Həbsdəki blogerin cəza rejimi ağırlaşdırıldı

Foto: Meydan TV

Əhəd Qurbanov: “Oğlum o müəssisəyə daxil olandan işgəncəyə məruz qalıb, yerdə yatmağa məcbur edilib”

Sosial şəbəkələrdə talışların hüquqlarının pozulması barədə paylaşımlarına görə 7 il azadlıqdan məhrum edilmiş bloger Aslan Qurbanov haqqında yeni məhkəmə qərarı çıxarılıb. Onun ümumi rejimli cəzaçəkmə müəssisəsindən həbsxana rejiminə köçürülməsinə qərar verilib.

Dekabrın 23-də çıxarılan məhkəmə qərarında iddia olunur ki, Aslan Qurbanov saxlandığı 10 saylı cəzaçəkmə müəssisəsində daxili intizam qaytalarına əməl etməyib, dəfələrlə ona xəbərdarlıq edilsə də, nəticə çıxarmayıb. Bu səbəbdən cəza rejimi ağırlaşdırılaraq, iki illik Qobustandakı qapalı həbsxanaya köçürülür.

Blogerin atası Əhəd Qurbanov hesab edir ki, bu, oğluna qarşı təzyiqlərin davamıdır. O, Meydan TV-yə bildirib ki, Aslan Qurbanov ağır epilepsiya xəstəsidir, 7 illik həbs hökmündən dərhal sonra da 10 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb. Müəssisəyə daxil olandan da müxtəlif formada təzyiq və işgəncələrlə üzləşib:

“Cəzaçəkmə müəssisəsinə göndərildiyi ilk günlərdən “karsa” salınmışdı. Orada dəfələrlə təqib, təzyiq və işgəncələrə məruz qalıb. Müəssisədəki “barak”da isə bir neçə ay guya boş çarpayı olmadığından onu döşəmədə yatmağa məcbur ediblər. Qaçmağa və özünəqəsdə meylli biri kimi qələmə verilərək, müəssisədə hər saatdan bir qeydiyyata alınıb. Son bir ayda onu müəssisədə xüsusi tipli cəzaçəkmə kamerasına salıblar. Oradan çıxandan sonra isə aldadıb, saxlanma şəraitindən heç bir şikayəti olmaması barədə ərizəyə imza atdırıblar. Gözlənilmədən onu Nərimanov Rayon Məhkəməsinə aparıb, iki illik Qobustandakı qapalı həbsxanaya göndərilməsi barədə sərt qərar çıxarıblar”.

Əhəd Qurbanov deyir ki, oğlu hərbi xidmətini Murovdağda keçirib, “Vətənə şərəflə xidmət” mükafatına layiq görülüb. Hərbi xidmət dövründə də ağır epilepsiya xəstəliyinə tutulub:

“Aslan Qurbanova qarşı zülm və iztirabların artıq həddi bilinmir. Biz valideyn olaraq, baş verənlərin onun ölümünə gətirib çıxara biləcəyindən çox qorxuruq”.

Atası bildirib ki, Aslan Qurbanovun sosial şəbəkələrdə talışların problemlərilə bağlı bəzi statusları emosional görünə bilər. Amma o, həmişə vətəninə sadiq olub, Azərbaycanda yaşayan bütün xalqlara sevgi və hörmətlə yanaşıb.

Əhəd Qurbanov əlavə edib ki, oğlunun ətrafında baş verənlərlə əlaqədar dəfələrlə Prezident İlham Əliyevə, ədliyyə naziri Fikrət Məmmədova, Penitensiar Xidmətə, Ombudsmana və s . müraciət ediblər. Amma müraciətlərinə cavab ala bilməyiblər:

“Bir daha ölkə rəhbərliyinə və ictimaiyyətə müraciət edərək, oğluma qarşı bu qədər haqsızlıqlara, zülm və iztirablara son qoyulması üçün kömək istəyirik”.

Aslan Qurbanov 2020-ci ilin iyulunda Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanılıb. O, 2021-ci ilin aprelində Bakı Ağır Cinayətlər Məhkəməsininin hökmüylə Cinayət Məcəlləsinin 281 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.1-ci (kütləvi informasiya vasitələrindən istifadə olunmaqla milli, irqi, sosial, dini nifrət və düşmənçiliyi salınması) maddələrilə təqsirli bilinib və 7 il azadlıqdan məhrum edilib. Bakı Apelyasiya Məhkəməsi və Ali Məhkəmə də bu hökmü qüvvədə saxlayıb.

Ana səhifəSiyasətHəbsdəki blogerin cəza rejimi ağırlaşdırıldı