“Həbsdə olan bütün siyasi məhbuslar qeyd- şərtsiz azad edilməlidir”

Alyans həbsdə olan bəzi siyasi məhbusların istintaqının aparılmadığını, onların həbs müddətinin luzumsuz şəkildə uzadıldığını qeyd etməklə yanaşı həbsdə olan dindar kəsimə məxsus ictimai fəalların Qobustan Qapalı Həbsxanasına göndərilməsini pisiləyir

Source:


Alyans həbsdə olan bəzi siyasi məhbusların istintaqının aparılmadığını, onların həbs müddətinin luzumsuz şəkildə uzadıldığını qeyd etməklə yanaşı həbsdə olan dindar kəsimə məxsus ictimai fəalların  Qobustan Qapalı Həbsxanasına göndərilməsini pisiləyir

“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı son məhkəmə hökmləri və repressiyalarla bağlı bəyanatla çıxış edib. Meydan TV-yə daxil olan bəyanatda deyilir; ““Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı hakimiyyətin öz ənənəsinə sadiq qalaraq son günlər dövlət resurslarından istifadə edərək həyata keçirilən adam oğurluğu, ictimai fəallar haqqında verilmiş qanunsuz və siyasi sifarişli məhkəmə hökmləri, bəzi siyasi məhbusların səhhətindəki ciddi problemlərə rəğmən onları ölümə təhrik etmə, müstəqil jurnalistlərin təqib və təzyiqlərə məruz qalması hallarından dolayı ciddi narahatlığını ifadə edir”.

Alyans hesab edir ki, Müsavat Partiyasının başqa müavini, partiyanın rəsmi saytının idarəçisi Fərəc Kərimli keçən ilin 23 iyul tarixində Cinayət Məcəlləsinin 234.4.3- cü maddəsi ilə şərlənərək həbs edilib. Bu maddə siyasi fəallara qarşı hakimiyyətin ən çox istifadə etdiyi şərləmə maddələrindən biri  olaraq tanınmaqdadır. Fərəc Kərimlinin davam edən qurama məhkəmə proseslərini Alyans olaraq yaxından izləmiş, vəkilinin sübutları ilə tanış olmuş və işin siyasi motivli olduğuna əmin olmuşuq. Siyasi motivli həbsin  qurama məhkəmə sonucu olaraq Fərəc Kərimli Bakı Ağır Cinayətlər Məhkəməsinin 6 may 2015 ci il tarixli hökmü ilə 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Xalq Cəbhəsi Partiyası (XCP) fəalı Fuad Əhmədli 28 aprel tarixində axşam vaxtı naməlum şəxslər tərəfindən zorla maşına mindirilərək oğurlanması haqda atası Zəfər Əhmədov mətbuata və ictimaiyyətə məlumat vermiş, hətta gənc fəalı oğurlayan maşının markası və nömrəsini açıqlayıb. Bütün bunlara baxmayaraq 10 gün müddətində gənc fəalın harada və nə üçün saxlanılması haqda DİN -ə edilən müraciətlər cavabsız qalmış və heç bir rəsmi məlumat verilməmişdi. Qeyri- rəsmi məlumata görə onun DİN Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsində saxlanılması bildirilirdi. Nəhayət 10 gün sonra  məlum olub ki, həqiqətən gənc fəal “ictimai əsayişi pozma” adı ilə yuxarıda adı çəkilən qürum tərəfindən saxlanılıb və məhkəmə qərarına əsasən 25 sutka inzibati həbsə məhkum edilib. Fəalın atası oğlu ilə görüşə bilməməsini və onun vəkil hüququndan faktiki olaraq məhrum edilməsini işgəncə hallarının olması ilə əlaqələndirir. Alyans bu olayı Azərbaycan Respublikası Konsitutsiyası, Avropa Konvensiyası və yerli qanunvericiliyə tamamən zidd olduğunu bildirir və güc strukturlarının iştirakı ilə həyata keçirilən, faktiki olaraq adam oğurluğu hesab edilən bu hadisəni şiddətlə pisləyir.

Həbsdə olan tanınmış hüquq müdafiəçisi,  siyasi məhbus Leyla Yunus səhhətindəki problemlər getdikcə artmaqdadır. Təəssüflə qeyd etmək lazımdır ki, məhbus xanıma qarşı hakimiyyətin qisas kampaniyası çərçivəsində onun səhhətində olan problemlərə göstərdiyi biganəlik dünyanın heç bir həbs düşərgəsində qadın fəallara qarşı bu qədər qəddarlıqla həyata keçirilməyib. Eyni zamanda, həbsdə olan digər bir çox siyasi məhbuslar, o cümlədn dini xadim Ruhulla Axundov da səhhətindəki problemlərdən əziyyət çəkir. Təəssüf ki, o da zamanında ictimai siyasi fəaliyyətlə məşğul olduğuna və hazırda siyasi məhbus həyatı yaşadığına görə lazımi qaydada müayinə və müalicə olunmasına əngəllər yaradılır”.

Bəyanatda qeyd olunur ki,  tanınmış araşdırmaçı jurnalist, “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılın həbsində “zərərçəkən” Tural Mustafayevin bu yaxınlarda yaydığı videomüraciətdə səmimi etiraflarda bulunaraq hüquq mühafizə orqanlarının, bəzi vəzifəli şəxslərin təhriki və təhdidi ilə onun məcburi şəkildə xanım jurnalsitdən şikayətçi olması bir daha bəzi həqiqətləri ortaya qoydu,  planları ifşa etdi. Hüquq mühafizə orqanlarının dövlətin resursları ilə vətəndaşa böhtan ataraq onu şərləyib həbs etməsi, başqa insanları şantaj altında vasitəçiyə çevirməsi ağrılı olduğu qədər də dəhşətlidir.

Ölkə jurnalistikasında kifayət qədər tanınmış və müstəqil fikirləri ilə seçilən jurnalistlər Şahvələd Çobanoğlu və Aynur İmranova son dönəmdə mütəmadi olaraq istintaqa çağırılır və təqib edilir. Bu halın baş verməsi heç şübhəsiz ki, onların hakimiyyətlə fərqli düşünmələri və müstəqil jurnalistika fəaliyyətləri ilə bağlıdır. Alyans müstəqil jurnalistlər Şahvələd Çobanoğlu və Aynur İmranovanın istintaq adı altında təqiblərə məruz qalmasını şiddətlə qınayır, hakimiyyətə Konsitutsiyanın maddələrini xatırlatmaqla, ona hörmət və əməl etməyə çağırır.

Alyans eyni zamanda həbsdə olan bəzi siyasi məhbusların istintaqının aparılmadığını, onların həbs müddətinin luzumsuz şəkildə uzadıldığını qeyd etməklə yanaşı həbsdə olan dindar kəsimə məxsus ictimai fəalların (ilahiyyatçı Tale Bağırzadə, jurnalist Araz Quliyev və digərlərinin) Qobustan Qapalı Həbsxanasına göndərilməsini bir daha pisiləyir.

“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı yuxarıda sadalanan hallardan dolayı ciddi narahat olduğunu bəyan etməklə, hakimiyyəti bu kimi hallara son qoymağa, təməl hüquq və azadlıqlara hörmətlə yanaşmağa, həbsdə olan bütün siyasi məhbusları dərhal və qeyd- şərtsiz azad etməyə çağırır.”

Ana səhifəXəbərlər“Həbsdə olan bütün siyasi məhbuslar qeyd- şərtsiz azad edilməlidir”