Xalid Bağırov: “Son illərin məhkəmələri onu göstərdi ki, heç bir sübut olmur”
Azərbaycan məhkəmələri QHT proseslərini və üçüncü sektor nümayəndələrinin bank hesablarına həbs qoyulması mərhələsini yaşayır desək, yanılmarıq. Son günlərin həbsləri durumun heç də sıradan bir gedişat olmadığını göstərir. Bu proseslərdə vəkil olan Xalid Bağırovla söhbətimizdə istintaq və məhkəmələrin irəli sürdükləri ittihamların əsaslı olub-olmadığına aydınlıq gətirməyə çalışdıq.
–
Xalid bəy, iyulun 30-da hüquq müdafiəçisi Leyla Yunus, avqustun 2-də daha bir hüquq müdafiəçisi Rəsul Cəfərov və avqustun 5-də isə konfliktoloq Arif Yunus həbs edildi. Bu cür ardıcıllıq sizin üçün gözlənilməz olmadı ki?
– Bir o qədər də yox, çünki həbslər gözlənilirdi və bunlar aktual həbslər idi.
–
Nə mənada aktual idi?
– Sanki biz son bir həftəni böyük yazıçı Merkesin “Gözlənilən bir qətlin tarixçəsi” əsərini oxuyurmuş kimi yaşadıq. Hər kəs bilirdi ki, son günlərin təqibi və həbslər kimi aktual mövzular var idi. Aprelin 28-də Yunusovların ölkədən getmək istəyərkən saxlanılmaları, müəyyən cinayət icraatının başlanılması, bank hesablarına həbslər qoyulması və onun ardınca Rəsul Cəfərovun ölkədən çıxışına qadağa. Artıq o, xaricdə olan zaman hesabına həbs qoyulması məlumatını alır. Bütün bunlar may ayından bir çoxunun hesablarının bağlanması təqibinin başlanması fonunda baş verib. Yəni Rəsul Cəfərov istəsəydi ölkəyə gəlməyə bilərdi.
–
Keçək konkret suallara və Leyla Yunusdan başlayaq. Baş Prokorurluğun və MTN-nin məlumatında bildirilir ki, adlarını açıqlamaq istəmədikləri şəxslər də bu cinayət işində var. Söhbət kimlərdən gedir?
– Adətən, dövlətə xəyanət maddəsi olan işlər qapalı istintaqları ilə yadda qalır və dövlət sirrinin olduğu iddia edilir. Ona görə də proses iştirakçılarından istintaq sirrini yaymamaqla bağlı iltizam alınır. O cümlədən, məndən və başqa vəkillərdən iltizam alınıb. Bu baxımdan öhdəliyimiz olduğundan işlə bağlı geniş danışa bilmərik, amma başqa tərəfdən irəli sürülən ittihamın bütövü Baş Prokurorluq və MTN yaydığı bəyanatda öz əksini tapıb. Yəni bəyanatı oxumaqla bir çox detalları bilmək mümkündür.
–
Bəyanat da çox uzun cümlələrdən ibarətdir…
– Azərbaycan istintaqının reallığı budur ki, ittiham bir cümlədən və 2-3 səhifədən ibarət olur. Müstəntiqlərimizin güclü filoloji qabiliyyətini nəzərə alsaq, bəzən heç oxunması mümkün olmayan cümlələr meydana gəlir, əvvəlində bir şeydən başlanır, sonda tamam fərqli bir şeydan danışılır. Bu baxımdan həm bəzi məqamlardan danışa bilmirik, həm də istintaq getdiyindən bir çox sübutları bilmirik. Əsas ehtimal qondarma şahidlərlə bağlıdır, yəqin ki, bu yaxınlarda onları görəcəksiniz. Hətta tanıdığınız qondarma şahidlər yenidən üzə çıxa biləcək.
–
Siz onları artıq tanıyırsınızmı?
– Bizim ehtimallarımız var, amma hələlik özümüz üçün saxlayırıq.
–
Əgər istintaq qapalı gedirsə, tam açılmırsa, deməli, məhkəmə də qapalı olacaq?
– Bəli. Ən problemli məqam da məhkəmənin qapalı keçirilməsi olacaq. Məsələ ondadır ki, Rauf Mirqədirov, Leyla Yunus və Arif Yunus işi bir cinayət işidir, onların məhkəməsi də birgə olacaq, çox güman ki, qapalı.
–
Əgər ittihamları rədd edirsinizsə, fikrinizi hansı arqumentlə əsaslandırırsınız?
