Dediyinə görə, onu maşından düşürüb, sürüyə-sürüyə bölməyə aparıblar
“Facebook” hesabında paylaşdığı yazısında ölkədəki korrupsiyaya görə prezidenti qınayan və iki gün sonra narkotik ittihamıyla həbs olunan NİDA Vətəndaş Hərəkatının üzvü Elmir Abbasov polislər tərəfindən döyüldüyünü, təhqir edildiyini bildirib. Bu barədə Meydan TV-yə Hərəkatdan məlumat verilib.
Elmir Abbasovun 30 günlük həbsi barədə məhkəmə qərarında iddia olunur ki, o, Sumqayıt şəhərində 14-cü məhəllədə baş vermiş oğurluq hadisələrində şübhəli bilindiyi üçün fevralın 19-da saxlanılaraq, 4-cü polis bölməsinə gətirib. Bölmədə videoçəkilişlə üstünə baxış keçirilib və gödəkçəsinin cibindən 0, 315 qram tiryək tapılıb.
NİDA-dan isə bildirilib ki, bu haqda yazılanlar yalandır, Elmir Abbasov çörək alıb qayıdarkən evin qarşısında mülki geyimli polislər tərəfindən saxlanılıb. Onu əvvəlcə Sumqayıt Şəhər Polis İdarəsinə aparıblar. Rəis müavini Rauf Babaşov ondan “Facebook”da nə yazdığını soruşub, paylaşımlarına görə onu qınayıb: “Rəis müavini ondan telefonunu istəyib, amma Elmir bildirib ki, telefonu üstündə deyil. Çünki o, evdən çörək almaq üçün çıxmışdı, telefonu evdə qalmışdı. Görünür, telefonla hesabına daxil olub, statuslarını silmək istəyirlərmiş. Sonra onu başqa otağa aparıb, bir müddət rəisdən göstəriş gözləyiblər. Bir qədər sonra ona qarşı fiziki təzyiqlər başlayıb. Həm də ağır ifadələrlə təhqir ediblər”.
Elmir Abbasovu daha sonra Sumqayıt şəhəri, 4-cü Polis Bölməsinə aparıblar. Dediyinə görə, onu maşından düşürüb, sürüyə-sürüyə bölməyə aparıblar. O iddia edib ki, narkotik maddəni də elə həmin vaxt cibinə atıblar: “Polis bölməsinin qarşısında Elmiri döyəndə guya bir nəfər döyən polisi ayırmağa cəhd edib. Elə həmin adam da cibinə atıb. Videoçəkilişlə üstünə baxış keçiriblər, narkotik çıxanda Elmir deyib ki, ona məxsus deyil, cibinə atıblar. Maşında da onu döyüb, təhqir ediblər, zorlamaqla hədələyiblər”.
Elmir Abbasov fevralın 20-də Sumqayıt Şəhər Məhkəməsinə aparılıb. O, məhkəmədə bildirib ki, narkotik ittihamı əsassızdır, həmin maddəni cibinə polislər atıblar: “Məhkəməyə aparılanda öz istədiyi vəkili ilə əlaqə saxlanmasını, onun dəvət edilməsini istəyib. Amma nəzərə alınmayıb. Dövlət hesabına təyinatlı vəkillə məhkəməni keçirib, 1 aylıq həbs qərarı çıxarıblar”.
Daxili İşlər Nazirliyi Elmir Abbasovun polislər tərəfindən pis rəftara məruz qalması barədə deyilənləri təkzib edib.
1994-cü il təvəllüdlü Elmir Abbasov hazırda Sumqayıt Şəhər Polis İdarəsinin müvəqqəti saxlama təcridxanasında saxlanılır. Onun haqqındakı məhkəmə qərarından apelyasiya şikayəti verilib.
Gənc fəalın həbsindən əvvəlki son paylaşımlarından biri belə olub:
“Azərbaycan xalqı həqiqəti bilir, amma onu demir. Xalq bilir ki, ölkədə baş verən milyardlıq korrupsiya faktlarının əsl səbəbkarı İlham Əliyevdir. Nazirlər, məmurlar isə sadəcə bu işin kiçik payçılarıdır. Elə şey olar ki, dövlət büdcəsindən milyardlar silinsin və dövlətin başında dayanan şəxsin bundan xəbəri olmasın? Əlbəttə ki, xəbəri var və bundan öz qazancı da var. Yaxşı, xalq bunu bilir bəs niyə demir?
Çünki xalq İlham Əliyevdən qorxur. Daha dəqiq desək, İlham Əliyevə qarşı çıxacaqsa, itirəcəyi şeylərə görə qorxur. İşini, ətrafını, azadlığını, həyatını itirməkdən qorxur. Ən pisi isə özünə siyasətçi deyənlərin də belə olmasıdır. Nəticədə qorxaq siyasətçi / vətəndaş qorxaqlığı xalqa təbliğ edir və xalq da siyasətə qorxaq yanaşır. Əsas fiquru deyil, sistemin piyadalarını tənqid etməklə Azərbaycan siyasətində nələrinsə dəyişəcəyinə inanmaq, qorxaqlığın gətirdiyi sadəlövhlükdür”.