Rəfael Cəbrayılovun məhkəməsi başlayır
Milli Məclisin III, IV və V çağırış deputatı olmuş Rəfael Cəbrayılov yaxın günlərdə məhkəmə qarşısına çıxarılacaq. Həbsdə olan sabiq deputatın işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Rəfael Cəbrayılovun işinə Əhməd Quliyevin sədrliyilə, İradə Həsənzadə və Azər Paşayevdən ibarət hakimlər heyəti baxacaq.
Meydan TV-nin əldə etdiyi məlumata görə, keçmiş deputatın işi üzrə ümumilikdə 11 nəfər zərərçəkmiş qismində tanınıb. Onların arasında Bakıda hündürmərtəbəli binaların tikintisi ilə məşğul olan, “Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı İsfəndiyar Axundov, bir sıra məhkəmə qalmaqallarında adı hallanan lombard sahibi Məlahət Qurbanova və digərlərinin adları var.
Rəfael Cəbrayılovun işi üzrə istintaq Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılıb. Ona Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsilə ittiham verilib. Bu maddədə 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Sabiq deputat haqqında aprelin 2-də Binəqədi Rayon Məhkəməsində həbs-qətimkan tədbiri seçilib.
Rəfael Cəbrayılovun adı bundan əvvəl də müxtəlif qalmaqallarda hallanıb, ondan hüquq-mühafizə orqanlarına şikayət olunub. 2019-cu ildə məlum olmuşdu ki, Rəfael Cəbrayılov 300 min dollar borca görə III və IV çağırış Milli Məclisin deputatı vəsiqələrini girov qoyub. Bu məsələ üzə çıxandan sonra Rafael Cəbrayılov mandatdan məhrum edilməsi üçün parlamentə müraciət etdi. 2019-cu ilin sentyabrında MSK deputatın mandatdan məhrum edilməsi ilə bağlı qərar qəbul etdi.
O zaman məlum olmuşdu ki, deputat ev tikmək üçün 300 min dollar notarial qaydada borc alıb. Borcun qaytarılmadığını görən Təranə Fətəliyeva Abşeron Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə iddiaçının xeyrinə 15 fevral 2019-cu ildə qiyabi qətnamə qəbul edib. Cavabdeh şəxs, Rəfael Cəbrayılov məhkəmənin qərarı ilə razılaşmayaraq, apelyasiya şikayəti verib. Apelyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.