Repressiyalara Müqavimət Mərkəzi “Maqnitsky siyahısı”nın Azərbaycan versiyasını tərtib edib. Siyahıya ilk olaraq siyasi məhbuslarla bağlı hökm çıxaran 6 hakimin adı daxil edilib. Hüquq müdafiəçisi Leyla Yunus bu təşəbbüsün ilk dəfə 11 iyunda Vaşinqtonda , Helsinki Komissiyasının iclasında səsləndirildiyini bildirib. O deyib ki, Avropa Komissiyasının prezidenti Joze Manuel
Barrozo
da Azərbaycanda “ Maqnitsky siyahısı”nın hazırlanması təklifini dəstəkləyib.
Hüquq müdafiəçisi deyib ki, növbəti mərhələdə siyasi məhbuslarla bağlı işləri aparan Prokurorluq, Daxili İşlər Nazirliyi və MTN işçilərinin adları da “Maqnitsky siyahı”sına salınacaq. Leyla Yunus bildirib ki, Amerikalı senator Bencamin Kardin 28 iyunda Bakıya gəlir. O, senatorla görüşdə də bu məsələni müzakirə edəcəyini bildirib.
2012-ci ilin dekabrında ABŞ insan hüquqlarının və qanunun aliliyinin pozulmasına görə məsuliyyət daşıyan şəxslərə qarşı “Maqnitsky Akt”ı qəbul edib. Siyahıya adı düşmüş şəxslərə ABŞ-a səfər etmək qadağan edilir. Onlara fərdi, maliyyə sanksiyaları da tətbiq edilə bilər.