Hakimiyyətə mesajlar

Dövlət başçısının ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Gəncədə baş verən hadisələr və cəmiyyətin buna münasibəti barədə “Facebook” səhifəsində yazı paylaşıb

Source:

Dövlət başçısının ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Gəncədə baş verən hadisələr və cəmiyyətin buna münasibəti barədə “Facebook” səhifəsində yazı paylaşıb. Bu zaman cənab Həsənov ixtisası olan tarixə də ekskurs edib. O, Rusiya inqilabi hərəkatının önəmli bir hadisəsini xatırladıb.

Sitat: “XIX əsr Rusiyasında Vera Zasuliç adlı qadın ilk terror aktını həyata keçirəndə rus ziyalılarının müəyyən kəsimi onu qəhrəman kimi təqdim etməyə çalışmışdı və buna qismən nail də olmuşdular. Həmin terrorun mifləşdirilməsi ilə başlayan hadisələr sonrakı dövrdə Rusiyada üç inqilaba, milyonlarla insanın vətəndaş savaşında həlak olmasınadək inkişaf etmişdir”.

Maraqlı cəhət ondan ibarətdir ki, Əli Həsənov Vera Zasuliçin terror aktına niyə əl atmasını bilməmiş deyildir. Xatırladım ki, Peterburq şəhərinin rəhbəri olan general Fyodr Trepov siyasi məhbuslardan birini çubuqla döyməyi əmr etmişdi. Hərçənd ki, Rusiyada 1863-cü ildən cismani cəzalar qadağan edilmişdi.

Məhz bu qanunsuz və vəhşi göstərişinə görə Trepov Vera Zasuluçin sui-qəsdinə məruz qaldı. Məhz bu qanunsuz və vəhşi göstərişinə görə Trepova sui-qəsd Rusiya ictimai fikrində bu qədər rəğbətlə qarşılandı. Hətta rəğbət o qədər güclü oldu ki, Andlılar Məhkəməsi Vera Zasuliçi günahkar saymaqdan imtina edib bəraət verdi.

Bəs Elmar Vəliyevə sui-qəsd niyə bu qədər rəğbət doğurdu? Sosial şəbəkələrdə aparılan müşahidə onu göstərir ki, cəmiyyətin ən müxtəlif təbəqələri, o cümlədən də müxalifətə heç bir aidiyyatı olmayan, hətta hakimiyyətə loyal yanaşan insanlar belə bu hadisəyə, yumşaq desək, üzülmədilər.

Əminliklə söyləmək olar ki, Trepova sui-qəsd bu qədər yekdil hüsn-rəğbət doğurmamışdı. Bəs nədən? Hakimiyyət təmsilçiləri bu sualı özlərinə verib cavabını tapmağa çalışıblarmı?

Azərbaycan regionlarında son illər baş verən ciddi etirazlar əsasən şəhər və rayon başçılarının qeyri-adekvat davranışlarından doğub. Lakin bütün bunlar cəmiyyətə də, hakimiyyətə də (etiraf etməsələr də) geniş məlum olduğundan üzərində dayanmayacağam. Məni bu məqaləni yazmağa sövq edən səbəblər başqadır.

Əli Həsənov daha sonra öz yazısında yazır: “Xüsusən ictimai rəyə təsir imkanı olan insanlar – millət vəkilləri, ziyalılar, tanınmış ictimaiyyət nümayəndələri, siyasi fəallar, media və QHT təmsilçiləri daha həssas davranmalı, iqtidara və ya onun ayrı-ayrı nümayəndələrinə bəslədikləri fərdi münasibətlərlə dövlət və Vətən mənafelərini bir-birindən fərqləndirməlidirlər”.

Diqqətəlayiq çağırışdır. Bəs görəsən Azərbaycanda ictimai rəyə təsir imkanı olan insanlar kimlərdir? Belələri qalıbmı?

Əli müəllimin sadaladıqlarının içində millət vəkillərinin adının çəkilməsi acı gülüş doğurur. Xalq tərəfindən seçilən və xalq arasında nüfuzu olan millət vəkili yoxdur. Onları “iqtidara fərdi münasibət”də qınamaq isə, ümumiyyətlə, insafsızlıq olardı. Xalqın bir problemini dilə gətirməyən, hökumətin bütün qanun layihələrinə yekdilliklə “ləbbeyk” deyən deputatların hansı fərdi münasibətindən danışılır?

Ümumiyyətlə, Gəncədə baş verən hadisələr cəmiyyətdə böyük boşluqların olduğunu göstərdi. Məlum oldu ki, adi hallarda da lazım olan, fors-major məqamlarda isə xüsusən vazkeçilməz olan institutlarımız yoxdur. Bu institutları məhv edən isə hakimiyyət özüdür.

