Həlak olmuş hərbçilərin doğmaları Paşinyanın oğlunu oğurlamaqda şübhəli bilinib 

Nikol Paşinyan. Foto: Meydan TV

Aşot Paşinyanın şikayəti əsasında cinayət işi açılıb

“Kavkazski uzel”in materialı

Ermənistanın istintaq orqanları ölkənin baş nazirinin oğlu Aşot Paşinyanın oğurlanmasına cəhd barədə cinayət işi açıb. Polis bununla bağlı “Oğulların harayı”ndan olan vətəndaşları – həlak olmuş erməni hərbçilərin valideynlərini saxlayıb.  

“Kavkazski uzel”in yazdığına görə, aprelin 2-si parlamentin spikeri Alen Simonyan Ermənistanın Baş nazirinin oğlu Aşot Paşinyana hücum barədə xəbər verib, lakin iki gündən sonra oğlan bu məlumatı təkzib edib. Simonyan sonradan Aşot Paşinyanın ona heç bir hücum edilmədiyi barədə söylədiklərinə şərh verməkdən boyun qaçırıb.  

Aşot Paşinyanın oğurlanması cəhdi barədə xəbərini mayın 17-si Ermənistan polisi yayıb. Xəbərdə hadisənin təfərrüatları verilməyib – sadəcə olayın Paşinyanın evinin yaxınlığında baş verdiyi deyilib.

Aşot Paşinyan. Foto: news.am

Eyni zamanda Nikol Paşinaynın ailəsinə aid “Aykakan Jamanak” (Erməni zamanı) qəzeti “Oğulların harayı” ictimai təşkilatının üzvlərinin baş nazirin oğunu oğurlamağa cəhd etdiyini yazıb. Bu təşkilatı həlak olmuş erməni hərbçilərin valideynləri yaradıb.

Məqaləyə əsasən, təşkilat üzvləri “Aşotu öz maşınlarına otuzdurmağa məcbur edib”, oğlan özünü avtomobildən atanda isə “onu elə həmin təşkilatın digər maşını vurub”. Nəticədə Aşot Paşinyan ayağını zədələyib, ehtimal olunan oğrularsa hadisə yerini tərk edib.       

Elə həmin  yazıda “Oğulların harayı” təşkilatının üzvü Qarik Qaleyanın adı çəkilir. Onun oğlu Mxitar 44 günlük müharibədə həlak olub. Qəzet Qaleyanı dəfələrlə təkralanan “hövsələsiz davranış”da günahlandırır.

Qarik Qaleyan baş nazirin oğlunu oğurlamaq cəhdi barədə ittihamı rədd edib. Qaleyanın dediyinə görə, həlak olmuş hərbçilərin valideynləri inzibati məhkəmədən çıxarkən Aşot Paşinyanı görüblər. Həlak olmuş əsgər Jora Martirosyanın anası Qayane Martirosyan Aşota yaxınlaşıb, ona maşına oturmağı və “Erablur” hərbi qəbiristanlığına getməyi təklif edib: “Oğulların harayı” təşkilatının üzvləri Paşinyanın oğluna “valideynlərinin nə etdiyini” göstərəcəklərinə söz veriblər.  

“Heç bir zorakılıq olmayıb, Aşot sakitcə qapını açıb və oturub. Mən Aşota barmağımı belə vurmamışam, hətta onunla heç danışmamışam”, – “News.am” Qaleyandan sitat gətirir.

Qaleyanın dediyinə görə, o, Qayane Martirosyanla birlikdə baş nazirin oğlunun mindiyi maşında olub. Maşın hərəkətə düşən vaxt Paşinyan qapını açıb özünü bayıra atıb. Üstəlik Qaleyan deyir ki, o bu zaman ayağını zədələməyib.

“Onun təkərin altına düşməməsi üçün maşını zorla kənara çəkə bildim. Bundan sonra Aşot hadisə yerindən qaçdı, biz heç onun hara qaçdığını görmədik. Hər yerə kameralar yerləşdirilib, həqiqətdə nə baş verdiyini izləmək üçün kadrlara baxa bilərlər”, – Qaleyan qeyd edib.    

Vəkil Ruben Melikyan “Kavkazski uzel”ə deyib ki, baş verən hadisədən sonra həlak olmuş hərbçilərin  valideynlərini Yerevanın Şemqavitsk inzibati rayon polis məntəqəsinə gətiriblər. Paşinyanın oğlunun oğurlanması cəhdi ehtimalı ilə bağlı polis məntəqəsinə Qarik Qaleyan, Qayane Martirosyan, Vigen Azatyan və Vaid Saakyan gətirlib.  

Ermənistanın İstintaq Komitəsi adam oğurluğuna cəhd maddəsi ilə (Ermənistan CM-nin 191-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndi) cinayət işinin açılması barədə xəbər verib. Bu maddə 8 ildən 12 ilədək həbs cəzasını nəzərdə tutur. Qurumun xəbərində qeyd edilir ki, oğurlanma cəhdi barədə polisə Aşot Paşinyan özü şikayət edib.

Ana səhifəXəbərlərHəlak olmuş hərbçilərin doğmaları Paşinyanın oğlunu oğurlamaqda şübhəli bilinib