İndiki halda dövlət, sadəcə olaraq, iqtisadiyyatın gələcək problemlərini sonraya saxlayaraq büdcədə gözlənilən problemləri həll etmək qərarına gəldi
Fevralın 21-də manatın dollara nisbətdə məzənnəsi 1,05 manat, avroya nisbətdə 1,19 manata endirildi. Uzun müddətdir, ölkənin maliyyə sisteminin dünyada ən davamlılardan biri olduğu deyilirdi və milli valyutanın belə kəskin devalvasiyası cəmiyyətdə təşviş yaratdı. AMB rəhbəri hər şey qaydasındadır deyib, camaatın başının altına yastıq qoyur, manatın sabitliyinə inandırırdı.
Manatın məzənnəsinin özü də belə kəskin düşürülməsinə obyektiv səbəblər sanki yox idi: hələ valyuta ehtiyatları yetərincədir, tədiyə balansında profisit var. Qərbin sanksiyaları, beynəlxalq borc bazarlarına çıxışın bağlanması və ölkədən kapital axını ilə üzləşən Rusiyadan fərqli olaraq, Azərbaycanın maliyyə bazarında vəziyyət daha yaxşı idi. Amma ekspertlər anlayırdı ki, büdcədə problemlər yaranır və manatın məzənnəsinin düşməsi labüddür. AMB mübadilə məzənnəsinə yenidən baxılmasına eyham vururdu. Bəyan edirdi ki, bundan sonra inflyasiya və deflyasiyaya nəzarət edəcək: iqtisadiyyatda gerçəkdən deflyasiya prosesləri müşahidə edilirdi. Sonra AMB bivalyuta səbətinə keçidliyini bildirdi, analitiklər dolların 0,85 manata yüksələcəyini bildirirdi. İqtisadçıların çoxu düşünürdü ki, devalvasiya 10 faizi keçməyəcək, prosesin yavaş-yavaş gedəcəyinə inanılırdı.
Hökuməti bu gözlənilməz addıma nə vadar etdi? AMB əvvəl bəyan edirdi ki, ölkənin ticari tərəfdaşlarının çoxunda valyuta məzənnələrinin kəskin düşməsi Azərbaycan ixracatının rəqabət qabiliyyətini azaldıb. Bu, doğrudur, hərçənd ixracatın 92-92faizi dollarla nominasiya olunan neftdən ibarətdir. Qonşu ölkələrdə məzənnələrin düşməsi, əlbəttə, dollara tələbatı artırırdı. Manatın məzənnəsini qorumaq getdikcə çətin olurdu və hökumət AMB-nin valyuta ehtiyatının kəskin azalacağından qorxurdu. Hərçənd AMB bundan sonra da müəyyən olunmuş dəhliz çərçivəsində valyuta bazarında iştirak edəcəyini bəyan edib, baş verən devalvasiya bu valyuta ehtiyatlarının itkilərini əhəmiyyətli dərəcədə azaldacaq. Həmçinin ehtimal etmək lazımdır ki, hökumət dünyada neftin qiymətinin artacağına ümid edərək bir müddət gözlədi. Buna inamını tam itirəndən sonra büdcə problemlərinin həllinə keçdi.
Məlum olduğu kimi, 2015-ci lin büdcəsində neftin qiyməti bir barrel üçün 90 dollardan götürülüb və dövlət hətta regionun bəzi neft hasil edən (İran, Qazaxıstan) ölkələri bu proqnozu bir barrel üçün 50 dollara salandan sonra da bu proqnoza yenidən baxmadı. Bu şəraitdə hökumətin seçimi çox deyildi – ya bir müddətdən sonra büdcənin sekvestrinə getmək, – çünki neftin dünya bazarında qiymətinin azalmasının nəticəsi olaraq gəlirlər əhəmiyyətli dərəcədə azalacaq, – ya da devalvasiyaya getməli idi. Hökumət ikincini seçdi.
