Yeni həbslər və məhkəmə hökmləri siyasi məhbus məsələsini gündəmdən düşməyə qoymur. Hakimiyyət siyasi məhbus probleminin olmadığını israrla bildirsə də, həbs edilənlərə qarşı irəli sürülən ittihamlar fərqli mənzərə yaradır. Durumu hüquq müdafiəçisi Rəsul Cəfərovla müzakirə etdik.
–
Rəsul bəy, mayın 14-dən etibarən Azərbaycanın Avropa Şurası Nazirlər Kabinetinə sədrliyinə start verildi və ardınca qəribə hadisələr oldu. Fransa prezidenti Fransua Ollandı Bakı səfərində müşayət edən jurnalistlər hava limanında saxlanıldı, çəkilişləri alındı və ölkələrinə deportasiya olundular. Mayın 15-də isə “Bizim Yol” qəzetinin əməkdaşı, hüquq müdafiəçisi Pərviz Həşimli 8 il azadlıqdan məhrum edildi. Bu, Azərbaycanın AŞ Nazirlər Kabineti sədrliyinə hansı münasibətidir?
– Hörmətsiz münasibətdir. Sədrlik mayın 14-dən başlayıb və qeyd etdiyiniz faktlardan əlavə başqa olaylar da olub. Ali Məhkəmə bloqer Rəşad Ramazanov haqqında 9 il azadlıqdan məhrumetmə hökmünü qüvvədə saxlayıb, Salyanda hüquq müdafiəçisi Emil Məmmədov barəsində 3 aylıq həbs-qətiimkan tədbiri seçilib, o, 5 ildən 10 ilə qədər azadlıqdan məhrum edilə bilər. Bu faktları bir yerə toplayanda demək olar ki, Azərbaycan hakimiyyəti Nazirlər Kabineti sədrliyinə hörmətsiz yanaşır və öhdəliklərinə dəyər vermir. Xarici işlər naziri Elmar Məmmədyarov mayın 6-da Vyanada, mayın 14-də isə Azərbaycanın Strastburqdakı daimi nümayəndəsi Emin Eyyubov bayrağımızın qaldırılması mərasimində eyniməzmunlu açıqlamalarla çıxış ediblər ki, Azərbaycan insan haqlarına hörmətlə yanaşacaq, qanunun aliliyini qoruyacaq, demokratiya istiqamətində addımlar atacaq.
–
Bəs o yanaşma və Bakıdakı həbslər nə deməkdir?
– Azərbaycan hakimiyyəti, ilk növbədə, özünə və sözünə hörmətsiz yanaşır. İkinci, Avropa dəyərlərinə hörmətsizliyini sübut etmiş olur. Bizim üçün bir nəticə ortalığa çıxır: Azərbaycan hakimiyyətinin insan hüquqlarının qorunması və demokratiyayla bağlı verdiyi vədlərə inanmaq olmaz. Ona görə mütəmadi şəkildə tənqidləri, təzyiqləri, çağırışları artırmaq lazımdır.
–
Hansı vasitələrlə artırmaq lazımdır?
– Metodlar müxtəlifdir, daha yumşaq və daha sərt metodlar var. Hazırda dünyada ən sərt hesab olunan metodlardan biri ciddi sanksiyaların tətbiqidir. Təəssüflər ki, Azərbaycanla bağlı sanksiyaların tətbiqi real görünmür, çünki sanksiyalar adətın işğal olanda tətbiq edilir, yaxud insan ölümləri.
–
Amma sanksiyalar məsələsində Belarusa fərqli münasibət var?
– Bəli, fərqli münasibət var, amma orda da sanksiyaların qüvvəsi elə də yüksək deyil. Məsələn, Ukrayna olaylarından sonra Rusiyaya edilən ilkin sanksiyalarla Belarusa illərlə edilən sanksiyaları müqayisə edəndə, birmənalı demək olar ki, Minskiyə heç də ağır sanksiyalar tətbiq olunmur. Xüsusi bank hesabları dondurulmaları yoxdur, bəzi səfər sanksiyaları olub və onların da müəyyən mərhələləri var, yəni zəif, orta və güclü. Azərbaycanla bağlı beynəlxalq sanksiyalar real olmadığından biz hüquq müdafiəçiləri müxtəlif növ metodlardan istifadə edirik.
–
Məsələn, hansı metodlardan?
