Həbsdən çıxan bloger: Korrupsioner, zalım məmur tayfasına qarşı mübarizəm davam edəcək

Foto: Elçin Həsənovun şəxsi arxivi

Təhqir və böhtana görə 8 ay həbsdə saxlanılan bloger Elçin Həsənzadə noyabrın 2-də azadlığa buraxılıb. O, martın 2-də Mingəçevir Dövlət Dram Teatrının aktyoru İbrahim Salamovla (Türksoy) birlikdə həbs olunmuşdu. Aktyora da eyni cəza kəsilmişdi.

Onların hər ikisi Mingəçevir Şəhər Mənzil İstismar İdarəsinin rəisi Şəhriyar Mustafayevin xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında cəzalandırılıb. Şəhriyar Mustafayev iddia edirdi ki, Elçin Həsənzadə və İbrahim Türksoy sosial şəbəkələrdəki paylaşımları ilə onun şərəf və ləyaqətini alçaldıb, böhtan atıb.

Mingəçevir Şəhər Məhkəməsi bu iddia əsasında aktyor və blogerin hər birinin 1 il islah işlərinə məhkum edilməsi haqda hökm çıxarmışdı. Həm təqsirləndirilən şəxslər, həm də Şəhriyar Mustafayev hökmdən apelyasiya şikayəti vermişdi. Elçin Həsənzadə və İbrahim Salamov bəraət, Mənzil İstismar İdarəsinin rəisi isə onların cəzasının ağırlaşdırılmasını istəyirdi. Şəki Apelyasiya Məhkəməsi martın 2-də Şəhriyar Mustafayevin şikayətini təmin edərək, hökmü dəyişib və cəzanı ağırlaşdırıb. Məhkəmə zalında həbs edilən Elçin Həsənzadə ilə İbrahim Türksoyun hər biri Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələrilə təqsirli bilinərək, 8 ay azadlıqdan məhrum edilib.

Elçin Həsənzadə bildirib ki, Mingəçevirdə baş verən qanunsuzluqları, məmur özbaşınalığı və korrupsiya hallarını ictimailəşdirdiyinə görə icra başçısı İlham İsmayılovun sifarişilə cəzalandırılıb. Onun sözlərinə görə, iddianı qaldıran hüquqi baxımdan Şəhriyar Mustafayev olsa da, işin arxasında dayanan icra başçısıdır.
Blogerin həbsi ilə əlaqədar Avropa İnsan Haqları Məhkəməsinə şikayət göndərilib.

Noyabrın 2-də azadlığa çıxan bloger bunları deyib: “Azadlıqdayam. Yola davam. Korrupsioner, zalım məmur tayfasına qarşı mübarizə qaldığı yerdən davam edəcək”.

Elçin Həsənzadə ötən il Məhəmməd Əmin Rəsulzadənin şəklini Mingəçevirdəki abidələrdən birinin üstünə yapışdırıb. Sonradan həmin şəkli cırıb yerə atıblar. İddia olunur ki, bunu Şəhriyar Mustafayev eləyib.

Aktyorun sözlərinə görə, Şəhriyar Mustafayevin həmin əməlini ictimailəşdirdiyi üçün onu da cəzalandırıblar.

Ana səhifəSiyasətHəbsdən çıxan bloger: Korrupsioner, zalım məmur tayfasına qarşı mübarizəm davam edəcək