləri Yan Liddel-Qreynqerin (Böyük Britaniya) və Liz Kristoffersenin (Norveç) Bakıda olduqları iki gündə “Azadlıq” radiosu, Meydan TV və “Azadlıq” qəzetinin (“azadliq.org”) saytına VPN-siz giriş imkanı yaranıb.

İyunun 6-da və bu gün də adıçəkilən media resurslarına hər hansı problem yaranmadan daxil olmaq mümkündür.

Əvvəllər də oxşar hallar müşahidə olunmuşdu.

ATƏT və ya başqa beynəlxalq təşkilatın rəsmiləri Bakıya gələndə həmin media resurslarına qoyulan blok müvəqqəti götürülürdü.

Dünən həmməruzəçilərlə görüşən media eksperti Ələsgər Məmmədli düşünmür ki, saytlara qoyulan qadağanın götürülməsi həmməruzəçilərin səfəri ilə bağlıdır:

Ələsgər Məmmədli. Foto: Meydan TV

Çünki ortada məhkəmə qərarı olmasaydı, nəyisə gizlətmək üçün dediyiniz amil düşünülə bilərdi. Ancaq həmin saytlar məhkəmə qərarı ilə bloklanıb və Avropa Məhkəməsinə də şikayət olunub. İndiki halda yeni məhkəmə qərarı da yoxdur. Həmçinin Azərbaycana gələnlər də məhkəmə qərarında xəbərdardırlar”.

Ələsgər Məmmədli deyir ki, həmməruzəçilər ölkədəki situasiyadan məlumatlı olduqlarından imitasiya ilə nəyisə dəyişmək olmaz.

Hüquqşünasın sözlərinə görə, saytlara giriş bütün provayderlərdə mümkün deyil:

“Mənim abunə olduğum “Citynet”də VPN-siz həmin saytlara daxil olmaq mümkünsüzdür”.

Həmməruzəçilərlə görüşən “Abzas.net” saytının rəhbəri Ülvi Həsənli isə əksinə düşünür.

O deyir ki, həmməruzəçilərin səfəri ilə saytların açılmasının birbaşa əlaqə var.

Ü.Həsənli diplomatlara saytların bloklanması barədə məlumat verildiyini bildirib.

Ülvi Həsənli
Foto: Ülvi Həsənlinin şəxsi arxivindən

Meydan TV Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxlayıb.

Xidmətin rəhbəri Ləman Hüseynzadə bildirib ki, Meydan TV və “Azadlıq” Radiosuna tətbiq olunan məhdudiyyət qüvvədədir:

Çünki bu barədə məhkəmə qərarı olduğundan məhdudiyyət götürülməyib”.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi. Foto: Trend.az

İki gündür ki, Azərbaycanda səfərdə olan həmməruzəçilər Yan Liddel-Qreynqer və Liz Kristoffersen əldə etdikləri məlumatlardan Bakının Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməsini qiymətləndirən hesabatın hazırlanmasında istifadə edəcəklərini bildiriblər. 

Həmməruzəçilər Bakıda. Foto: “Turan”
Ana səhifəSiyasətHəmməruzəçilər Bakıdadır, bloklanan saytlara VPN-siz giriş var