– İyunda Azərbaycanın da AŞ PA-da təmsil olunacağı sessiya keçiriləcək, tədbirin əhəmiyyəti ondan ibarətdir ki, prezidentin və XİN rəhbərinin iştirakı gözlənilir. Həm avropalı deputatlar, həm də şuranın icra strukturunda çalışanlar üçün öz narahatlıqlarını dövlət rəsmilərinə çatdırmağa yaxşı imkan yaranıb. Mayın 18-də isə Azərbaycan üzrə həmməruzəçilər Bakıya gəlir, bizim onlara çağırışımız var ki, heç olmasa siyasi məhbus məsələsini ciddi şəkildə qaldırsınlar. Mayın 20-də AŞ baş katibi Yanqlandın səfəri gözlənilir, eyni çağırışı cənab Yanqlanda da etdiyimizdən ondan da böyük gözləntilərimiz var.
–
Yəqin xəbəriniz var ki, bir sıra təşkilatlar prezident Əliyevə əfv fərmanı üçün müraciət edib. Son 20 ildə oxşar müraciətlər olub və əfv fərmanı imzalanmaqla siyasi məhbus məsələsi müəyyən zaman müddətində gündəmdən çıxıb, amma sonradan bir daha qayıdıb. Oxşar situasiya yaransa, sizin münasibəti necə olacaq?
– Münasibət belə olacaq ki, bu, problemin birmənalı həlli deyil. Çünki siyasi məhbus problemi Azərbaycanda qapalı problem kimi qalır. Onun da mahiyyəti odur ki, bir tərəfdən kimlərsə azadlığa buraxılırlarsa, başqa tərəfdən kimlərsə siyasi motivlərlə həbs olunur. Uzağa getməyək, 2012 və 13-cü illəri müqayisə etdikdə vəziyyəti asanlıqla görmək olur. 2012-ci ilin iyun və dekabr aylarında ümumilikdə 50-yə qədər siyasi məhbus azadlığa buraxılmışdı, onların arasında “2 aprelçilər”, bloqerlər, dindar kəsimin nümayəndələri vardı. Amma 2013-cü ilin yanvarından İsmayıllıda etiraz aksiyaları başladıqdan sonra yeni həbs dalğası başlandı və təəssüf ki, bugünə qədər davam edir.
–
Və sizlər də Azərbaycanda 140 siyasi məhbusun olduğunu deyirsiniz?
– Azərbaycanda 100-dən artıq siyasi məhbus var, sayla bağlı vahid siyahının hazırlanması prosesi gedir.
–
Kimlərlə siyahını hazırlayırsız?
– Azərbaycanda siyasi məhbus problemi ilə məşğul olan bütün təşkilatlarla, məsələn, Monitorinq Qrupu.
–
Ancaq Monitorinq Qrupu hesab edir ki, Azərbaycanda 30-40 arası siyasi məhbus var…
– Biz Monitorinq Qrupuna öz təklifimizi və arqumentlərimizi təqdim etmişik. Şəxsən mən qrupun üzvləri ilə görüşüb vəziyyəti izah etdim. Onlar da öz mövqelərini bildirdilər. Ümumi razılıq ondan ibarət olub ki, siyahı üzərində iş aparılsın və bizim onları inandırmağımız daha real olsun.
–
Mübahisəli məqam nədən ibarətdir ki, siz onları inandırmalısınız?
– Mübahisəli məqam daha çox dindar kəsimi təmsil edən siyasi məhbuslarla bağlıdır.
–
Onlar hansı dindar siyasi məhbusları qəbul etmirlər?
– Demək olar ki, heç kimi. Mübahisə bir nəfərin üstündə yoxdur. O da ilahiyyatçı Taleh Bağırovdur. Ancaq “Səid Dadaşbəylinin dəstəsi” adı ilə həbs olunanlar, İslam Partiyasının üzvləri, jurnalistlər Nicat Əliyev, Araz Quliyev və hicab məhbuslarını siyasi məhbus saymırlar.
–
O zaman ortaq məxrəcə gəlmək üçün nöqtələr varmı?
– Bəli. Qarşı tərəf bir az gözləməyi məsləhət görür, o mənada ki, may, yaxud iyunda kifayət qədər böyük əfv fərmanı olacaq.
–
İnanırsınızmı?
– Açığı mənim inamım azdır. Amma ona görə gözləməyə razılıq verdik ki, biz hər hansı siyasi oyunlarda deyilik, yalnız vahid siyasi məhbus siyahısının hazırlanmasında maraqlıyıq.
–
Yəni qarşı tərəf siyasi oyunlarda ola bilər?
– Mən istisna etmirəm və özlərinə də demişəm. Çağırışımız ondan ibarət olub ki, hüquq müdafiəçisi üçün digər elementlərin əhəmiyyəti yoxdur. Hüquq müdafiəçisi üçün əsas element odur ki, təqsirləndirilən vətəndaşa qarşı qanunsuzluq olub, yoxsa yox. Əks təqdirdə, o adam agentdir, agent deyil, İranla, ya da Rusiyayla bağlıdır kimi fikirlər kriteriya ola bilməz.
