HƏMAS liderinin İranda öldürüldüyü bildirilir

Foto: Reuters

Sami Əbu Zuhri: “Haniyənin sui-qəsdi HƏMAS-ın iradəsini qırmaq məqsədi daşıyır, ciddi bir eskalasiyadır”

HƏMAS lideri İsmayıl Haniyənin İranda səhər saatlarında öldürüldüyü xəbəri yayılıb.

HƏMAS bildirib ki, İsrailin Qəzzadakı müharibəsi və Livanda daha da pisləşən münaqişə ilə sarsılan bölgədə daha geniş eskalasiya qorxusu var.

HƏMAS-ın yüksək rütbəli rəsmisi Sami Əbu Zuhri “Reuters”ə deyib  ki, “Haniyənin sui-qəsdi HƏMAS-ın iradəsini qırmaq məqsədi daşıyır, ciddi bir eskalasiyadır”.

O, Qəzzanı idarə edən, Fələstin islamçı qruplaşması olan HƏMAS-ın getdiyi yolu davam etdirəcəyini bildirib və əlavə edib:

“Biz qələbəyə əminik”.

Fələstin Prezidenti Mahmud Abbas işğal altındakı İordan çayının Qərb sahilində Haniyə və fələstinli qruplaşmaların öldürülməsini pisləyib, ümumi tətil və kütləvi nümayişlərə çağırıb.

İran İnqilabı Keşikçiləri Haniyənin ölkənin yeni Prezidentinin andiçmə mərasiminə qatıldıqdan bir neçə saat sonra öldüyünü təsdiqləyərək, araşdırma apardıqlarını bildirib.

İsraildən dərhal şərh gəlməyib. Ölkənin hərbçiləri vəziyyətin qiymətləndirilməsini apardıqlarını, lakin mülki şəxslər üçün heç bir yeni təhlükəsizlik təlimatı verilmədiyini bildiriblər.

ABŞ-nin müdafiə naziri Lloyd Austin Vaşinqtonun gərginliyi azaltmağa çalışacağını, lakin ABŞ-nin İsrailə hücum ediləcəyi təqdirdə onu müdafiə etməyə kömək edəcəyini söyləyib.

İsrailin hava hücumu nəticəsində üç oğlunu itirən Haniyə, adətən Qətərdə yerləşən Fələstin qrupunun beynəlxalq diplomatiyasının siması olub.

Beynəlxalq Cinayət Məhkəməsi Prokurorluğu Haniyənin hərbi cinayətlərdə ittiham olunaraq həbsinə order verilməsini istəyib. Oxşar tələb İsrailin Baş naziri Binyamin Netanyahuya qarşı da sürülüb.

Haniyənin öldürülməsi İsrailin Qəzzada keçirdiyi kampaniyanın 10-cu ayının sonuna yaxınlaşdığı bir vaxtda baş verib. Yaxın Şərqi sarsıdan və daha geniş regional münaqişəyə çevrilmək təhlükəsi yaradan münaqişənin sona çatmasını göstərən əlamət yoxdur.

Hələ də Qəzzada saxlanılan israilli girovların ailələrinin Netanyau hökumətinə qəzəbinə və atəşkəs üçün beynəlxalq təzyiqlərin artmasına baxmayaraq, Misir və Qətərin vasitəçiliyi ilə aparılan danışıqların nəticəsiz qaldığı görünür.

Müharibə oktyabrın 7-də HƏMAS-ın başçılıq etdiyi döyüşçülərin Qəzza ətrafındakı təhlükəsizlik sədlərini aşması və yaxınlıqdakı İsrail icmalarına dağıdıcı hücumu nəticəsində 1200 nəfərin ölümü və 250-yə yaxın girovu Qəzzaya aparması ilə başlayıb.

Buna cavab olaraq, İsrail sıx məskunlaşan sahil anklavında qurudan və havadan hücuma keçib. Nəticədə 39 mindən çox insan həlak olub və 2 milyondan çox insan ağır humanitar böhranla üzləşib.

Ana səhifəDünyaHƏMAS liderinin İranda öldürüldüyü bildirilir