”Həkimə gələn bilsin də, cibinə pul qoymalıdır”

Milli Onkologiya Mərkəzindən reportaj

Source:
Milli Onkologiya Mərkəzi
Milli Onkologiya Mərkəzi
Milli Onkologiya Mərkəzi
Milli Onkologiya Mərkəzi

“…O gün baş həkim Azad doktor ANS-də çıxış edirdi, deyirdi, xəstəxana pulsuzdur. Bir efir bağlantısı da yaratmırlar ki, adam zəng edib desin: “niyə yalan danışırsan?” Bir süd vəzinin mamoqrafiyası 20 manatdır. İki süd vəzinə görə 40 manat ödəməlisən. Allahsızlar adamı soyub buraxırlar…”

Qadının bizə yaxınlaşması ilə deyinməsi bir oldu.  Əlində xeyli kağız-kuğuz vardı. Üzərindəki nəzərlərə əhəmiyyət vermədən soruşdu: “Sonuncu kimdi?” Təxminən 55 yaşlarında bir qadın “mənəm, 36-cı adam” – dedi. Deyinən qadın divara söykənib gözünü 315-ci otağın qapısına dikdi.

Sırada 24-cü adam idim. Saat 14.10-nu göstərirdi. Düz 4 saat idi ki, bu qapının ağzında dayanmışdım…


“Hara tərpənirsən, pul istəyirlər”

Bura Milli Onkologiya Mərkəzinin Diaqnostika korpusudur. 3-cü mərtəbə. İçəri ancaq qadınlar buraxılır. Uzun, ensiz dəhlizdə o qədər adam olur ki, havasızlıqdan keyləşirsən. Amma gözləməyə məcbursan. İllah da, xəstə yaxınındırsa…

Ən çox xəstə məhz 315-ci otağın qarşısına toplaşıb. Hamı ümidlə onkoginekoloq Könül Mərdanovanın qəbuluna düşməyi gözləyir.

Dəhlizin ortasında qoyulan stolun üstündə kiçik kağızlara həkimlərin adı və sıra nömrəsi yazılıb. Hamı gedib nömrə götürür və gəlib dayanır qapının ağzında.

Düz iki ildir anamın xəstəliyi səbəbindən bura gəlib-gedirəm. Hər dəfə də bir daha gəlməyəcəyimə dair özümə söz verirəm. Yenə də olmur. Adamın özü xəstə olsaydı, nə vardı ki?!

Bura bəlkə də yeganə xəstəxanadır ki, hər kəsin üzündə qorxu, hüzn var. Hər kəs bir ümiddən asılıb gəlir. Amma içəri girəndən çıxana qədər elə münasibət görürsən ki, sanki elə onlar da sənin boş ümiddən asıldığını xatırlatmaq üçün burdadılar.

Milli Onkologiya Mərkəzi
Milli Onkologiya Mərkəzi

Az qala yarım saatdır ki, 18-ci adam içəridədir. Gözləməkdən hövsələsi daralmış qadınlar içəridə ləngiyən xəstənin qarasınca deyinirlər. Qızını yoxlamaya gətirən bir xanımsa Moskvadan gəldiyini deyir: “Qızım orda əməliyyat olundu. Xəstəxanaya girəndə birdəfəlik pul ödəyirsən, vəssalam. Burda hara tərpənirsən puldu. Əlində analizlə gəlirsən, deyirlər, inanmırıq, gedin bizdə verin. Hamısı pul üçündü”.

Başqa bir qadın söhbətə qoşulur: “Təkcə bu gün 20 manat USM-ə, 192 manat da tomoqrafiyaya vermişəm. İndi onların cavabını həkimə göstərmək üçün saatlarla oturmalıyam. Sonra da rayona qayıtmalıyam”.


“Gözləmə, istəmirsənsə, get!”

Nəhayət, 18-ci adam çıxdı. Amma növbəti xəstə içəri keçməyə imkan tapmamış həkimlərdən biri yanında gətirdiyi qadını növbəsiz içəri keçirmək istədi. Aləm qarışdı. Növbə gözləyənlər qapını saxlayıb qadınların içəri keçməsinə mane oldular. Səs-küyü yatırtmaq üçün həkimin özü bayıra çıxdı, səsinin tonunu yüksəldərək, bayaqdan sırasını gözləyən qadına “nə var, niyə çığırırsan? Onu mən çağırmışam!” – dedi. Qadın yazıq görkəm aldı: “Doktor, neçə saatdır gözləyirəm. O da zəhmət çəkib gözləsin də”.

Həkim səsinin tonunu dəyişmədi: “Gözləmə, istəmirsənsə, get. Belədir də, həkimə gəlmisənsə, gözləməlisən!”

