Müstəqil jurnalist deyir ki, prokurorluğa yazdığı müraciətlərə baxan yoxdur
Həbsdə olan müstəqil jurnalist Abuzər Cəfərli Mətbuat Şurasının sədri Əflatun Amaşova müraciət edib. Bu barədə məlumatı onun ailə üzvləri “Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansına bildiriblər.
Alyansın yaydığı məlumata görə, Abuzər Cəfərli müraciətində qanunsuz həbs olunduğunu, özünü təqsirli bilmədiyini, şərləndiyini bildirib. Ötən 7 ayda həbsi ilə bağlı lazımi istintaq hərəkətləri aparılmadığını, ibtidai istintaqın qeyri- müəyyən müddətə uzadıldığından narahatlığını bildirən Abuzər Cəfərli deyir ki, bununla bağlı dəfələrlə Respublika Baş Prokurorluğuna və Bakı şəhər Prokurorluğuna müraciət etsə də, nəticəsiz qalıb. O, hazırda vəkili olmadığından hüquqlarını lazımi səviyyədə müdafiə edə bimədiyini yazıb. Əslən Ağdam bölgəsində olan jurnalist öz müraciətində maddi durumunun ağır olduğunu əsas gətirərək, indiyə qədər özünə vəkil tuta bilmədiyini vurğulayıb, Mətbuat Şurasının sədrindən onun vəkillə təmin olunmasına yardımçı olmasını xahiş edib.
Abuzər Cəfərli 2015- ci ilin sentyabr ayında Şamaxı rayon Polis şöbəsinin əməkdaşları tərəfindən həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 178.2- ci maddəsi ilə cinayət işi açılıb. O, özünü təqsirli bilmir, həbsini ictimai fəaliyyəti ilə əlaqələndirir.