Həbsdə aclıq etdiyi bildirilən fəal məhkəmədə özünə xəsarət yetirib

Cəlil Zabidovla bağlı hökm təxirə salınıb

Foto Meydan TV


Cəlil Zabidovla bağlı hökm təxirə salınıb

D-18 Hərəkatının üzvü, oktyabrın 10-dan həbsdə aclıq aksiyası keçirdiyi bildirilən Cəlil Zabidov səhhətində yaranmış problemlərlə əlaqədar xəstəxanaya yerləşdirilib. Bu barədə Meydan TV-yə hərəkatdan bildirilib.

Sosial şəbəkələrdəki “Korrupsiyaya “yox” de” səhifəsinin əməkdaşı olan C.Zabidov bu il fevralın 9-da keçirilən parlament seçkiləri zaman 72 saylı Yardımlı-Masallı seçki dairəsinin 1 saylı məntəqəsində baş verənlər haqda videoları ictimailəşdirəndən sonra barəsində cinayət işi başlanıb. Bu ilin mayında xuliqanlıq ittihamıyla 5 ay azadlıqdan məhrum edilən C.Zabidovun cəzası oktyabrın 22-də başa çatacaq. Lakin Yardımlı Rayon Məhkəməsində ona qarşı xüsusi ittiham qaydasında qaldırılmış daha bir cinayət işi var. Həmin iş üzrə oktyabrın 12-də Yardımlı Rayon Məhkəməsində ona hökm oxunmalıydı. Bununla əlaqədar C.Zabidov Bakı İstintaq Təcridxanasından Yardımlıya aparılıb.

“Aclıqla əlaqədar vəziyyəti kəskin pisləşib. Ona görə Yardımlı Rayon Polis Şöbəsindən xəstəxanaya aparılıb. Məhkəmə baş tutmayıb, hökm təxirə salınıb”, – deyə Meydan TV-yə bildirilib.

C.Zabidov hesab edir ki, korrupsiya faktlarını ictimailəşdirdiyinə görə ondan qisas alınır və azadlığa buraxılmasının qarşısını almaq üçün xüsusi ittiham qaydasında iddia qaldırılıb. Hazırda buna etiraz olaraq, aclıq aksiyası keçirdiyi bildirilən C.Zabidov bundan əvvəlki məhkəmə iclasında özünə xəsarət yetirib.

Penitensiar Xidmət isə onun aclıq etməsi barədə məlumatı təkzib edib.

C.Zabidov həm xuliqanlıq, həm də hazırda məhkəmə baxışında olan böhtan və təhqir ittihamlarını rədd edir. O, korrupsiya, saxtakarlıq hallarını ictimailəşdirdiyinə görə cəzalandırıldığını iddia edir.

“Mən seçkidə müstəqil müşahidəçi idim. Açıq-aşkar Musa Qasımlının xeyrinə saxtakarlıq edirdilər. Mən bu faktları çəkib yaydım, orada etirazımı da bildirdim. Buna görə komissiya üzvləri məni təhqir elədilər, vurdular. Bunun da videosu yayılıb. Seçki günü olanlarla kifayətlənmədilər. Ertəsi gün məntəqə seçki komissiyasında olanlardan Hamlet Əməşov məni döyüb, qolumu sındırdı. Əvvəl həm onun, həm də mənim haqqımda cinayət işi başladılar. Mənim qolumun sınmasına görə ona daha ağır ittiham vermişdilər. Amma bir qədər sonra onun haqqındakı işi bağladılar, sanki mənim qolum sınmamışdı. O, çevrilib zərərçəkmiş oldu…“, – C.Zabidov məhkəmə zalında həbs olunmamışdan əvvəl Meydan TV-yə açıqlamasında bildirmişdi.

Ana səhifəXəbərlərHəbsdə aclıq etdiyi bildirilən fəal məhkəmədə özünə xəsarət yetirib