– Bizim sübutlarımız var, amma bu gün bir çox detallara vara bilmirik. İkinci, bu yaxınlarda Leyla Yunusun məlum ittihamlarla bağlı geniş cavabı olacaq.
–
İttihamlarda bir məqam var, deyilir ki, 2006-2014-cü illərdə ABŞ-ın Demokratiyaya Kömək Milli Fondu (NED), German Marşal Fondu və digər donor təşkilatlarla bağlanılmış qrant müqavilələri üzrə həmin təşkilatın bank hesabına ümumilikdə 167 min 199 manat, 620 min 878 ABŞ dolları, 263 min 745 avro məbləğində pul vəsaitlərinin köçürülməsini təmin edib…
– Axı həmin müddətlər artıq keçib, 2006-cı ilə görə indi vətəndaşı məsuliyyətə cəlb edirlərmi? Yəni vergi ittihamlarında müddətlər keçib. 3 il müddətində cinayət məsuliyyətinə cəlbetmə müddəti var, o keçibsə, hansı məsuliyyətdən söhbət gedə bilər? Hətta bu cinayət varsa. Amma biz belə cinayətin olduğunu qəbul etmirik. Əslində, hakimiyyətin tətbiq etdiyi bu qaydanı Anar Məmmədlinin məhkəməsində gördük. Yəni qrantları gəlir vergisinin predmetinə çevirirlər, axı qrantlardan gəlir götürmə yoxdur. Qrantlar gəlir yox, layihənin həyata keçirilməsində alınan pullardır. Amma hakimiyyət qrantlardan gəlir vergisinin ödəməsini tələb edir. Anar Məmmədlinin məhkəməsində əlavə dəyər vergisinin ödənməsindən danışırdılar. Halbuki, əlavə dəyər vergisi elə bir vergi növüdür ki, kommersiya fəaliyyətində bir məbləğ əlavə dəyər gətirirsə, onun üstünə hesablanılan vergidir. Ancaq qrantda, ümumiyyətlə, gəlir vergisindən söhbət gedə bilməz. İkinci, layihələrin həyata keçirilməsində yeganə vergi növü varsa, bu da bəzi cəlb olunan şəxslərə ödənilən əməkhaqqıya görə ödəniş mənbəyindən olan vergidir. Bir sözlə, qanunda bu vergi növündən başqa heç bir vergi növündən söhbət getmir. Amma hakimiyyət bunu kommersiya fəaliyyəti hesab edir.
–
Və hansı qanuna əsaslanırlar?
– Heç bir qanuna əsaslanmırlar. Dünyanın heç bir ölkəsində deyə bilməzsən ki, QHT-lər kommersiya faəliyyəti ilə məşğul olur. Məsələn, Rəsul Cəfərovun “
Sing
for
Democracy
” kampaniyası kommersiya idimi? Məgər, o, bu kampaniyadan pul qazanırdımı? Yaxud siyasi məhbusların siyahısının hazırlanması, məhkəmələrin monitorinqinin aparılması kommersiya fəaliyyətidirmi? Dünyada sektor anlayışı var, birinci sektor dövlət idarəetmə sistemidir, ikinci sektor qeyri-dövlət kommersiya fəaliyyətidir, nəhayət, qanunvericilikdə qeyri-kommersiya fəaliyyəti deyilən üçüncü sektor var. Sonuncular ictimai fondlar, QHT-lər və başqalarıdır ki, burda sahibkarlıq fəaliyyətindən söhbət gedə bilməz. Yəni biz yenidən filologiyayamı qayıdaq, Dalın izahlı lüğətinimi yazaq? Sahibkarlıq fəaliyyəti varmı ki, qanunsuz sahibkarlıqdan da danışaq? Bir daha deyirəm, bu ittihamlar Anar Məmmədlidən bəri dövriyyəyə buraxılmış absurd ittihamdır.
–
O zaman Rəsul Cəfərova qarşı elan olunan vəzifə səlahiyyətlərini aşmaq ittihamını necə izah edərdiniz?
– Biz istintaqın nəyi nəzərdə tutduğunu bilmirik. Mən bir absurd məqamı deyəcəm, bir tərəfdən ittihamda “qeydiyyata alınmamış “İnsan Hüquqları Klubu”nun sədri olmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olub” cümləsi yer alıb, ikinci tərəfdən isə ittihamda yazılıb ki, qeydə alınan təşkilatın rəhbəri olduğun üçün vəzifəli şəxssən. Əgər qeydə alınmayıbsa, necə vəzifəli şəxs ola bilər? Yəni bu cümlələrin birini qəbul etmək lazımdır, 2 absurd cümləni də qəbul etmək mümkün deyil.
