"Azyaşlılar arasında COVİD-19-a yoluxma əksər hallarda əlamətsiz keçir"
“Uşaqların peyvəndlənməsi ilə bağlı müzakirələr aparılır. Müsbət nəticələr olsa, açıqlanacaq”.
Bunu TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva deyib.
Mütəxəssis qurumun “Facebook” səhifəsi vasitəsilə “TƏBİB məsləhəti” layihəsi çərçivəsində izləyicilərin suallarını cavablandırıb.
Həkim qeyd edib ki, azyaşlılar arasında COVİD-19-a yoluxma əksər hallarda əlamətsiz keçir: “Uşaqların təhlükə mənbəyi olması da bundan ibarətdir. Düzdür, bəzi hallarda xəstəlik hətta uşaqlarda da özünü qızdırma, ürəkbulanma, qusma, eyni zamanda, kəskin respirator virus əlamətləri kimi göstərir. Uşaqlarda letallıq göstəricisi kifayət qədər aşağıdır. Onların əksəriyyəti xəstəlikdən sağalır”.
Azərbaycanda 18 yaşdan yuxarı vətəndaşlara vaksinasiyası nəzərdə tutulub.