Hədəfdə şadlıq evləridir

Aslan İsmayılov: “Şadlıq evləri ölkədə o qədər çoxdur və o qədər çox gəlir əldə edirlər ki, onu elə asan əldən verməyəcəklər”

Source:


Aslan İsmayılov: “Şadlıq evləri ölkədə o qədər çoxdur və o qədər çox gəlir əldə edirlər ki, onu elə asan əldən verməyəcəklər”

Yerli hakimiyyət nümayəndələrinin  yas mərasimlərində israfçılıqla mübarizəyə başlamasının ardından, toylarda da eyni  qadağalar tətbiq olunacağı haqda xəbər yayılıb.  Axar.az-ın  əldə etdiyi məlumata görə, şadıq saraylarına mühüm təlimat verilib. Xəbərə görə, sentyabrın 15-dən etibarən şadlıq evlərində keçirilən toy mərasimlərində israfçılığın qarşısını almaqla bağlı tədbirlərə start veriləcək. Belə ki, süfrəyə qoyulan nemətlərin çeşidi azaldılacaq, qiymətlər isə ucuzlaşacaq. Restoranlara tapşırıq verilib ki, menyu 15-25 manat civarında olmalıdır. Məlumatda bildirilir ki, bu qaydaya əməl etməyən restoranları ağır cəzalar gözləyir. Onlara tövsiyəyə əməl olunmasa, 4-5 min manat cərimə olunacağı xəbərdarlığı edilib.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) isə  şadlıq evlərində israfçılığın qarşısının alınması üçün toy sahibləri ilə sahibkar arasında müqavilə bağlanması təklif ilə çıxış edib. Bu barədə  SMPDK-nın  texniki tənzimləmə və standartlaşdırma üzrə dövlət nəzarət xidmətinin şöbə rəisi Mənsim Babayev APA TV-yə  məlumat verib. Son zamanlar qiymət və yemək çeşidlərinin həddən çox şişirdildiyini deyən komitə rəsmisi bildirib ki, israfçılığın və bəzi qanunsuz hərəkətlərin qarşısını almaq üçün belə bir müqaviləyə ehtiyac yaranıb: ” Bilirsiniz ki, hər bir şadlıq evində sifarişlər toy sahibi ilə sahibkar arasında olan razılıqla baş tutur. Amma bu razılıq rəsmi şəkildə olmur. Ona görə də biz şadlıq evi rəhbərliyinə yemək çeşidi və standart menyu qiymətinin toy ərəfəsi bir qədər də bahalaşması kimi iradlar tutanda çox vaxt bu cavabı verirlər: “Toy sahibi belə istəyir”… Bu səpkili bəhanələrinin son zamanlar həddən çox artması müşahidə olunur. Hesab edirik ki, müqavilələrin bağlanması standartda öz əksini taparsa, bu məcburi tələb olarsa və bu müqavilənin şərtləri pozularsa, sahibkarı məsuliyyətə cəlb etmək olar”.

Şadlıq evlərində aparılan yoxlamalarla bağlı son 7 ayın statistikası barədə məlumat verən Mənsim Babayev bildirib ki, bu müddət ərzində ümumilikdə 75 restoranda yoxlamalar aparılıb ki, onlarında 36-da standart şərtlərinin pozulduğu qeydə alınıb: “Əsas problemlər – salatlar, mənşəyi məlum olmayan konservəşdirilmiş məhsullardan istifadə olunmasıdır. Hətta elə restoranlar var ki, 5-6 cür salatın hazırlanmasına qadağa qoymuşuq. Amma xeyri yoxdur, sabah başqa bir adla həmin salatı süfrələrə verirlər. Elə salatlar var ki, müddəti cəmi altı saatdır. Restoranlarda isə bunu səhərlər hazırlayıb, axşama kimi saxlayırlar. Ümumiyyətlə, mayonez tərkibli salatların saxlama rejiminə və müddətinə əməl edilmir. Bundan əlavə, şadlıq evlərinin demək olar ki, əksəriyyətində peşəkar təcrübəyə malik insanlar yoxdur”.

Məsələ ilə bağlı Meydan Tv-yə açıqlama verən  hüquqşünas Aslan İsmayılov qanun layihəsi hazırlanıb, təsdiqlənmədiyi halda, hansısa şadlıq evinin cərimələnməsinin mümkünsüz olduğunu bildirib: “Mən birinci inanmıram ki, bunu edə bilsinlər. Çünki bu  şadlıq evləri ölkədə o qədər çoxdur və onlar o şadlıq evlərindən o qədər çox gəlir əldə edirlər ki, onu elə asan əldən verməyəcəklər. İkincisi, qanun layihəsinin hazırlanması bir az uzun çəkən məsələdir.  Və qanun təsdiqlənmədən heç kim cərimə yığa bilməz.  Mən onun tərəfdarıyam ki,  bu, qanuni şəkildə tənzimlənsin.  Toylarda verilən yeməklərin heç 10 faizi yeyilmir. Bu sahədə nə etsələr, mən bu addımı dəstəkləyəcəm. Hesab edirəm ki, cəmiyyət də bunu dəstəkləməlidir. Ona görə ki, bu toy məsələsində bütün problemlər məhz, toyxanalarla başlayır. Tərəflər bir-biri ilə bəhsə girirlər.  Beləcə, deyək ki, bəy-gəlinə ev almaq əvəzinə, evin pulunu toya tökürlər. Burada da qazanan şadlıq evlərinin sahibləri olur”.

 “Planet”, “Neolit” restoranlarından Meydan Tv-yə bildiriblər ki, onlara məlum qadağalarla bağlı heç bir göstəriş verilməyib. “Flaminqo” restoranının əməkdaşının sözlərinə görə isə o, rəhbərliyə bu haqda hər hansısa bir xəbərdarlıq edilib-edilmədiyindən xəbərsizdir.

Ana səhifəXəbərlərHədəfdə şadlıq evləridir