Həbsdəki Qarabağ veteranının ölüm aclığına başladığı bildirilir

Məhkumun anası: “Yalvarıram, oğlumu ölməyə qoymayın”

Source:
Qarabağ veteranın anası Minayə Əliyeva
Qarabağ veteranın anası Minayə Əliyeva

Penitensiar Xidmətin 10 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan Qarabağ müharibəsi veteranı Həmid Rövşən oğlu Əliyev ölüm aclığına başlayıb. Sentyabrın 26-da ədalətli məhkəmə araşdırması tələbi ilə ölüm aclığına başlayan H.Əliyevin sağlıq durumunda kəskin ağırlaşma baş verib və onu ağır durumda Məhkumların Müalicə Müəssisəsinə köçürüblər.

Bu haqda Meydan TV-yə məhkumun anası 70 yaşlı Minayə Əliyeva məlumat verib. Deyib ki, oğlunun işi ilə bağlı Ali Məhkəmənin Cinayət Kollegiyasının sədri Şahin Yusifovun qəbulunda olub:

“Şahin Yusifov dedi ki, müstəntiqlərdən işlə maraqlanıb. Müstəntiqlər də deyiblər ki, oğlum günahkardır. Axı müstəntiqlər oğlumun həbsi üçün saxta əsaslar yaradıblar. Onlar Şahin Yusifova doğru bir söz deyə bilərdilərmi? Deyə bilərdilər ki, biz Qarabağ veteranına qarşı cinayət etmişik? Deyə bilərdi ki, bizim əlimizdəki sübutlar doğru-dürütsdür? Şahin Yusifova dedim ki, araşdırın, günahı varsa, ömürlük verin. Dedi ki, araşdırmanı Zakir Qaralov aparır”.

Qazax rayon sakini Həmid Əliyev 2015-ci il aprelin 25-də axşam saatlarında kirayədə yaşadığı Binəqədi rayonu ərazisində, evininin yaxınlığında Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Məhkəmə ifadəsində H.Əliyev bildirib ki, hadisə baş verən gün həmyerlisi Məhəmməd Nəsibov balaca bir çanta verib, Qazaxda onu qardaşına çatdırmasını xahiş edib. Lakin həmin gün sərnişin olmadığından o, Qazax rayonuna gedə bilməyib. M.Nəsibova zəng edib deyib ki, adam yoxdur deyə Qazağa gedə bilmir, gəl çantanı geri apar. M.Nəsibov telefonda gəlib çantanı götürəcəyini desə də, həmin gün gəlməyib. Daha sonra isə axşam saatlarında “Favorit” marketdən çay və siqaret alıb çıxarkən H.Əliyevin qarşısını 2 nəfər mülki geyimli şəxs kəsib və üzərində axtarış aparacaqlarını deyib. Sonra isə onu Nəsimi Rayon Polis İdarəsinə aparıblar. Avtomobilindəki M.Nəsibova məxsus kiçik bağlamanı H.Əliyevin və hal şahidlərinin iştirakı olmadan açıb baxış keçiriblər. Daha sonra isə H.Əliyevə bağlamada narkotik maddə olduğunu bildiriblər. Elə oradaca polis əməkdaşları dinləmə vasitəsilə H.Əliyevlə M.Nəsibovun telefon bağlantısını qurublar. Nəsibov telefon danışığı zamanı etiraf edib ki, bağlama ona məxsusdur və götürməyə gəlir. Görüş yeri təyin edilib, Nəsibov bağlamanı H.Əliyevdən geri alarkən polis əməkdaşları tərəfindən saxlanılıb. 3 saat sonra M.Nəsibov arxa qapıdan buraxılıb. H.Əliyevə isə ittiham verilib, sonradan isə ən ağır cəza təyin olunub.

H.Əliyevin anası deyir ki, bu gün M.Nəsibov azadlıqda gəzir, günahı olmayan oğlu isə türmə divarları arasında ölümlə çarpışır. M.Əliyeva deyir ki, ittiham aktında yazırlar ki, oğlu Lənkərandan narkotik alıb və Bakıya gətirib.

“Guya 3500 manat verib və 1 kilo 800 qram narkotik alıb Bakıya gətirib, guya tanımadığı evdə saxlayıb, tanımadığı 6 adama satıb. Bütün bunlar ağ yalandır. Bunu sənəd və sübutlar da ortaya qoyur. Oğlum həbsə alınan gün, aprelin 25-də Nəsimi rayonu 54 saylı binanın qarşısında olmayıb. Binəqədi rayonunda olub. Yazırlar ki, güya həmin gün oğlumun kirayədə yaşadığı evdə vəkillərin iştirakı ilə axtarış aparıblar. Bunların hamısı ağ yalandır. Özləri ilə iki narkoman gətiriblər, hansılar ki, öz adamları olub. Bunları rəsmi qaydada sübuta yetirmişik. Oğlumun həbsindən sonra 50 min manat pul tələb etdilər. Məhəməd Nəsibov 20 min manat verdi, onu azad etdilər. Oğlum müstəntiqi 15 dəqiqə müvəqqəti saxlama təcridxanasında görüb. Onunla heç bir üzləşmə aparılmayıb. Hətta üzünə qoyduqları adamlar – narkomanlar da məhkəmədə gəlib dedilər ki, biz bu adamı tanımırıq. Pulumuz yoxdur deyə, bütün bunlara əhəmiyyət verən yoxdur. Bu gün cinayət işinin materialları bizə verilmir. Oğlum müstəntiq Ruslan Məmmədovla əməliyyatçı Firdovsi Əsədlinin əsiridir. Onlar istintaqın ilk günündən oğluma deyiblər ki, biz yazdığımızı kimsə poza bilməz. İşin içində protokol, hal şahidi deyilən bir şey yoxdur. Oğlumu narkoman çıxarmaq üçün başqa birinin qanını müayinə edib yazmışdılar ki, Həmid narkomandır. Sübuta yetirdik ki, qan bir başqasınındır, Həmidin qanında narkotik yoxdur. Həkimi işdən çıxardılar. Amma məhkəmə oğluma saxta ittihama əsasən 10 il cəza verdi. Yalvarıram, oğlumu ölməyə qoymayın. Onun işini ədalətlə, düzgün şəkildə araşdırın”.

Pentisiar Xidmətin mətbuat xidmətinin rəisi, polkovnik Mehman Sadıqov Meydan TV-yə hər bir məhbusun məhkəməyə müraciət etmək hüququ olduğunu deyib: “O cümlədən, məhbus buna görə aclıq da edə bilər. Amma hazırda Həmid Rövşən oğlu Əliyev aclıq aksiyası keçirmir, bu barədə deyilənlər yalandır”.

Ana səhifəXəbərlərHəbsdəki Qarabağ veteranının ölüm aclığına başladığı bildirilir