Belə situasiyada manatı möhtəkirlərin yıxdığını demək axmaqlıqdır, belə bəyanatlar isə bəzi hökumətyönlü deputatların dilindən səslənib. Devalvasiyada ölkənin baş bankirini günahlandırmaq da mənasızdır: belə qərarlar siyasidir və ölkə rəhbərliyindəki dar çevrədə qəbul olunur. Onu bilə-bilə cəmiyyəti aldatmaqda qınamaq olaraq, ancaq bunu bir çox mərkəzi bankların rəhbərləri edir. İndiki halda dövlət, sadəcə olaraq, iqtisadiyyatın gələcək problemlərini sonraya saxlayaraq büdcədə gözlənilən problemləri həll etmək qərarına gəldi. Bu zaman hakimiyyətin gözünün qarşısında məhz bu yolla cari büdcə problemlərini həll edən Rusiya nümunəsi var idi.
Hakimiyyət bu qərarı gec verə bilərdimi? Yəqin ki, hə. Ancaq AMB-nin dekabr və yanvarda iki iri valyuta müdaxiləsi aydın şəkildə göstərdi ki, bu halda ölkənin valyuta ehtiyatlarının əhəmiyyətli şəkildə azalma təhlükəsi yaranır. Görünür, büdcənin gəlirləri ilə də bağlı problemlər gözlənilirdi. Hökumət ləngiməmək qərarı verib.
Devalvasiyaya bir çox ölkələrdə gediblər və gedirlər. Bir qayda olaraq, onlar “yumşaq rejimdə”, məsələn, valyuta müharibələri çərçivəsində həyata keçirilir. Kəskin devalvasiya isə adətən, xarici səbəblərin təzyiqi altında həyata keçirilir və bəzən yerində olur. Bu uğurlu devalvasiya təcrübəsi 2007-ci ildə Polşada, maliyyə böhranı ərəfəsində həyata keçirildi. Zlotı təxminən bir yarım dəfə ucuzlaşdırıldı və məlum olduğu kimi, böhrandan, demək olar ki, zərər çəkmədi. Ancaq məlumdur ki, əgər bu ölkədə devalvasiya bir sıra digər səbəblərlə dəstəklənməsəydi, müsbət nəticə verməzdi. Birinci və ən əsası: devalvasiya olan zaman Polşa iqtisadiyyatında tam islahat həyata keçirilmişdi (devalvasiya qərarına o da təsir etdi ki, Polşada həcmli daxili bazarı var idi – buna bugünki böhranlı Rusiya da ümid edir). Polşada artıq bahalanmış idxalı əvəz etməyə hazır olan enerjili milli istehsalçı, ümumiyyətlə, xarici bazara can atan və yaxşı ixrac mövqeləri olan güclü sənaye formalaşmışdı. Ölkədə biznesə bürokratik təzyiq olduqca az idi. Polşa islahatlarda nəzərəçarpan dərəcədə irəli getdiyinə görə bu ölkəni Avropa subsidiyalarının iri alıcısına çevirən Brüsselin dəstəyindən yararlanırdı. Bu vəsaitlər olduqca effektiv yerli idarəetmə sisteminə (bunu xüsusi qeyd edək!) yönəldilirdi, o da bu subsidiyaları daha sərfəli layihələrə sərf edirdi. Əlini ürəyinin üstünə qoyub bunlardan hansını Azərbaycan iqtisadiyyatına aid etmək olar – heç birini. Bir sözlə, yalnız bütün iqtisadi sistem belə qərara hazır olanda devalvasiyanın müsbət effekti şübhəsizdir.
Bundan sonra nə gözləmək olar? Manatın devalvasiyası yüksəkdir – 34 faiz. Bu, bahalanan dolların büdcəni plan göstəriciləri səviyyəsində manatla təmin edə biləcəyi səviyyəyə uyğundur. Bunu neftin barrelinin qiymətini manatla hesablamaqla yoxlamaq olar. Neftin barreli 90 dollar götürüləndə bu, təxminən 70 manat edirdi. İndi neft 60 dollardır və 1,05 manatlıq məzənnə ilə 1 barrel 63 manat edir. Yəni neftin ucuzlaşmasından itkilər praktik olaraq kompensasiya olunur. Büdcənin inflyasiya vasitəsilə gözlənilən doldurulmasını da nəzərə alaq. Yəni prosesin əsas benefisiarı olan Maliyyə Nazirliyi indi büdcənin çağırışlarına cavab verə biləcək. Təbii ki, ARDNF-nin valyuta ehtiyatlarına da qənaət ediləcək. Çünki Fondun büdcəyə transferləri manatla nominasiyaolunub və o, ucuzlaşıb. Ehtimal etmək olar ki, insaydlara çıxışı olan digər iri iqtisadi qruplar da zərərdə olmadı.
