Müstəqil Azərbaycanda həyat sovet Azərbaycanındakı həyata çox oxşayır. O qədər oxşayır ki, istəyirəm deyim: heç nə dəyişməyib!
Alırdın sovet qəzetlərini, birinci səhifədə xoşbəxt insanların sevincdən alışıb-yanan gözlərini, gülüşdən qulağa çatan ağızlarını, həmrəylik və mehribanlıq əlaməti olaraq qucaqlaşmalarını görürdün. Görürdün və bilirdin ki, “Gözəldir bizdə həyat.” Və ya, ən azı, “Ey həyat, sən nə qəribəsən!”
Necə? Çox sadə. Əfv fərmanı ilə 14 siyasi məhbus azadlığa çıxıb. Hamı sevinir! Ailə üzvləri, dost-tanış, hüquq müdafiəçiləri, müxalifət partiyalarının liderləri, jurnalistlər, yazıçılar, intelligentlər, qoçular, studentlər, baqqallar və hətta bir abbasısını almış hambal…
Bəli, sovet insanları cox sevinirdilər. Daima və aramsız. Nəyə? Fotomüxbirlər nəyin sevincini çəkib oxuculara göstərirdilər?
Neftçilər planı vaxtından iki gün əvvəl yerinə yetirib Vətənə qələbə raportu verdiklərinə sevinirdilər.
Kolxozçular hər hektardan 12 sentner buğda (pambıq, çəltik, tütün, pomidor, xiyar, badımcan, kələm, barama və s.) yığıb respublikanın üzünü ağ etdiklərinə sevinirdilər .
Tələbələr yay və qış sessiyalarında bütün imtahanları uğurla verdiklərinə sevinirdilər.
Təzə mənzil orderini almış sovet vətəndaşları öz ev şəraitlərini yaxşılaşdırdıqlarına sevinirdilər.
Kim bu sevinci bizim vətəndaşlara verirdi? Əlbəttə ki, dünyada ən ədalətli sovet quruluşu!
İndi də müstəqil Azərbaycanın qəzetlərinə baxaq. Birinci səhifələrdə üzündən xoşbəxtlik və sevinc yağan insanların sifəti diqqəti cəlb edir. Ənənəvi sevinc yağan gözlər, qulaqlara qədər dartılmış ağızlar, quc-quclar və maç-maçlar!
Kim bu insanları xoşbəxt edib? Bizim müstəqil Azərbaycanımızın milli hökuməti!
Necə? Çox sadə. Əfv fərmanı ilə 14 siyasi məhbus azadlığa çıxıb. Hamı sevinir! Ailə üzvləri, dost-tanış, hüquq müdafiəçiləri, müxalifət partiyalarının liderləri, jurnalistlər, yazıçılar, intelligentlər, qoçular, studentlər, baqqallar və hətta bir abbasısını almış hambal…
Necə də zəlil bir ölkədə, necə də rəzil bir quruluşda yaşayırıq! Millət gör nəyə sevinir! Burada deyirlər ki, yetimin pulunu və papağını alırlar, çox zırıldayanda cırıq papağını qaytarırlar, sevinir…
Maşallah, daha heç kəs tapdanmış hüquqlara, satılmış torpağa, xaraba qalmış iqtisadiyyata, pozulmuş mənəviyyata ağı demir, qəzəblənmir, haqqını tələb etmir. Saltıkov-Şedrin demişkən, “alçaqlığa uyğunlaşıb zindəganlıq edir…”
Belə də olmalıydı. Yuxarıda həmin adamlar, quruluş həmin-həmin, xalq da dəyişməyib həmin qalıb. Həyat həmindirsə, onun şəkilləri də həmin olacaq. Fotomüxbirlər heç nə özlərindən icad etmirlər. Görünəni çəkirlər.
Yazı müəllifin şəxsi mövqeyini əks etdirir…