Həbsdəki fəalların şikayəti təmin olunmadı

Gənclərin vəkili qərarların qanunsuz olduğunu, yuxarı məhkəmə orqanlarına şikayət edəcəklərini bildiriblər.

Noyabrın 21-də Xətai Rayon Məhkəməsində “NİDA” Hərəkatının həbsdəki üzvləri Qiyas İbrahimov və Bayram Məmmədovun mayın 10-da qanunsuz saxlanmaları və müdafiə hüquqlarının təmin edilməməsindən verilən şikayətlərə baxılıb.

Bu barədə Meydan TV-yə vəkil Elçin Sadıqov məlumat verib.

Q.İbrahimovu Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşı Pərviz Məmmədovun saxlamasından məhkəmə nəzarəti qaydasında verilmiş şikayətdə qeyd olunur ki, gənc fəal saxlanarkən müdafiəçisi olmayıb, bununla bağlı protokollara imza da atılmayıb. Bu isə gəncin müdafiə hüququnu pozur.

Qiyas İbrahimov məhkəməyə gətirilməyib. Proses qapalı keçirilib və hakim İbrahim İbrahimli şikayəti rədd edib.

Bayram Məmmədovun şikayətinə isə Xətai Rayon Məhkəməsinin hakimi Bəxtiyar Məmmədov baxıb. Bu proses də qapalı olub. Elçin Sadıqov şikayətçinin prosesdə iştirakının təmin edilməsi ilə bağlı vəsatət versə də, təmin edilməyib. Məhkəmə B.Məmmədovu Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşı Şirəli Babayevin qanuni şəkildə saxladığı qərarına gələrək şikayəti rədd edib.

Gənclərin vəkili qərarların qanunsuz olduğunu, yuxarı məhkəmə orqanlarına şikayət edəcəklərini bildiriblər.

Qiyas İbrahimov və Bayram Məmmədovla birgə mayın 10-da saxlanıb. Onlara Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələri saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham irəli sürülüb.

Hər iki gənc ittihamla razılaşmır və işgəncə altında ifadə verməyə məcbur edildiklərini bildirirlər.

Daxili İşlər Nazirliyi və Ombudsman Aparatı gənclərə işgəncə verilməsini təkzib edib.

Oktyabrın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsi Q.İbrahimova 10 il həbs cəzası verib. O, məhkəmədə məhz Heydər Əliyevin abidəsinə şüar yazdığına görə, həbs edildiyini bildirib.

Bayram Məmmədovun məhkəməsi isə davam edir.

Ana səhifəVideoHəbsdəki fəalların şikayəti təmin olunmadı