Bu sətirləri yazarkən iyulun 10-da baş verən hadisədən iki sutkadan artıq vaxt keçir. Lakin cəmiyyət hələ də Gəncədə nə baş verdiyindən məlumatsızdır.

Çünki Azərbaycanda mətbuat məhv edilib. Hakimiyyətyönlü mətbuat ictimai etimada malik deyil. Müstəqil medianın məhv edilməsi üçün isə bu illər ərzində hakimiyyət əlindən gələni edib və etməkdədir. Nəticədə Gəncədə hadisələr baş verərkən kəskin informasiya qıtlığı var idi, hər kəs bir şayiəni təkrar edirdi.

Şayiə olduqca güclü silahdır. Tarixdə ondan bacarıqla istifadə edilməsi haqqında xeyli nümunələr tapmaq olar. İnternet dövründə bu silahın gücü dəfələrlə artır, xüsusən də azad, ictimai etimada malik mətbuatın olmadığı ölkələrdə. Məharətlə hazırlanmış və ustalıqla yayılan şayiələrin köməyi ilə belə ölkədə asanlıqla hərc-mərclik yaratmaq olar.

Buradan da labüd şəkildə belə nəticəyə gəlmək olar ki, müstəqil mətbuatın olmaması ölkənin milli maraqlarına və təhlükəsizliyinə çox ciddi təhdiddir.

Hakimiyyət bunu anlamaq əvəzinə onsuz da ağır şərtlər altında fəaliyyət göstərən azad mətbuatın son istehkamlarına qarşı hücuma keçib. Bir necə sayt haqqında Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə (vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs tərəfindən informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi) cinayət işi qaldırıb.

Eyni vəziyyət siyasi müxalifətlə bağlı sahədə də hökm sürür. Uzun illərin repressiyaları, təzyiqlər və şirnikləndirici təkliflər nəticəsində müxalifət xüsusən əyalətlərdə olduqca zəif duruma salınıb. Təsadüfü deyil ki, Quba, İsmayıllı, Gəncə hadisələrində siyasi müxalifətin yerli təşkilatları prosesə müdaxilə edə, dinc istiqamətə yönəldə bilmədilər.

Halbuki janr qaydalarına görə narazılıq püskürməsi olarsa, onun daşıyıcıları məhz müxalifətin ətrafında birləşməlidir. Müxalifət də bu narazılığın ifadəçisi olmalıdır. Lakin ölkədə siyasi mübarizə müstəvisi məhv edilib, müstəqilliyin ilk illərində formalaşan siyasi mədəniyyət isə “abort” olunub.

Son illər siyasi sarsıntıların sardığı ərəb ölkələrinin tarixi bu baxımdan ibrətamizdir. Əvvəlcə sadəcə rəhbərləri dəyişən hərbi xuntalar, sonra da bir adamın onilliklər boyu davam edən diktaturası sivil müxalifəti, siyasi mədəniyyəti məhv etdi. Bu prosesin fəlakətli nəticələrini isə bu gün hamımız müşahidə edirik.

Bir neçə il öncə ölkənin tanınmış ziyalılarından biri ilə həmsöhbət oldum. Söhbət dolanıb telekanalların və burada göstərilən verilişlərin üzərinə gəldi.

Həmsöhbətim çox sərt qiymət verdi, “mənəvi genosid” adlandırdı. Dilimin ucunda “bu fikirləri niyə ictimai demirsiniz?” sualı dolaşırdı. Lakin mən səsləndirməmiş özü anladı. “Prezident təqaüdü alıram, qarşıdan da yubileyim gəlir. Deyirlər, “Şöhrət” ordeni verəcəklər”.

Cəmiyyətin dayaqlarından biri olacaq ziyalı təbəqəsi də belə məhv edilib. Zorən Yeni Azərbaycan Partiyasına üzv etməklə, iqtidarın yarıtmaz siyasətini dəstəkləyən yaltaq bəyanatlar verdirməklə, seçki saxtakarlığında iştirak etməklə, orden-medal, prezident təqaüdü, mənzil kimi hədiyyələrlə. Ortada “Nizami Gəncəvini dünyaya Elmar Vəliyev tanıtdırıb” deyənlər qalıb. Belələri isə ictimai rəyə təsir edə bilməzlər.

Eyni fikri din xadimləri ilə bağlı da demək olar. Onlara münasibətdə “Ya bizimləsən, ya düşmənimizsən” şərti daha kəskin qoyulub. Nəticədə xalqın yanında sözü keçən, mütərəqqi fikirlər aşılayacaq din xadimlərinin formalaşmasına imkan verilməyib.

