”Həkim səhvindən uşağım bədbəxt oldu”


“Bir həkim səhvindən mənim uşağım bədbəxt oldu”- Reyhan Dadaşova deyir.

Xanımın qızı Nihan Hüseynova 2016-cı ilin dekabrında doğuş sancıları ilə Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasına gətirilib. Həkimi Pərvanə Hüseynova uşağı təbii doğuşla qəbul edəcəyini desə də, sonradan qeysəriyyə əməliyyatını seçib. Əməliyyatla Nihan Hüseynovanın Ümid adlı körpəsi dünyaya gəlib. Amma gənc ananın bədənindəki ağrılar körpəsinin sevincini yaşamağa macal verməyib. Nihanın anası Reyhan Dadaşova danışır ki, əməliyyat zamanı qızının bədənində yad cisim qalıb. Bu cisim əməliyyat yarası partlayandan sonra UZİ müayinəsində görünüb.

“Orada Telman həkim bizə dedi ki, əgər Nihanı sağ-salamat istəyirsinizsə, 40 dəqiqə müddətində o əməliyyat olunmalıdır. Nihan əməliyyat olunmasa, onu itirə bilərik. Daha sonra Pərvanə həkimlə öz işinizi görərsiniz. Nihanın həyatı üçün əməliyyata icazə verməlisiniz. Təbii ki, qohum-əqrəba yığışdı, mən də icazə verdim. Düzdür, bu, mümkün olası bir iş deyildi, amma Nihanın həyatı mənim üçün daha önəmli idi. Nihanın bir daha ana olmayacağını mənə söylədilər. Razılaşdım, Nihanı əməliyyata götürdülər. İçəridə nə varsa götürdülər, təmizlədilər”.

İkinci əməliyyatla gənc ananın uşaqlığı götürülüb. Bu da son olmayıb. Bir neçə gün sonra ödündə başlayan ağrılarla Nihan yenidən Respublika Klinik Xəstəxanasına gətirilib. Üçüncü əməliyyatla ananın ödü də götürülüb. Qadının yaraları sağalmadan verdiyi analizdə Hepatit C virusuna yoluxduğu da aşkarlanıb. Reyhan Dadaşova iddia edir ki, hepatit C virusu əməliyyat zamanı qızına vurulan qandan keçib.

“Mahir həkim (red.baş həkimin müavini) məni öz otağına çağırdı. Hətta əyilərək əlimdən öpdü ki, səndən Pərvanə həkimi bağışlamağını istəyirəm. Pərvanə həkimi bağışla, heç yerə şikayət eləmə. Nədən, niyə görə, bilmirəm. Qızlarımın bütün əməliyyatlarının nəyə görə pulsuz olunduğunu bilmirəm. Heç bir dənə də olsun, iynəyə, dərmana pul xərcləmədik. Əgər burada həkim səhvi yox idisə, nədən bunlar belə oldu, bilmirəm”.

Xəstəxana Nihan Hüseynovaya “Döl yatağının infeksiyasının parametrial sahəyə keçməsi, döl zahılık pertameti yaradıb” diaqnozunu qoyub. Valideyn deyir ki, qızı 9 aylıq hamiləliyi müddətində vaxtlı-vaxtında müayinədən keçib və sap-sağlam olub.

Valideyn tələb edir ki, əməliyyatı edən ginekoloq Pərvanə Hüseynova cəzalandırılsın və qızı sağlamlığına qovuşsun. Bunun üçün o, Yasamal rayon Prokurorluğuna da müraciət edib. Prokurorluqdan işlə bağlı danışmaq icazələrinin olmadığını bildirdilər. Ginekoloq Pərvanə Hüseynova isə istintaqa ifadə verdiyinə görə suallarımıza cavab verə bilməyəcəyini deyir.

Nihan Hüseynovanı 9 ay müayinə edən Nəsimi rayonu 3 nömrəli Qadın Məsləhətxanasının həkimi Gülnarə Hüseynova bildirir ki, qadının heç bir problemi olmayıb. Analizlərində Hepatit B, C virusu aşkarlanmayıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Respublika Klinik Xəstəxanasında baş verən hadisə ilə bağlı komissiya yaradılıb və onlar işi araşdırır.

Hər yerdən əlini üzən valideyn isə indi Ümidi (nəvəsi) güldürməyə çalışır.

Ana səhifəVideo”Həkim səhvindən uşağım bədbəxt oldu”