Vəkil Elçin Sadıqov hazırda həbsdə olan “Xeber44.com” saytının redaktoru Araz Quliyevin şikayətini Baş Prokurorluğa çatdırıb. Bu barədə o, “Facebook” səhifəsində yazıb.
Bildirib ki, hazırda Qobustan Qapalı Həbsxanasında saxlanan jurnalistin səhhəti yaxşı deyil. Üstəlik, keçmiş redaktor işgəncə ilə üzləşib:
“Bu həftə Araz Quliyevlə görüşdüm. O, bu barədə ətraflı izahat yazdı. Həmin izahatı araşdırılması üçün Baş Prokurorluğuna göndərmişəm”.
İş vaxtı bitdiyindən həbsdəki redaktorun işgəncə şikayətinə Penitensiar Xidmət və Baş Prokurorluqdan münasibət almaq mümkün olmayıb.
“Xeber44.com” saytının redaktoru Araz Quliyev 2012-ci ilin sentyabrında Masallıda keçirilən Folklor Festivalı zamanı həbs edilən 8 nəfərdən biridir. O, 8 il həbs cəzası alıb. Ondan başqa həbs edilənlər əsasən dindarlardır. Onlar dini ədavət və dini düşmənçilik yaratmaqda təqsirli biliniblər. Bəziləri artıq, azadlıqdadır.
O vaxt rayon icra başçısı Rafil Hüseynov açıqlama verərək bildirmişdi ki, tutulanlar festivalda diskotekanın olmasına etiraz ediblər.
Rafil Hüseynovun sözlərinə görə, həmin dindarlar özlərini Museyi-Kazım dəstəsi hesab edirlər və məscidlərdən mollaların başlarına çalma qoymalarını tələb ediblər.
Həbs edilənlər ittihamları qəbul etməyiblər.
8 il həbs cəzası alan Araz Quliyev hüquq müdafiə təşkilatlarının siyasi məhbuslarla bağlı siyahısında yer alıb. Hüquq müdafiəçilərinin bildirməsinə görə, hazırda Azərbaycan həbsxanalarında 145 civarında siyasi məhbus var.
Ancaq rəsmilər ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar siyasi məhbus adlandırılan şəxslərin törətdikləri əmələ görə məsuliyyətə alındıqlarını deyirlər.