“Hədiyyəlik” sevişənlər

“Əşi, nə bilim, sevişiblər, anamız hamilə qalıb, biz də dünyaya gəlmişik”

Source:

– Valideynləri sevmək borcumuzun olduğuna inam bizi ikiüzlü adama çevirir.

– Valideyn təsirindən çıxmaq mütləqdi. Həyatımızı onların istəklərinə uyğunlaşdırmağa davam etsək, heç vaxt özümüzü tapmayacağıq. Özümüzü tapmalıyıq, tanımalıyıq.

Bu sözləri mən demirəm, “Kişilərin kitabı” adlı mühazirələr toplusunda böyük hind filosofu Oşo deyir. Oşo çox sevdiyim filosof olduğuna görə, onunla razılaşıram. Azərbaycanlıların çox mövzuda səmimiyyətinə inanmadığım kimi, valideyn-övlad münasibətinin də səmimiliyinə inanmıram. Şüurlu, ya şüuraltı – qeyri-səmimidirlər.

Azərbaycanda yeni ailə qurmuş gənclərə ilk sual bu olur: Birşey-mirşey var?

Bu sualın cavabı əslində, “nədi, qoyun bir bisimillah edək də” olmalıykən, utanıb narahatçılıq keçirən, özünə dərd edən adamlar da kifayət qədərdir. Ona görə də, baxırsan ki, ailə qurduqlarının üçüncü ayı tamam olmamış gəlin hamilədir. Yaxınlar sevincəyə düşür. Sözün düzü indi soyuqdəymə, tonus, mikrobdan müalicə almadan ana olmağa hazırlaşmaq, yəni indiki zamanda dava-dərmansız hamilə qalmaq çox sevindirici haldır. “Benzinin aşağı düşdüyü, ucuzluğun tüğyan elədiyi, maaşların yüksək olduğu vaxtda yeni ailə qurmuş gənclərin bir də heç rüşvət söhbəti olmayan həkimlərdə qalmaq, sudan ucuz qiymətə dərmanlar almaqla” get-gələ sərf etdiyi zamanı sevişərlər barı. Amma məni narahat edən, maraqlandıran odur ki, belə min-bir əziyyətlə övlad dünyaya gətirərərkən valideynlər nə düşünür? Ümumiyyətlə nəsə düşünürlərmi? Yoxsa, elə təzə evləniblər, mütləq sevişməlidirlər və bu sevişməkdə həzzdən başqa nə gözləntiləri var? Gözlənti onlarındır, yoxsa qohum-əqraba, qonum-qonşu, nənə-baba olmaq eşqində olan valideynlərininmi?

Bəzən kimdənsə yuxarıdakı məhşur sual soruşulanda, problemli adamın əda dolu “biz hələ uşaq planlamırıq” cavabını eşidirik. Çox nadir olsa da, belə düşünənlər də olur. Amma onlara kinayə ilə, Söylüyə yaraşan tərzdə “ağız, uşağın da planlı, plansızımı olur?” deyə cavab verənlər də olur. Bəli, mən şəxsən düşünürəm ki, övlad dünyaya gətirmək mütləq planlı olmalıdır. Yəni dərk edilərək.

“Mən” yox, “biz” bu uşağı istəyirikmi? Bizim bu uşağa verəcək yetəri qədər sevgimiz varmı? Əsas bunları düşünməkdir. Bizim bu uşağı saxlamaq imkanımız varmı?-sını düşünmək ən sonuncu gərəkçədir. Normal ölkələrdə isə bunu ümumiyyətlə düşünmürlər.

Yəni əsas maddiyyat deyil, mənəvi tərəflərdir. Sözsüz ki, kiçik vaxtlarında öz canınından, qanından olan bir parçanı, necə deyərlər günahsız, saf körpəni sevməmək mümkün deyil. Doğulduqdan sonra onu instinktiv sevəcəksiniz. Əsas olan, siz onu dərk edərək, istəkli olaraq dünyaya gətirmisinizmi?- bax budur. Mən şəxsən “əşi, nə bilim, sevişiblər, anamız hamilə qalıb və təsadüfi dünyaya gəlmişik” kimisindən yox, planlı, istəkli, şüurlu şəkildə, arzuolunan övlad olaraq doğulmaq istərdim. Yox, mən demirəm ki, bətndə tasadüfən mayalanan dölü abort edin. Bu dəqiqə tibb, elm o qədər inkişaf edib ki, abort hətta ən son versiya belə deyil. Yəni əvvəla prezervativ, qoruyucu tabletlər və s. qoruyucu üsullardan istifadə edin. Yox bunlara rəğmən necəsə hamilə qalmısınızsa, ilk üç həftəliyə kimi uşağı aldıra bilərsiniz. Çünki o hələ sadəcə formaya düşmüş, mayalanmış qan laxtasıdır. Amma üç həftə sonra isə döldə artıq ürək yaranıb, atmağa başlayır. Bu vaxt, o üç həftə keçibsə, öz “səhvinizi” sevməyə başlayın. Çünki onun dünyaya gəlib-gəlməmək seçimi yox idi, sizinsə öncədən düşünmə şansınız vardı. Düşünməyin ki, mən nigahdan kənar hamiləliyi nəzərdə tutub, “səhv” deyirəm. Yox. Nigahdan kənar amma sevgi ilə, birgə qərar verərək, istəyərək dünyaya gətirilən körpəyə “səhv”, “günah” deməyin özü bir günah və boşboğazlıqdır. Mən məhz evli insanların, Azərbaycan əhalisinin yarıdan çoxunun şüursuz, düşüncəsiz, təsadüfən dünyaya gətirdikləri uşaqlardan, bizdən danışıram.

