Hüquq müdafiəçisi: “Hazırda Famil Xəlilovun ayaqları da iflic olub, kömək olmadan yeriyə bilmir”
Həbsdə olan ictimai fəallardan I qrup əlil, hər iki qolu iflic olan Famil Xəlilov avqustun 15-dən başladığı aclığı 88 gün sonra dayandırıb. Bu barədə Meydan TV-yə “Müdafiə Xətti” insan hüquqları təşkilatının icraçı direktoru Rüfət Səfərov məlumat verib.
Rüfət Səfərov bildirib ki, Famil Xəlilov anasının, həyat yoldaşının, vəkillərin, hüquq müdafiəçilərinin çoxsaylı xahişlərini nəzərə alaraq, aclığı dayandırmaq qərarı verib.
Hüquq müdafiəçisi vurğulayıb ki, 3 aya yaxın davam edən aclıq Famil Xəlilovun sağlamlığında ciddi fəsadlar yaradıb. Hər iki qolu iflic olan ictimai fəal sərbəst yerimək qabiliyyətini də itirib.
“Hazırda Famil Xəlilovun ayaqları da iflic olub. Kömək olmadan yeriyə bilmir”, – Rüfət Səfərov bildirib.
Famil Xəlilov mayın 2-dən həbsdədir. O, məhkəmədə bildirib ki, hər iki qolu işləmədiyinə görə təcridxanadakı vəziyyətdə zəruri ehtiyaclarını ödəyə bilmir. Vəkilləri məhkəmə iclaslarında iki dəfə ev dustaqlığına buraxılması barədə vəsatət qaldırsalar da, hakimlər təmin etmir.
İttihama əsasən, 1990-cı il təvəllüdlü Famil Xəlilov mayın 2-də Abdullayev küçəsində gedəndə Binəqədi polisinin əməkdaşları onu şübhəli şəxs kimi saxlayıb. Onu bölməyə gətirib, üstünə baxış keçirəndə şortikinin cibindən 13,736 qram metamfetamin çıxıb.
Famil Xəlilov isə bildirib ki, ittihamda yazılanların hamısı başdan-ayağa yalandlr: “Mən təqsirləndirilən şəxs deyiləm, şərlənən şəxsəm”.
İctimai fəal əlavə edib ki, həbsinin səbəbi ölkədəki ədalətsizliklər, hakimiyyətin özbaşınalıqları barədə sosial şəbəkələrdəki çıxışları, yazılarıdır. Buna görə onu narkotiklə şərləyiblər.
“Həmin yazıları kompüterdə ayaq barmaqlarımla yazırdım. Yəni məni ayaq barmaqlarımla yazdığım yazılara görə şərləyib bura salıblar”, – Famil Xəlilov bildirib.
İsveçdən ailəsilə birlikdə sığınacaq istəsə də, imtina cavabı alaraq, 2023-cü ilin yayında Azərbaycana deportasiya edilən və bu il mayın 2-də həbs edilən Famil Xəlilova qarşı Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsilə ittiham irəli sürülüb. Bu maddədə 5 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Famil Xəlilovun işi üzrə növbəti məhkəmə iclası noyabrın 28-də keçiriləcək.