Həbsdə olan gəncə ailəsi ilə görüşməyə icazə verilmir

AXCP üzvü Fuad Əhmədli 18 gündür ailəsi ilə nə görüşə, nə də telefonla danışa bilir

Source:

AXCP üzvü Fuad Əhmədli 18 gündür ailəsi ilə nə görüşə, nə də telefonla danışa bilir

Həbsdə olan AXCP üzvü Fuad Əhmədli ailəsi ilə görüşüb, telefonla danışa bilmir. Əvvəlcə MTN-nin təcridxanasında saxlanılan gənc 2 sentyabrda 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb. Gənc fəalın vəkili Əsabəli Mustafayev Meydan TV-yə bildirib ki, görüşə və telefonla danışığa qadağa qoyulması qanunsuzdur: “Müstəntiqin təqdimatı ilə məhkəmə qərarı əsasında telefonla danışığa və görüşə qadağa qoyula bilər. Mən təcridxanada belə bir qərarı axtardım, amma tapmadım. Qeydiyyat şöbəsində, dəftərxanada belə bir qərar yoxdur. Məhkəmə qərarı olsa, bu iki şöbədə olmalı idi. Demək ki, təcridxana rəhbərliyi belə bir göstəriş verib. Bu da qanunsuzdur”.

Vəkil 5 sentyabrda Fuad Əhmədli ilə görüşüb. Onun səhhətindəki problemlər hələ də qalır. Amma saxlanma şəraitindən şikayəti yoxdur.

F. Əhmədlinin atası Zəfər Əhmədov Meydan TV-yə deyib ki, oğlu həbs olunandan onun səsini eşitməyib. “ Fuad 18 avqustda həbs olunub. Həmin gündən onunla danışa bilmirəm. Ondan soruşmaq istəyirəm ki, nə baş verir, nə olub ? Bu işlə bağlı ancaq mətbuatdan oxuyuram. Ondan soruşmaq istəyirəm ki, hansı istintaq hərəkətləri aparırlar? Əsas narahatlığımız səhhəti ilə bağlıdır. MTN-də saxlanılanda onun yanına həkim çağırıblar. Daha sonra da ağrıları olub. Həmişə də müalicə olunmalıdır”.

Penitensiar Xidmətin mətbuat katibi Mehman Sadıqov bildirib ki, Fuad Əhmədlinin ailəsi ilə görüşə və telefon danışığına qoyulan qadağanı araşdıracaq.

Vəkil bildirib ki, qadağalar götürülməsə, yaxın vaxtlarda məhkəməyə müraciət edəcəklər.

Əsabəli Mustafayev əlavə edib ki, F.Əhmədlinin ev dustaqlığına buraxılması ilə bağlı Səbail rayon Məhkəməsinə vəsatət verib. Tibbi arayışları da təqdim edib. Səbail rayon Məhkəməsindən bildiriblər ki, vəsatəti Nəsimi rayon Məhkəməsinə təqdim etməlidirlər.

Fuad Əhmədli AXCP-nin Xətai rayon şöbəsinin Gənclər Komitəsinin sədridir. Cəbhəçi gənc 5 ilə yaxın “Azərfon” şirkətinin “Zənglər mərkəzi”ndə operator işləyib. Rəsmi ittihamda Fuad Əhmədlinin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək məxfi məlumatları müəyyən şəxslərə ötürdüyü deyilir. Gəncin atası bildirir ki, Fuadın məxfi məlumatlara çıxışı olmayıb və o, onunla birlikdə həbs olunan üç nəfəri tanımır. Ailə hesab edir ki, F.Əhmədli siyasi fəaliyyətinə görə həbs olunub.

Ana səhifəXəbərlərHəbsdə olan gəncə ailəsi ilə görüşməyə icazə verilmir