Cavab gözləmədən qapını bağladı. 19-cu adam yenə də gözləməli oldu…

Bizdən də əvvəl bura gələn iki qadın vardı. Ana-bala idilər. Qış olmasına baxmayaraq, nazik və nimdaş geyinmişdilər. Ana çox arıq, çəlimsiz idi. Yaşı 80-ni haqlayardı, ya da xəstəlik onu belə göstərirdi. Qızı qoluna girib gəzdirirdi. Qadının o qədər yazıq, miskin görkəmi vardı ki, baxanda adamın ürəyi parçalanırdı. Üzünün sümükləri qabağa çıxmış, gözləri çuxura düşmüşdü. Diqqətlə baxmayan adama elə gəlirdi ki, qadın gözlərini yumub, görmür.

Qızının da əllərində qara dərin çatlar vardı.  Onun da yaşı 50-dən az deyildi. Rayondan gəlmişdilər. Hər tibb bacısı otaqdan çıxanda qadın ona sarı gedir, “qızım, həkim gəlmədi? Axı biz hələ rayona qayıdacağıq”- deyirdi. Tibb bacısı da ya “hələ gəlməyib” deyirdi, ya da başını bulayıb gedirdi.

Qadının dediyinə görə, Könül Mərdanova anasını yoxlamaq üçün başqa korpusun həkimini çağırmışdı. Amma həmin həkim saatlardı gəlmirdi.

Milli Onkologiya Mərkəzi
Milli Onkologiya Mərkəzi


“Günah məndədir ki…”

Nəhayət, 15.55-də növbəmiz çatdı, içəri keçdik. Elə bu vaxt tibb işçilərindən biri otağa girib həkimə “o qadın deyir ki, gedib şikayət edəcəm, bu qədər gözləmək olmaz” – dedi. Könül Mərdanova əsəbləşdi, qadınları otağa çağırtdırdı. Bayaqdan bəri gözləyən ana-bala otağa girdilər.

Həkim əsəbi şəkildə soruşdu:

– Demisiz gedib şikayət edəcəm?

Qadın sakit səs dedi:

– Həkim, neçə saatdır burdayıq. Dünəndən Neftçaladan gəlmişik. Qalmağa yerimiz də yoxdur. Gecə küçədə yatmışıq. Heç olmasa bu gün anamı yoxlasınlar ki, geri qayıdaq. Görün neçə saatdır Arzuman həkimi gözləyirik, gəlmirsə, biz də bilək.

– İndi mən nə etməliyəm? O boyda həkimi məcbur edim ki, gəl yoxla? Demişəm də. Burda belədir, hər kəsin işi var. Heç kimin kefinə görə hərəkət etmirik. Gözləyirsən gözlə, gözləmirsən çıx get. Əslində günah sizdə deyil e, məndədir ki, sizdən ötrü zəng edib kimisə çağırıram. Buyur get, kimə nə şikayət edirsənsə, et!

Qadın bir az da büzüşdü:

– Vallah, həkim, o mənada deməmişik. Yəni deyirik, bizə də baxılsın.

– Get, gözlə. Həkim gələndə yoxlayacaq!

Qadınlar qapıdan çıxdı, amma həkimin ürəyi hələ də soyumamışdı:

– Günah belələrində deyil, bizdədi. Guya mənim çox xoşuma gəlir gözlədim, hər otağa girib-çıxandan sonra da havanı dəyişim?!

Elə deyinə-deyinə də anamı yoxladı, maqnit-rezonans tomoqrafiyası, qanın ümumi analizinin verilməsi üçün göndəriş yazdı. Tövsiyə etdi ki, bunları edəndən sonra təkrar yanına gələk.

Qapıdan çıxırdıq ki, tibb bacısı “hələ dayan” komandası verdi.

– 20 manat ödəməlisiz

– Müayinələr bitməmiş?

– Hə, analizlərin cavabına pulsuz baxacam – həkim özü cavab verdi.

Ödədim, tibb bacısı dəftərdə qeyd etdi, çıxdıq.

Milli Onkologiya Mərkəzi
Milli Onkologiya Mərkəzi



Müxtəlif qiymətlər…

Maqnit-rezonans tomoqrafiyası 1-ci mərtəbədə yerləşir. Ağ şüşə qapısı var. Balaca nəfəslikdən həkimin göndərişini qapının o tayındakı stolun arxasında oturan qadına uzatdım. O da mənə üzərində nömrə yazılmış kiçik vərəq verdi: “17-ci adamsız. Amma ola bilsin tez olsun. Çünki əvvəlki adamların əksəriyyəti növbə tutub, sonra digər müayinələri verməyə gedib”.