–
Bu cür gedişatla istintaqın məhkəmədə ortalığa hansısa sübutlar gətirəcəyini gözləyirsinizmi? Çünki söylədiklərinizdən ittihamların absurd olduğu məlum olur…
– Təbii ki, absurddur. Ümumiyyətlə, son illərin məhkəmələri onu göstərdi ki, heç bir sübut olmur. Məsələn, Hilal Məmmədova qarşı ittiham irəli sürülmüşdü ki, o, kitablar tərcüm etməklə, məqalələr yazmaqla, konfranslarda çıxış etməklə və fleşkartında bəzi materiallar toplamaqla milli-dini və etnik ayrıseçkilik salıb. İttiham tərəfi yalnız bir-iki məqaləsini qoymuşdu, ancaq nə tərcümə etdiyi kitab, nə konfransdakı çıxışı. Sual yaranır; hansı konfransda, hansı tarixdə, tədbir harda keçirilib və Hilal Məmmədov nə çıxış edib? Cinayət işində bu sualların heç birinə cavab yox idi. Amma Ali Məhkəməyə qədər ittihamlar qüvvədə qaldı.
–
Mən Rəsul Cəfərova qarşı irəli sürülən ittihamda onun 6 min manat vergidən yayındığı barədə məqama gəlmək istərdim, bu məbləğə görə vətəndaş həbs edilməlidir?
– Bilirsiniz, bu rəqəm hardan çıxıb? Bir detala varaq, Rəsul Cəfərovun həbsi niyə gözlənilən idi? May ayından QHT-lərin fəaliyyətləri yoxlanılırdı və təşkilat rəhbərləri müəyyən təqiblərə məruz qalırdılar. Rəsul Cəfərovun hesabına iyulun 6-da həbs qoyulur, ayın 29-da Tiflisə konfransa getmək istəyir, amma saxlanılır və 4 gün əvvəl ölkədən çıxışına qadağa qoyduğu bildirilir. Nəzərə alın ki, şənbə və bazar, o cümlədən, 2 gün Ramazan Bayramı münasibəti ilə iş günü olmayıb. 30 iyulda Rəsul Cəfərovu şahid kimi ifadə verməyə çağırırlar, səhəri gün bəzi sənədləri də istintaqa təqdim edir. Avqustun 1-də növbəti sənədləri təqdim edir, amma deyirlər ki, bəzi sənədlər də çatmır. Onu da avqustun 2-də təqdim edir. Sonradan məlum olur ki, Nəsimi Rayon Məhkəməsi avqustun 1-də Rəsul Cəfərovun maliyyə fəaliyyətinin yoxlanılması haqqında qərar verib. Yəni nə onun, nə də vəkil kimi mənim qərardan xəbərimiz olmayıb. Həmin gün də maliyyə fəaliyyəti yoxlanılır, akt yazılır, 6 min manat yayınmanın olduğu məlum olur. Beləliklə, avqustun 2-də Rəsul bəy sənədləri təqdim edəndə, onu həbs edirlər. İttiham veriləndə, sual etdim ki, 140 min manatı necə müəyyən etdiniz? Mənə müstəntiqlərin müəyyən etdiyini söyləyəndə, cavab verdim ki, onlar nə vaxtdan mühasib olublar? Sonra bizi aktla tanış edəndə 1 avqust tarixini gördüm, necə yəni, eyni gündə həm məhkəmə qərarı, həm də akt tərtib olunub? Bu, heç bir yoxlamanın olmadığını göstərir. Sadəcə, Rəsul Cəfərov həbs edilməli və dərhal da “sübutlar” hazırlanmalıydı.
–
Hazırda 12 QHT-in bank hesabına həbs qoyulub və yoxlamalar gedirsə, daha kimlərin həbsi gözlənilir?
– Məgər, iyul ayından başlanan yoxlamaları bitirə bilmirlər? Rəsul Cəfərovun bütün maliyyə fəaliyyətini bir günə yox, bir neçə saata yoxladılar. Sual yaranır; mühasiblər 5 ilin sənədlərini 3 saata necə yoxlayıblar? Sualınıza gəldikdə, münəccimlik etməyək, sadəcə, kim daha çox “yuxarılar”ın ayağını basıbsa, onların həbsi gözlənilir. İndiki şəraitdə və üsulda hər kəsin həbsi mümkündür. Ona görə həbslərə hazır olmaq lazımdır.