Hüseyn Fərəcov: ”Vəd veriblər ki, əfv olunacaq”
Azadlıqdan 3 il müddətinə məhrum olunan AXCP Neftçala Rayon Təşkilatının üzvü Elnur Fərəcov mayın 22-də atası ilə görüşüb.
Bu barədə məhbusun atası Hüseyn Fərəcov Meydan TV-yə deyib ki, oğlunun durumu yaxşılığa doğru gedir:
“Hazırda Elnur Penitensiar Xidmətin Mərkəzi Xəstəxanasındadır, şişi götürülüb, ağrıları azalıb, bir qədər özünə gəlib. Görünür, müalicənin müsbət təsiri var”.
Hüseyn Fərəcov bildirib ki, oğlu azad olunması haqda əfv ərizəsi yazıb:
“Ona deyiblər ki, 1 il yarım vaxtın qalıb, ərizəni yaz əfvə düş, o da yazıb. Vəd veriblər ki, əfv olunacaq”.
Elnur Fərəcov 2016-cı ilin dekabrında Cinayət Məcəlləsinin 234.2-ci (narkotik vasitələrin, psixotrop maddələrin satış məqsədilə qanunsuz əldə edilməsi, saxlanması, hazırlanması və göndərilməsi) maddəsi ilə təqsirli bilinib.
Neftçala Rayon Məhkəməsi E. Fərəcovu 2017-ci ildə narkotik ittihamı ilə 3 il azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb.
Məhbusun səhhəti həbsxanada ötən il pisləşib. O, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Binə qəsəbəsində vərəm xəstələrindən ötrü yaradılan 3 saylı ixtisaslaşmış cəzaçəkmə müəssisəsinə (“tubzon” ) köçürülüb.
Dörd ay “tubzon”da saxlanılan E.Fərəcovun müalicəsinin nəticə vermədiyi bildirilir.
Buna görə də onun Penitensiar Xidmətin müalicə mərkəzinə köçürüldüyü deyilir.
Yaxınlarının deməsinə görə, orada E.Fərəcovun boğazında şiş olduğu müəyyən edilib.