Prezident həlak olanların ailə üzvləri ilə danışıb
Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı həlak olan general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev iyulun 15-də səhər saatlarında dəfn olunublar.
İkinci Fəxri Xiyabanda baş tutan vida mərasimində Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov, Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdir müavini general-leytenant Yaşar Əliyev və digər şəxslər iştirak edib.
Prezidentin mətbuat xidmətinin məlumatına görə, İlham Əliyev Polad Həşimovun anası Səmayə xanım və polkovnik İlqar Mirzəyevin oğlu Elvinlə telefonla danışıb.
Dövlət başçısı yüksək rütbəli zabitlərin ailə üzvlərinə dərin hüznlə başsağlığı verib:
“Prezident İlham Əliyev qeyd edib ki, Vətən uğrunda həlak olmuş hərbi qulluqçularımızın qəhrəmanlığı heç vaxt unudulmayacaq, onların qisası alınıb və alınacaq, qanları yerdə qalmayacaq”.
İyulun 12-dən Azərbaycanın Ermənistanla dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəs pozulub, döyüşlər gedir.
Döyüşlər nəticəsində Azərbaycanın 11 hərbçisi, o cümlədən general-mayor Polad Həşimov həlak olub. Azərbaycanın Müdafiə Nazirliyi Ermənistan ordusunun 100-dən çox canlı qüvvə itirdiyini deyib və qeyd edib ki, Ermənistan tərəfi itkilərin sayını gizlədir. İyulun 14-də Ermənistan Müdafiə Nazirliyi 4 hərbçisinin öldürüldüyünü təsdiq edib.
General Polad Həşimov 1975-ci ildə Sumqayıtda doğulub. O, əslən Qəbələnin Vəndam kəndindəndir. Polad Həşimov Heydər Əliyev adına hərbi məktəbdə təhsil alıb, sonra təhsilini Türkiyədə hərbi akademiyada davam etdirib. Polad Həşimov prezident Heydər Əliyev tərəfindən “Hərbi xidmətə görə” medalıyla mükafatlandırılıb. O, 2009-cu ildə podpolkovnik rütbəsi alıb. 2014-cü ildə “Vətənə xidmətə görə” III dərəcəli ordenini alıb.
P.Həşimov Murov və Daşkəsən kimi bir neçə döyüş bölgəsində xidmət edib.
O, 2016-cı ildə aprel döyüşlərində iştirak edib və xəsarət alıb.
2019-cu ilin 24 iyun tarixində Prezidentin sərəncamıyla Polad Həşimova general-mayor rütbəsi verilib. Onun 3 övladı var, iki oğlu, bir qızı.