Müstəqil vəkillik institutu da məhv edilir. Yunis Səfərova işgəncə verilməsi ilə bağlı xəbərlər ortaya çıxanda müstəqil, ictimai etimada malik vəkillərin nə qədər vacib olduğu ortaya çıxdı. Bu dəfə ola bilsin ki, hakimiyyət etdiyini gizlətməkdə maraqlı idi. Lakin sabah elə vəziyyət yarana bilər ki, etmədiyi bir şeydə günahlandırılsın. O zaman ictimaiyyətin etimadını qazanmış vəkil bircə sözü ilə bütün şayiələri darmadağın edə bilər.

Bir sözlə, hakimiyyəti möhkəmləndirmək naminə cəmiyyətin bütün institutları məhv edilib. Belə hal milli maraqlar cəhətdən olduqca təhlükəlidir.

Sadaladığım təsisatlar cəmiyyəti uçurumdan qoruyan əyləclərdir. Onların məhv edilməsi bir gün başıpozuq, radikal kütlənin öz şərtlərini diktə etməsinə gətirib çıxaracaq.

Beləliklə, aşkar oldu ki, “ictimai rəyə təsir imkanı olan” xitabı əslində boşluğa müraciətdir. Həmin yazının sonunda isə Əli Həsənov “geniş kütlələrə düzgün mesajlar” ötürülməsinin vacibliyini vurğulayır. Mənim fikrimcə isə düzgün mesajlara ehtiyacı olan əsl ünvan hakimiyyətdir.

Məqalənin əvvəlində Rusiya inqilabi hərəkatından söz düşmüşdü. Bu hərəkat, doğrudan da, olduqca ibrətamiz tarixi prosesdir. Necə oldu ki, hadisələr bu qədər fəlakətli şəkil aldı? Nəyə görə islahatçılar deyil, əlisilahlı inqilabçılar qalib gəldi? Nə üçün azadlıq uğrunda hərəkat tarixin ən totalitar rejimlərindən birinin yaranması ilə nəticələndi? Düşünürəm ki, bu hərəkatı dərindən öyrənməkdə fayda var.

Lakin bu məqalədə məqsəd o hərəkatı öyrənmək deyil. Sadəcə illüstrasiyadır. Bu baxımdan Aleksandr Soljenitsının “Arxipelaq QULAQ” əsərindən bir sitat gətirmək istəyirəm. Bu sitatda Soljenitsın çarizmin devrilmə səbəbinə toxunur: “Çarizm fevral Petroqradı coşarkən devrilmədi. O, hələ rus ədəbiyyatında jandarm və ya qorodovoy obrazının heç olmasa qismən rəğbətlə təsvirinin qaragüruhçu yaltaqlıq olması fikri hakim olarkən devrilmişdi”.

Gəncə hadisələrində iki polis zabiti öldü. Cəmiyyətin münasibəti Soljenitsın deyəndən tamam fərqli oldu. Böyük əksəriyyət bu hadisədən üzüldü, mərhumların ailələrinə başsağlığı verildi. Bu, onu göstərir ki, Rusiyanın uğradığı fəlakətlərdən yayınmaq imkanımız var. Bunun üçün cəmiyyətin dayaqlarını məhv edən siyasətdən imtina edilməli, ölkəni demokratikləşdirəcək yeni siyasi kursa müraciət olunmalıdır.

Lakin hamımız bilirik ki, bunların heç biri olmayacaq. Hakimiyyət islahatlar yolunu tutmayacaq. Əksinə bu hadisələrdən repressiv aparatı daha da möhkəmləndirmək üçün istifadə edəcək. Elə cənab Həsənovun yazısında da bunun anonsunu sezmək olur. Çünki öncüllük milli maraqlarda deyil, hakimiyyət maraqlarındadır

Rusiyanı fəlakətə sürükləyən Vera Zasuliç, İvan Kalyayev, Yeqor Sazonov və digər terrorçular deyildilər. Onlar nəticə idilər, rezonans idilər. Əsas səbəb mütləq hakimiyyətdən imtina etməyi ağlına belə gətirməyən çarizm idi. Azərbaycanı da təkamüldən sapındırıb sarsıntılar, inqilablar yoluna yönəldən ayrı-ayrı fərdlər deyil. Bunu edən siyasi müxalifəti, azad mətbuatı, ziyalı təbəqəsini, vətəndaş cəmiyyətini məhv edən hakimiyyətdir.



Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

Ana səhifəMənim FikrimcəHakimiyyətə mesajlar