Sizə bəsit gələ bilər. Nə dəxli axı, nə böyük problemdir bu?- deyə düşünə də bilərsiniz. Amma unutmayın ki, bəşəriyyətin və insanlığın bütün problemi onun uşaqkən aldığı travmaların məhsuludur. Lap dərinə ensək, bu günün diktatorlarına da acıya bilərik. Çünki təməlləri zədəlidir. Günah onlarda deyil, onların valideynlərindədir desək, onların valideynin də günahı onların nənə-babasına gedib çıxır. Yəni zəncirvari ruhsuzluq və cahillik bu günki insanları diktarora və s. çevirir. Adam var ki, uşaq vaxtı bacı-qardaşı ilə həmin adam arasında edilmiş ayrı-seçkiliyə görə böyük travma alıb və bu gün də o travmanın fəsadları ilə yaşayır, eyni zamanda özünə və ətrafına zərər verir. İnsan psixologiyası çox qəlizdir. Ona görə də sevişib törəyərkən öz məhsulunuzu yetişdirməyə hazır olub-olmadığınızı bir düşünün. Düşünün ki, sevginizi eyni miqdarda iki övladınız arasında bölə biləcəksinizmi? Düşünün ki, övlad sizin eqolarınızı təmin etmək üçün yaşamır, özü yaşamaq üçün dünyaya gəlir.

Ən faciəvisi isə, bilirsiniz, nədir? Övladı olmayan qohum-əqrabasına öz övladını verə bilən valideynlər də var. Burda niyyət nə qədər böyük yaxşılıq edən insan və s. çərçivəsinə salınsa da, bir insanın, verilən övladın faciəsi deməkdir. “Hədiyyəlik” sevişib, dünyaya uşaq gətirən valideyn heç düşünmürmü ki, bu insandır, canlıdır, onu necə kiməsə pay vermək olar axı? Niyyət nə olursa, olsun! Başa düşürəm, hansısa ailənin dağılmasının qarşısını alırlar, amma bir insan, həmin uşaq böyüyəndə günahı kimin üstünə yıxsın ki, nifrətini qusa bilsin? O ömürlük 4 insan arasında qalır. Övladlıq verildiyi və doğma ata-anası. Ona nə qədər yaxşı baxılsa da, bu, insanlığın eqosudur. Ondan gözlənilən gələcək təmənnasıdır.

Niyə uşaqlar evinə atılmış, ana-atası bəlli olmayan bir uşağı oradan xilas etmək varkən, doğmalarınızdan alasınız ki? Niyə o uşağı ayırasınız ki, doğmalarından? Ya kim o valideynə haqq verir ki, hədiyyə verilmək üçün sevişib, insan dünyaya gətirib kiməsə versin? Çətindir, anlamaq olduqca çətindir. Amma mən belə insanlar, valideynlər tanıyıram ki, onlar bu haqda düşünmürlər. Normal vəziyyət kimi yaşayırlar. Çünki onlar zatən cahildirlər, şüurlu şəkildə düşünə, nə etdiklərinin fərqində ola bilmirlər.

Heç siz düşünürsünüzmü ki, bir valideyn öz övladını arzulayaraq, planlı şəkildə, düşünərək dünyaya gətirsin və övladı olmayan bir doğması ona yalvarıb deyə, onun ailəsi dağılmasın deyə öz o istəkli övladını kiməsə hədiyyə edə bilsin? Yox, istəkli doğulan uşağı vermək mümkün deyil.

