Həbs olunan cəbhəçini nə ailəsi görə bilir, nə də vəkili…

Ramid Nağıyevi məhkəməsinə yenə gətirmədilər

Foto: Meydan TV


Ramid Nağıyevi məhkəməsinə yenə gətirmədilər

Qarabağa dəstək yürüşünə görə həbs olunan AXCP fəalları – partiyanın əşkilat şöbəsinin əməkdaşı Ramid Nağıyev və Qaradağ şöbəsinin sədri Elnur Cabbarovun ev dustaqlığına buraxılması məsələsinə baxılıb. Bu iş üzrə araşdırmalar Baş Prokurorluğun İstintaq İdarəsində aparılır. İşi aparan istintaq orqanı Nəsimi rayonu ərazisində yerləşdiyinə görə həbs olunanlar haqqında həbs-qətimkan tədbirinin dəyişdirilməsi məsələsinə də bu rayonun məhkəməsi qərar verməlidir.

E.Cabbarov haqqında işə hakim Rəşid Səmədov, R.Nağıyevin məsələsinə isə Babək Pənahov baxıb. Vəsatətlərin heç biri təmin edilməyib. Hər iki cəbhəçinin ev dustaqlığına buraxılmasından imtina qərarından apelyasiya şikayəti veriləcək.

E.Cabbarov məhkəməsində iştirak etsə də, R.Nağıyev bu dəfə də məhkəməyə gətirilməyib. Onun ev dustaqlığına buraxılması barədə vəsatətə avqustun 29-da baxılmalıydı. Lakin həmin məhkəmə iclasında vəkili Aqil Layıc Ramidin özünün də iştirakını tələb etdiyinə görə proses avqustun 31-nə təxirə salınmışdı. Amma bu gün də məhkəməyə onun özünü gətirməyiblər.

R.Nağıyevin atası Zəkrulla Nağıyev Meydan TV-yə bildirib ki, oğlunun məhkəməyə gətirilməməsi onunla bağlı narahatlıqları daha da artırıb. Çünki Ramid iyulun 18-də həbs olunandan bu yana onunla cəmi bir dəfə danışıblar. Həbsindən bir neçə gün sonra o, ailə üzvlərilə əlaqə saxlayaraq, Penitensiar Xidmətin İxtisaslaşdırılmış Müalicə Müəssisəsinə köçürüldüyünü deyib, ona paltar göndərilməsini istəyib: “Ramid həbs olunandan bu yana onun üzünü görməmişik. Səsini də bir dəfə onda eşidənik. Telefon zənglərinə, görüşə icazə vermirlər. Halbuki, həbsdə olanların ailəsilə görüşmək, telefonla danışmaq hüququ var”.

R.Nağıyevin vəkili Aqil Layıc da ötən ayyarım ərzində hüquqlarını müdafiə etdiyi şəxslə görüşə bilməyib. Vəkilin sözlərinə görə, dəfələrlə müəssisəyə getsə də, görüşə icazə verilməyib.

R.Nağıyev haqqında ilkin istintaq dövrü üçün seçilmiş həbs-qətimkan tədbirindən verilən apelyasiya şikayətinə baxılanda onun özünü gətirməmişdilər.

R.Nağıyev və Qarabağa dəstək yürüşünə görə həbs olunan digər cəbhəçilərə qarşı Cinayət Məcəlləsinin 186.2.1 (əmlaкı qəsdən məhv etmə və ya zədələmə) 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə) maddələrilə ittiham irəli sürülüb. AXCP Rəyasət Heyətinin üzvləri Fuad Qəhrəmanlı və Məmməd İbrahim isə bu maddələrlə yanaşı, həm də CM-in 278-ci (hakimiyyəti ələ keçirməyə cəhd) maddəsilə ittiham olunur.

AXCP isə bəyan edib ki, bu ittihamlar saxtadır və Prezident İlham Əliyevin Xalq Cəbhəsinə qarşı repressiya göstərişinin nəticəsidir.

Ana səhifəXəbərlərHəbs olunan cəbhəçini nə ailəsi görə bilir, nə də vəkili…