–
Kriteriya məsələsinin detallarına varaq, xatırlayırsınızsa, prezident Əliyev demişdi ki, Azərbaycanda siyasi məhbus yoxdur, çünki Avropa Şurasının özü siyasi məhbus meyarını müəyyən etməyib. Bu fikrin qarşısına hansı arqumenti qoya bilərsiniz?
– Bu, prezident İlham Əliyev tərəfindən həqiqəti əks etdirməyən fikirdir. Avropa Şurasının Parlament Assambleyası 2012-ci ilin oktyabrında məhz Azərbaycan nümayəndə heyətinin uzun aylar ərzindəki təkidindən sonra “Siyasi məhbus meyarı” sənədi təsdiq edib. Sənəddə 5 meyar müəyyən olunub. Birinci və ən əhəmiyyətli məsələ ondan ibarətdir ki, həbs olunan şəxslərin fikir, söz, toplaşmaq, birləşmək azadlıqları kimi fundamental azadlıqlardan istifadə etməsi görünsün. İkinci, həbs olunanlara qeyri-adekvat cəzanın verilməsidir, heç saxlanma da olmamalıdır, sırf xəbərdarlıq mümkündür. Başqa məqamlar ondan ibarətdir ki, əgər şəxsin vicdan azadlığına görə həbs olunması müəyyən edilsə, o, siyasi məhbus sayılır. Həmin sənəddə vicdan və siyasi məhbus fərqi qoyulmur, düzgün yanaşma da budur. Vicdan məhbusu Beynəlxalq Amnistiya Təşkilatı tərəfindən verilən statusdur, kim həmin statusu alırsa, lap yaxşı. Yəni vicdan məhbusu alan məhbusun durumu bir az da güclənir.
–
Ancaq Azərbaycanda əksinə olur…
– O anlamda əksinədir ki, Azərbaycanda 20-dən çox vicdan məhbusu olsa da, onların azadlığa çıxmasına bu fakt kömək etmir.
–
Dini kəsim olan siyasi məhbuslarla bağlı həmkarınız Eldar Zeynalov bildirmişdi ki, Avropa Şurası dindar məhbuslara digərlərindən fərqli yanaşır. Bu fikri bölüşürsünüzmü?
– Xeyr, düzgün deyil, deyilənlərdə manipulyasiya ehtimalı görünür. Çünki siyahını məruzəçi Kristofer Ştrasser hazırlayıb, onu da Avropa Şurası Azərbaycan üzrə məruzəçi təyin edib. Həmin siyahıda islamçılarla bərabər digər dindarların adları da yer alıb. Sadəcə, Azərbaycan hakimiyyətinin mövqeyini müdafiə edən deputatlar birmənalı şəkildə özlərinə bəraət qazandırmaq adı ilə istifadə etdikləri arqument bu idi ki, siyahıda dindar kəsim də var, bəlkə tanımadığımız adamlar var ki, terrorçu ola bilər. Amma heç kim onların terrorçu olduğunu birbaşa iddia etmirdi. Cənab Ştrasserin sənədi təsdiqlənməyəndə Azərbaycan nümayəndə heyətinin sevincini görsəydiniz, düşünərdiniz ki, bu, futbol azarkeşlərinin sevincinə bənzəyir.
–
Rəsul bəy, yaxın 6 ayda gözləntiləriniz nədən ibarətdir, o mənada ki, hakimiyyət Nazirlər Kabineti sədrliyi şansından insan haqlarının müdafiəsində, demokratiyanın və digər azadlıqların müsbət dəyişikliklərdə maraqlıdırmı?
– Təəssüf ki, hökumət fürsətdən istifadədə maraqlı görünmür. İndi ritorika ondan ibarətdir ki, biz daha çox müstəqilliyimiz haqqında düşünməliyik, regionda İran, Rusiya var. Amma bunlar məntiqsiz arqumentdir. İlqar Məmmədov saxta, qondarma cinayət işi ilə 7 il azadlıqdan məhrum edildi, sual yaranır, ReAL sədri həbs olunmasaydı, Rusiya və İran Azərbaycana müdaxilə edəcəkdi, yaxud hərbi təhdidlə çıxış edəcəkdi? Əlbəttə ki, yox! Amma hakimiyyət bu rotorikanı səsləndirməklə dəyişikliklərdə maraqlı olmadığı təəssüratı yaradır. Bununla belə, ümidim böyük olmasa da, az da olsa ehtimal edirik ki, iyunda hamı tərəfindən qəbul olunmuş siyasi məhbuslar azadlığa buraxılacaqlar.