Gəlin, təsəvvür edək. Siz artıq yetkin gəncsiniz. Öyrənirsiniz ki, özünüzə ata-ana bildikləriniz əsl ata-ananız deyil. Xalanız, xalanız əri, dayınız, əminiz, bibiniz bildiklərinizdən hansısa bir cütü sizin öz, doğma ata-ananızdır. Bəli-bəli (yəqin indi deyirsiniz ki, bu qız deyəsən, filmlərə çox baxıb. Belə vəziyyətin tam ortasında böyümüşəm, çox adi və realdır mənimçün artıq). Hə, özünüzü necə hiss edərdiniz? 20 il boyunca hamı tərəfindən, ana-atanız, bütün ətrafınız, doğma-yadınız, hətta qonşunuz tərəfindən aldadılmış biri kimi? Yoxsa, istənməyib öz qohumuna verilən uşaq kimi? Və ya fədakar valideynlərin kimininsə ailəsi dağılmasın deyə hədiyyə edilən uşaq kimi? Ya hədiyyəlik olduğunu öyrəndikdən sonra necə davranacağını bilməyən, başını itirmiş, ikili həyat yaşamağa sürgün olunmuş, bacı-qardaşından uzaq qalmış, sanki Tanrı hamının problemiminə həll kimi bu qədər yüklə səni yükləyib dünyaya atmış biri kimi? Necə hiss edərdiniz? Qərar verə bilmirsiniz? Bəli, hələ bunları hissi olaraq yaşamadan qərar verməyə nə var ki? Bir də bu sadaladığım sualların hansınısa seçmək iqtidarında deyilsəniz? Bunların hamısına birdən yüklənib altında əzilirsinizsə? Necə bir hissdir yaşamadan kimsə bilə bilməz. Sizə övladlıq verilən tanıdığım bir qızdan danışım. Tale onu hərtərəfli yıxmışdı. Övladlıq verilmişdi. Bunu mən biləndə o qız övladlıq olduğunu bilmirdi. Sonradan artıq öyrənmişdi. Rəfiqəmin qohumuydu. Qohumu deyəndə ki, əmisi qızı. Amma öz, doğma yox, götürülmə əmisi qızı. Rəfiqəmin əmisigil övladları olmadıqları üçün o qızı öz baldızından övladlıq götürmüşdülər. Sözsüz ki, o qıza öz övladları kimi, çox yaxşı baxıb, ərköyün böyütmüşdülər. Sonradan bu qız övladlıq olduğunu öyrənəndə nə etdi, nə hiss keçirdi bilmirəm, soruşmamışam. Amma onu bilirəm ki, bu qızın heç bəxti gətirməmişdi. Öncə doğma anası, ardından doğma atası, sonra qızı götürüb saxlayan, ata bildiyi xalası əri, ardından da xalası, yəni analığı öldü. Bir bacısı vardı, doğma. O da ailə qurmuşdu. Bircə soruşmuşdum ki, doğma ana-atanın qəbrini ziyarət edirsənmi? O deyirdi ki, bilirsən gerçəkdən də mən onları ata-ana bilmirəm, xalam, xalam əridir onlar mənim üçün. Mənim anam da, atam da bu yaşıma kimi məni saxlayanlardır. 25 yaşından sonra tək-tənha bu ölülərdən qalma evində yaşayırdı. Ali təhsilli idi. İşləyib, özünü dolandırırdı.

Bu yaxınlarda rəfiqəmdən o qızın necə olduğunu soruşdum.

Deyim ki, rəfiqəmin bir qardaşı vardı. Hamımızdan böyük idi. Elə o övladlıq verilən qız da, rəfiqəm də məndən xeyli böyükdürlər. Nəsə ki, rəfiqəmin qardaşı evlənmək ərəfəsində rəfiqəmin atası, yəni övladlıq qızın “əmisi” yoldaşına deyir ki, bəs o qızı alaq oğlumuza. Rəfiqəm deyir, anam mənə dedi ki; “heç vaxt üstündə düz-əməlli ata-ana nəzarəti olmayıb, yox, o qız bir az çox oğlanlarla danışır filan, istəmirəm onu gəlin gətirək”.

Qız pozğun və əxlaqsız zad deyildi. Sadəcə müasir, normal bir qız idi. İndiki zamanda oğlanla danışmayan qızmı var? Bu sualın özü gülməli bir mövzudur, nə isə.

O zamanlar övladlıq verilən qızın da rəfiqəmin qardaşına meyli varmış. Rəfiqəmin anasının soyuq münasibətini qız duyuq düşür. Zaman keçir, bir il sonra rəfiqəmin qardaşı anasının yox, məhz öz inadı sayəsində öz istədiyi bir xanımla evlənir. Və gəlinlə qaynana heç yollaşmırlar. İlk aylardan başlayan dava-qırğın, sonda ayrı evə çıxsalar da gənclər ayrılmalı olurlar. Rəfiqəm ailə qurduqdan sonra “əmisi qızı” artıq onlara gəlib-getmir. Rəfiqəmin anası oğluna yenidən qız axtarmağa başlayır və ağlına gələn övladlıq qaynı qızı olur. Rəfiqəm deyir ki; “qızla yenə zəngləşdik, evlərinə gəlib-getməyə başladıq və bir gün söhbəti açıb dedik ki; “Ülviyyə (ad şərtidir), bəs biz bura gəlmişik ki, səni Turana alaq, razısanmı?”

Qızın yaşı artıq irəliləmişdi, ata-ana da yox.  Rəfiqəm deyir, Ülviyyə qayıdıb üzümə elə bir nəzərlə baxdı və ikicə kəlmə sual verdi:

– İndi niyə?

Ana səhifəMənim Fikrimcə“Hədiyyəlik” sevişənlər