Əhalinin böyük hissəsi üçün devalvasiya problemlər vəd edir və onlar başlayıb. İnflyasiya labüddür və birrəqəmli həddi keçəcək. Qiymət artımı dollar xərcləri ilə bağlı olan sahələrdə isə dərhal başladı. “AZAL” aviaşirkəti aviabiletləri bahalandırdı. Turizm firmalarında da çöküş təhlükəsi var, çünki xaricə səfər zamanı aviabiletlər və otellərə ödəniş dollar və avro ilədir. Evlərin qiyməti bu yaxınlarda manatla hesablanırdı, manat ucuzlaşandan sonra rieltorlar ya dollara keçəcək, ya da manatla qiymətlər bahalanacaq. Devalvasiya elan ediləndən iki saat sonra mağazalarda xüsusən xarici məişət texnikasına ajiotajlı tələbat başladı. Ölkədə istehlak tələbatının ümumi azalması fonunda bu, xüsusən qəribədir. İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti bəyan etdi ki, qiymət artımının qarşısını almaq üçün topdan və pərakəndə şəbəkələri nəzarətə götürüb. Amma uğursuz cəhddir: bazar günü topdansatışçıların yeni qiymətlərinə hazır olmayan Sədərək Ticarət Mərkəzi işləməyib.
Xüsusən valyuta ilə kreditləşmədə problemlər gözləmək olar. Möhkəm valyuta ilə kredit götürənlər krediti qaytarmaqda çətinlik çəkəcək. İndiki devalvasiya bir çox bankların böhran həddinə çatması ilə nəticələnə bilər. Üstəlik, beynəlxalq reytinq agentlikləri şirkət və bankların reytinqlərini azaltmağa başlayacaq. Bu isə bankların xaricdən əlverişli qiymətlə borc almaq imkanına təsir edəcək. Əgər banklar dövlət dəstəyi üçün növbəyə dursa və real sektora əhəmiyyət verilməsə, bu, lap pisdir.
Ölkənin imic itkisi də çox yüksəkdir. Ölkədə maaş və pensiyalar dollar ifadəsində hec də yüksək deyildi, indi isə lap düşdü.
Sanki inanmaq olar ki, AMB-nin iqtisadiyyatın inflyasiyanı tənzimləmək üçün yetərincə alətləri var. Amma pul kütləsinin sıxılıması imkanı çox məhduddur, indiki şəraitdə Mərkəzi Bankın təkrar maliyyələşmə dərəcəsini dəyişməsi pulun qiymətinə az təsir edəcək, inkişaf etmiş maliyyə bazarı isə yoxdur.
Mərkəzi Bank bəyan edir ki, məqsədi milli iqtisadiyyatın şaxələndirilməsinə əlavə stimullar yaratmaq, onun beynəlxalq rəqabət qabiliyyətini və ixrac potensialını daha da gücləndirməkdir. Amma bu halda da hökumət mürəkkəb dilemma qarşısında qalır. Adətən, artan inflyasiyanın qarşısını almaq üçün təkrar maliyyələşmə dərəcəsini qaldırırlar. Amma bu halda sənaye sektoru və sahibkarlığın kredit imkanı üçün risk yaranır. Onlara ucuz kredit lazımdır. Ucuzlaşan manat ölkənin ixrac potensialını o vaxt yüksəldə bilir ki, sahibkarlığın kreditə çıxışı olsun. Beləliklə, AMB labüd olaraq çətin seçim qarşısında qalacaq və yaxın vaxtlarda təkrarmaliyyələşmə dərəcəsinin artırımasını gözləmək olar.
