“Hakimiyyətin siyasi məhbus yoxdur deməsi, yalandır” (VİDEO)

Avqustun 25-də Müsavat Partiyasının Qərargahında vəkillərin, partiya funksionerlərinin, vədəndaş cəmiyyəti fəallarının, siyasi məhbus ailələrinin iştirakı ilə siyasi məhbuslarla bağlı tədbir keçirilib.

Çıxış edən Müsavat başqanı Arif Hacılı bildirib ki, Azərbaycanda siyasi məhbus problemi eks-prezident Heydər Əliyevin hakimiyyətindən sonra yaranıb. Əvvəllər siyasi məhbusların əfvlə azad olunduğunu deyən partiya başqanı bu il prezident İlham Əliyevin əfv imzalamadığından danışıb.


Arif Hacılı bildirib ki, hazırda Azərbaycan siyasi məhbusların sayına görə dünyada birinci yerdədir.

Uzun müddət həmçinin, beynəlxalq hüquq müdafiə təşkilatlarının siyasi məhbus kimi tanıdığı şəxslərin vəkili işləyən və hazırda Vəkillər Kollegiyasındakı fəaliyyətinə xitam verilən Xalid Bağırov çıxışında ölkədəki siyasi məhbusların sayından danışıb.


Nida Vətəndaş Hərəkatının həbsdə olan üzvü İlkin Rüstəmzadənın atası çıxışında deyib ki, o, belə tədbirlərin tez-tez və daha kütləvi şəkildə keçirilməsinin tərəfdarıdır: Onun söylədiyinə görə, Azərbaycan hakimiyyətinin ölkədə siyasi məhbus olmadığını deməsi həqiqətəuyğun deyil.


Hazırda həbsdə olan Sirac və Fərəc Kərimlinin atası Raqif Kərimli deyib ki, Azərbaycandakı siyasi məhbusların ağrılı tərəfi onlara qarşı qaldırılan ittihamlardır. O, Belarus prezidenti Lukaşenkonun iki gün əvvəl 6 siyasi məhbusu azad etməsi məsələsinə də toxunub.


Raqif Kərimli siyasi məhbus hesab edilən şəxslərin əfv ərizəsi yazmalarına qarşı olduğunu da deyib. Digər çıxışçılar siyasi məhbuslarla bağlı vəziyyətin müsbətə doğru dəyişməsi üçün ictimai nəzarətin güclənməsinin də vacib olduğunu deyiblər.

Ana səhifəVideo“Hakimiyyətin siyasi məhbus yoxdur deməsi, yalandır” (VİDEO)