Hal şahidi: Əvvəllər digər cinayət işlərində də şahidlik etmişəm

Əhsən Nuruzadə şahidin dediklərini yalanladı

Source:
Əhsən Nuruzadə
Əhsən Nuruzadə


Əhsən Nuruzadə şahidin dediklərini yalanladı

Fevralın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Müsəlman Birliyi” Hərəkatının həbsdə olan koordinatoru Əhsən Nuruzadənin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

İclasda polis əməkdaşı olan Anar Şəfiyev dindirilib. O bildirib ki, Əhsən Nuruzadənin saxlanılmasında iştirak edib, idarədə üzərinə baxış keçirilən zaman ondan üç bükülüdə olan narkotik maddə aşkar olunub. O, Ə.Nuruzadə saxlanılan zaman onun üzərinə baxış keçirmədiklərini deyib. Bildirib ki, həmin vaxt yanlarında hal şahidi olmayıb və baxış keçirməyə əlverişli şərait yaranmayıb:

“Əhsən Nuruzadəni əvvəllər tanımamışam, onun fəaliyyəti haqda məlumatım yox idi. Ona saxlanılarkən və ondan sonra təzyiq olmayıb. Şalvarının cibindən üç bükümdə narkotik aşkar edilib. Saxlanılarkən etiraz etmədi”.

Əhsən Nuruzadə bu polis əməkdaşının onun tutulmasında iştirak etmədiyini bildirib.

Onun sözlərinə görə, taksi ilə gedərkən Səməd Vurğun bağının yanında maşının qarşısını kəsib, onu düşürüblər. Onu idarəyə aparıblar: “Bu adamı idarədə görmüşəm. Məndən Fərid adlı adam ifadə alıb”.

Hal şahidi Namət İbrahimov da iclasda ifadə verib. Bildirib ki, üzərinə baxış keçiriləndə üç büküm narkotik çıxıb. Əhsən Nuruzadə isə həmin vaxt narkotikin hardan onun üzərində olduğunu bilmədiyini deyib:

“İdarənin qarşısından keçirdim. Məni dəvət elədilər ki, hal şahidi olum. Əvvəllər insan alveri və digər cinayət işlərində də şahid kimi iştirak eləmişəm”.

Vəkil Fariz Namazlı ondan hər hansı xəstəlikdən əziyyət çəkib-çəkməməsini soruşub. O, hər hansı xəstəlikdən əziyyət çəkmədiyini, içki ilə əlaqədar tez-tez qanını yudurtduğunu deyib: “Allah Prezidentin canını Allah sağ eləsin, qanı yudurtma 12 manatdır”.

Proses fevralın 20-də davam edəcək.

Ə.Nuruzadə ötən il oktyabrın 6-da DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs olunub. Ona CM-nin 234.4.3 (satış məqsədi ilə külli miqdarda narkotik əldə etmə, saxlama) maddəsi ilə ittiham verilib. Onun üzərindən 14.775 qram heroin tapıldığı iddia olunur.

Amma o, ittihamı rədd edir. Bildirir ki, onu şərləyiblər.

Ana səhifəXəbərlərHal şahidi: Əvvəllər digər cinayət işlərində də şahidlik etmişəm