Həbsdəki icra başçıları haqqında yeni qərarlar

Məhkəmə həbs müddətini yenə uzadıb

Source:


Məhkəmə həbs müddətini yenə uzadıb

İcra başçılarının ardıcıl həbsilə nəticələnən əməliyyatların başlanmasından bir ilə yaxın vaxt keçir. Amma həbsdəki sabiq məmurların məhkəməsi hələ başlamayıb. Onlar indiyədək bir neçə dəfə məhkəmə qarşısına çıxarılsalar da, həmin proseslər istintaq dövründə həbsdə saxlanma məsələsilə bağlı olub.

Noyabrın 25-də həbsdə olan sabiq məmurlardan Biləsuvar Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Mahir Quliyevin barəsində həbs-qətimkan tədbirinin müddətinin uzadılması məsələsinə baxılıb. Səbail Rayon Məhkəməsinin hakimi Şəhla Hüseynova istintaq orqanının təqdimatını təmin edərək, həbs müddətini daha üç ay artırıb.

Meydan TV-nin əldə etdiyi məlumata görə, məhkəmədə müstəntiq həbs müddətinin uzadılmasının zəruriliyini istintaqın yekunlaşmamasıyla izah edib.

İcra başçısı və vəkili isə istintaq orqanının təqdimatına etiraz edərək, həbs müddətinin uzadılmasına zərurət olmadığını bildirib.

M.Quliyev aprelin 29-da Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Biləsuvar Rayon İcra Hakimiyyətinin binasında keçirdiyi əməliyyat nəticəsində həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 179 (mənimsəmə və ya israfetmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311 (rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə ittihamlar irəli sürülüb.

Noyabrın 24-də isə Səbail Rayon Məhkəməsində İmişlinin keçmiş icra başçısı Vilyam Vilyam Hacıyevin işinə baxılıb. Onun məhkəməsi vəkilinin müraciəti əsasında keçirilib. Müdafiəçi vəsatətində V.Hacıyevin barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsini, onun ev dustaqlığına buraxılmasını istəyib. Lakin məhkəmə vəsatəti təmin etməyib.

Mayın 5-dən həbsdə olan V.Hacıyevə qarşı da eyni ittihamlar irəli sürülüb. Onun ittihamları qəbul edib-etmədiyi məlum deyil. Amma o, məhkəmə binasından çıxarılarkən orada gözləyən yaxınlarına qısaca bunları deyib: “Bu günlər keçəcək. Hər şey yaxşı olacaq. Haqq yerini tapacaq…”

Azərbaycanda icra başçılarının həbs dalğası ötən ilin dekabrından başlayıb. İlk həbs edilənlər Ağstafa rayonunun icra başçısı Nizaməddin Quliyev və Yevlaxın sabiq icra başçısı Qoca Səmədov olub.

Bu ilin fevralında Neftçalanın, mayda isə Biləsuvarın icra başçısı həbs edilib. Onların hamısı DTX əməkdaşlarının keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs olunub.

Sabiq icra başçılarının işi üzrə istintaq araşdırmaları da DTX-da aparılır. Onlar DTX-nın istintaq təcridxanasında saxlanılırlar.

Ana səhifəXəbərlərHəbsdəki icra başçıları haqqında yeni qərarlar