“Heç kim “bağlı qapı” arxasında qalmamalıdır”

“Dərhal işçi qrup yaradılmalı və konsepsiyadakı müddəlara uyğun dövlət proqramının layihəsi hazırlanmalıdır”

Source:


“Dərhal işçi qrup yaradılmalı və konsepsiyadakı müddəlara uyğun dövlət proqramının layihəsi hazırlanmalıdır”

4 Aprel İnternet Günüdür. Aprelin 2-də isə dövlət başçısı informasiya cəmiyyətinin inkişafına dair milli strategiyanı təsdiq edib. 2014-cü ildən 2020-ci ilədək olan dövrü əhatə edən milli strategiyanı Rabitə və Yüksək Texnologiyalar Nazirliyi həyata keçirəcək. Nazirlər Kabinetinə isə milli strategiyanın həyata keçirilməsi üzrə 2014-2017-ci illər üçün dövlət proqramının layihəsini 4 ay müddətində hazırlamaq tapşırılıb.

Sərəncamı və Azərbaycanda informasiya cəmiyyətinin inkişaf durumunu Meydan TV-yə şərh edən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz dedi ki, prezidentin sərəncamı informasiya cəmiyyətinin formalaşmasını sürətləndirəcək. O, bu sənədin növbəti hədəfi müəyyən etdiyini bildirdi: “Konsepsiyada elektron hökumət mərhələsi, internet xidmətinin inkişafı, insan hüquqlarının qorunması, vətəndaşların informasiya texnologiyaları baxımından hansı hədəflərə çatması göstərilir. Bu kontekstdən yanaşsaq, nəhəng mühitin yaradılması nəzərdə tutulub. Sadaladığım mərhələlərin hamısında problemlər var. Məsələn, elektron hökumət sahəsində xidmətlərin cəmi 20-30 faizi elektrona çevrilib, qalan xidməti almaq üçün gərək hökumətin ofisinə gedəsən. O cümlədən, Azərbaycanda internetin qiyməti baha və keyfiyyətsizdir. Bax, bu problemlər aradan qaldırılmalıdır”.

Osman Gündüz hesab edir ki, informasiya cəmiyyətinin inkişafı konsepsiyasında həyata keçiriləcək tədbirlər, atılacaq addımlar konkret göstərilməyib: “Bəli, hədəflər, prinsiplər göstərilib, məqsəd qeyd olunub, amma konkret hansı tədbirlər olacaq, bu, artıq dövlət proqramında qeyd edilməlidir. Ona görə prezidentin sərəncamında dövlət proqramının yaradılması Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə tapşırılıb. Əgər göstərilənlər reallaşacaqsa, alqışlanmalıdır. Amma bütün bunlar dövlət proqramından asılı olacaq”.

Forum prezidenti Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əlaqəli qurumları bir yerə toplamağı vacib hesab edir. Söhbət dövlət qurumlarından, vətəndaş cəmiyyətindən və özəl sektordan gedir: “Yəni, bu qurumlar “bağlı qapı” arxasında qalmalı deyil. Məncə, dərhal işçi qrup yaradılmalı və konsepsiyadakı müddəlara uyğun dövlət proqramının layihəsi hazırlanmalıdır. Bundan sonra konkret danışmaq olar”.

Ana səhifəXəbərlər“Heç kim “bağlı qapı” arxasında qalmamalıdır”