İnanmaq lazımdır ki, hökumət devalvasiyanın sosial risklərini anlayır. Cəmiyyətin illüziyaları sona çatıb. Hakimiyyətlə cəmiyyət arasında ictimai müqavilə pozulub və bu, mürəkkəbliklər vəd edir. Onu sabitlik və tələsmədən irəliyə doğru hərəkət qoruyurdu. Son yarım ildə hökumət sənayeni inkişaf etdirmək, qeyri-neft məhsullarını ixracata çıxarmaq üçün qızğın səylər edib, amma heyhat, qızıl kimi vaxt geridə qalmışdı.
Kütlələrin ümumi kasıblaşması barədə pafoslu ritorkaya qapılmaq istəməzdik. Amma iqtisadiyyat çətin bir dövrə daxil olub.
Bu gün nə etmək olar
?
Əvvəla, anti-böhran mərkəzi yaratmaq təklif edən ekspertlər haqlıdır. Hökumətin yeni çağırışlara cavab və anti-böhran idarəetməsi üzrə təcrübəsi azdır. Vəziyyət pisləşməmiş bu mərkəzə müxtəlif sahələrə aid müstəqil və eyni zamanda peşəkar ekspertləri cəlb etmək olardı.
İkincisi, hökumətin qarşısına qoyduğu və icrasına başladığı vəzifələrin həllini sürətləndirmək lazımdır. Söhbət korrupsiya ilə mübarizə, məmurların gəlir və xərcərinə nəzarətdən, Rəqabət Məcəlləsi və digər qanunvericilik aktlarının qəbulundan gedir. İnflyasiyanın tüğyanına yol verməməyin ən yaxşı üsulu inhisarçılığı məhdudlaşdırmaqdır. Ölkə rəhbərliyi bu barədə dəfələrlə danışıb. Əgər hökumət qeyri-neft sektorunun ixrac potensialını ciddi şəkildə qaldırmaq istəyirsə, yenidən sənayeləşmə daha yüksək sürətlə getməlidir. Ərzaq təhlükəsizliyi dövlət proqramı tam həcmdə həyata keçirilməlidir: bu, istehlak bazarında inflyasiyanın qarşısını xeyli ala bilər.
Üçüncüsü, iqtisadiyyatın yeni impuls və dinamikaya ehtiyacı var. Birbaşa xarici investisiyalar üçün mübarizə aparmaq, onların cəlb edilməsi üçün şərait yaratmaq lazımdır. Biznes üçün maneələri aradan qaldırmaq, mülkiyyət hüququna zəmanət vermək lazımdır. Bunun üçün iqtisadi və siyasi sistemdə liberallaşmaya ehtiyac var.
Aydındır ki, qarşıdakı bir neçə həftə iqtisadiyyatı həyəcanlandıracaq. Hökumət qiymət artımına mane olmaq üçün inzibati tədbirlərə əl atacaq. Amma bu dəfə o, çox çətin olacaq. Elə bu səbəbdən də cəmiyyətə başqa perspektivlər təklif edilməlidir. Böhrandan çıxış onun yeni azadlıqları və birbaşa iştirakı ilə olmalıdır. Devalvasiya artıq baş verib və indi cəmiyyətin bütün energetikasını bütün mənfiləri müsbət cəhətlərə çevirməyə yönəltmək vacibdir. Bu gün hər şeyi siyasiləşdirməyə vaxt itirilməməlidir. Gözlənilən çətinliklər fonunda hakimiyyətin siyasi məhbuslara qarşı sərtliyi çox səmərəsiz görünür.
Və sonda. Devalvasiyadan sonra “daha bir devalvasiya ola bilərmi?” kimi həyəcanlı suallar verilir. Cavab veririk: belə kəskin devalvasiya daha olmamalıdır. Şənbə günündəki devalvasiyadan sonra manat neftin qiymətinə daha həssas oldu. Bundan sonrakı hərəkətlər neftin qiymətindən asılı olacaq.
“Turan” Analitik Xidməti