Qapının önündəki stullarda 3-4 nəfər oturmuşdu. Keçib əyləşdik. Qapının üzərində yazılmışdı: “Cavablar 2 iş günündən sonra saat 14:00-da hazır olacaq”.

Müayinədən keçənlər pəncərəyə yaxınlaşıb ödəniş edirdilər. Qadın müxtəlif qiymətlər deyirdi. Məsələn, başının tomoqrafiyasını çəkdirən kişidən 193 manat istədi, başqa birindən 130 manat aldı…

İki kişi öz aralarında söhbətləşirdilər. Belə anlaşılırdı ki, burada tomoqrafiyanın cavabını diskə yazdırmaq üçün dayanıblar. Xəstə hər kimdirsə, burada müalicə olunur. Orta yaşlarındakı kişi nisbətən cavanına deyirdi: “Qapıda mənə dedi, xəstələrin yanına girmək olmaz. 10 manatımı alandan sonra buraxılış kağızı verdi. Dedim, noldu, bəs keçmək olmazdı?”

Söhbətə qoşuldum. Pulu hara və niyə ödədikləri ilə maraqlandım. Əli ilə binanın sol tərəfini göstərdi: “Müalicə korpusunda yatır də xəstələr. Heç kimi içəri buraxmırlar guya. Gərək 10 manat ödəyəsən ki, buraxılış vərəqi versinlər. Sözdə guya pulsuz xəstəxanadı”.

Əyləşən qadın da söhbətə qoşuldu:

– Siz çox vermisiz. Mənə dedi, dedim 5 manatım var, olanım budur.

– Yəqin şəhər adamısız deyə güzəşt ediblər. Mən Ağdamdan gəlmişəm. Bilirlər ki, məcburam xəstənin yanında qalım, ona görə belə edirlər.

Nəhayət, növbəmiz çatdı, 92 manat ödəniş etdikdən sonra bildirdilər ki, cavabı almaq üçün sabah gələk.

Milli Onkologiya Mərkəzi
Milli Onkologiya Mərkəzi


“İndi biz nə edək?”

Çox az adam tapılar ki, bir günün içində bu mərkəzdə bütün müayinələrdən keçsin. Yəqin ki, o da hansısa həkimin tanışı, tapşırıqla gələn ola bilər.

Təbii ki, səhərisi gün yenidən qanın ümumi analizini vermək və tomoqrafiyanın nəticəsini öyrənməyə getdik.

Laboratoriya da Diaqnostia Korpusunda, 3-cü mərtəbədə yerləşir. Bura da yalnız qadınlar buraxılır.

Qan analizi verməzdən öncə pulunu ödəməlisən. Qeydiyyat aparan xanım 38 manat istədi. Ödəyib gözlədik. Elə bu vaxt təxminən 30-35 yaşlarında bir qadın yaxınlaşıb qeydiyyat aparan xanıma astadan dedi: “Xanım, dediniz analiz 18 manat edir. Olar 15 manat verim? İmkanım çatmır, neynəyim?!”

Ağxalatlı xanım üz-gözünü turşutdu:

– Bəs mən neynəyim, ay xanım? İndi sizin əvəzinizə 3 manat verməliyəm?

– Xəstəxana pulsuz deyil? Yoxumdur də.

– Yoxundu, gəlmə…

Qadın otaqdan çıxdı. Qeydiyyatçı xanım təəccüblə baxdığımı görüb “həkimə gələn bilsin də, cibinə pul qoymalıdır” – dedi.

Çox keçmədi ki, qadın əlində pul qayıdıb ona uzatdı:

– Allaha and olsun, 40 qəpik yolpulum qaldı

Qadın çiyinlərini çəkdi:

– Biz nə edə bilərik? Mən də işçiyəm, qiymətləri özümdən qoymuram axı…

Analizlərin cavabını təkrar Könül Mərdanovaya oxutdurmaq da təxminən 2 saat vaxt apardı. Yenə də ötəngünkü kimi 315-ci otağın qapısının ağzı qadınlarla dolu idi. Əksəriyyəti də əlləri qoynunda dayannışdı. Əsasən də xəstə yaxınları. Onlara baxdıqca düşünürdüm: Bura gətirdiyimiz əzizlərimiz hər gün ölümə bir az yaxınlaşır, biz isə hər gün ölüb-dirilirik…

P.S. Reportajda “Peşəkar jurnalist fəaliyyətində vətəndaş jurnalistikası”nın “divarda milçək” üsulundan istifadə olunub.

Ana səhifəXəbərlər”Həkimə gələn bilsin də, cibinə pul qoymalıdır”