“Prezident Administrasiyasının rəhbəri Qərb əleyhinə çoxsəhifəlik məqalə, anti-Amerika manifesti yazırsa, bu, ölkənin seçimi və hansı geosiyasi mövqeyi tutmaq niyyəti haqqında düşünməyə əsas verir”
Açıq Cəmiyyət Fondunun (Soros Fondu) Avrasiyada siyasət üzrə baş analitiki Ceff Qoldşteyn “Turan İA”a müsahbibə verib. Meydan TV 25 illik diplomatik stajı olan Ceff Qoldşteynin müsahibəsini təqdim edir.
– Azərbaycan hökuməti Qərbin anti-Azərbaycan və anti-islam siyasəti həyata keçirdiyinə dair ittihamları gücləndirir. Sizcə, bu nə deməkdir?
– Azərbaycan hakimiyyəti Ukraynadakı hadisələrdən və Istanbuldakı etiraz aksiyalarından narahat olub. Belə bir fikir var ki, Bakı bu proseslərin Azərbaycana da yayılmasından narahatdır. Eyni zamanda, bu cür hadisələr hakimiyyətin real nəticələri olmayan repressiyalar həyata keçirməsinə imkan verir.
– Azərbaycan hakimiyyətinin “Eurovision” ərəfəsində olduğu kimi, yenə də beynəlxalq oyunların təşkili vasitəsilə öz imicini yüksəltmək cəhdləri nə dərəcədə uğurludur?
– Hakimiyyət, məsələn, “Demokratiya naminə oxu” kimi kampaniyadan inciyərək, ciddi səhvə yol verib. Buna görə bu dəfə onlar bayramlarını heç kim qara etməsin deyə, o kampaniyanın bütün iştirakçılarını aradan götürməyi qərara alıblar. Düşünürəm ki, onlar bütün bunların Qərbdə necə işlədiyini qətiyyən başa düşməyiblər. Əslində, məhz repressiyalar əsas mövzu olub. Yəni hakimiyyət öz əməlləri ilə Azərbaycanın böyük uğurunu təmin etmək üzrə öz planlarını pozur.
Azərbaycanın beynəlxalq imici haqqında, onun nə dərəcədə dəyişdiyindən danışsaq, Avropa və ABŞ-da sıravi insanların əksəriyyəti indiyədək Azərbaycanın harada olduğunu bilmirlər. Bu mənada hakimiyyətin Avropa Oyunlarına olan ümidi, çətin ki, özünü doğruldub.
Eyni zamanda, Qərbdə siyasətçilər ölkədə ümumi vəziyyəti və burada insan hüquqlarının pozulmasına dəlalət edən təmayülləri mənfi qiymətləndirir.
Azərbaycanın Prezident Administrasiyasının rəhbəri Qərb əleyhinə çoxsəhifəlik məqalə, anti-Amerika manifesti yazırsa və onu dərc edirsə, bu, ölkənin seçimi və hansı geosiyasi mövqeyi tutmaq niyyəti haqqında düşünməyə əsas verir.
Sosial etirazlar haqqında danışsaq, onlar hər yerdə baş verir və səbəblər fərqli olur. Məsələn, Ermənistandakı son etirazlar. Azərbaycanda belə bir şey mümkündürmü? Bu suala cavab vermək çətindir, baxmayaraq ki, iqtisadi vəziyyətin əlverişsiz olduğu göz önündədir, xüsusən Bakıdan kənarda yoxsul təbəqələr üçün. Eyni zamanda, hökumətin böyük maliyyə resursları və təhlükəsizlik qurumları var.
Düşünürəm ki, Azərbaycanda baş verənlərdən məmnun olmayan çoxlu sayda təhsilli insan var, amma bu məyusluğun fəal etirazlar formasına keçib-keçməyəcəyini demək çətindir.
– Yerlərdə müşahidəçilər bildirirlər ki, beynəlxalq ictimaiyyət hakimiyyətin anti-Qərb siyasətinə qarşı müqavimət göstərə bilməyib ki, bu da hazırki vəziyyətə gətirib çıxarıb. ABŞ və Avropa Ittifaqı daha sərt mövqe tutsaydı, nə dəyişərdi?
– Mənim fikrim belədir ki, iki mümkün variantdan işləyəcək olanı seçirlər. Bu halda təzyiq, çətin ki, işə yarayardı. Bu gün Azərbaycan Avropa Qonşuluq Siyasəti Proqramının üzvü kimi, Qərblə ittifaqda, Qərb dəyərlərinə, ATƏT-in prinsiplərinə qarşı öz öhdəliklərini şübhə altına qoyur. Bizim əlimizdən gələn sadəcə, Qərbə qarşı münasibətin dəyişməsinə şərait yaradan mühit yaratmaqdır.
ABŞ-ın Azərbaycana qarşı hazırkı siyasətinə gəlincə, insan hüquqları üzrə ikitərəfli komissiya yaratmaq cəhdi, görünür, uğursuz olub.
Zənnimcə, Vaşinqtonda Azərbaycanda baş verənlərdən razı deyillər, amma bununla bağlı deyilənlər keçmiş səfir Morninqstarın dediklərinin yanında xeyli yumşaqdır. Həmçinin başa düşmək lazımdır ki, səfir Morninqstar adi diplomat deyildi. Amerika səfirlərinin əksəriyyəti telefonu götürüb Ağ Evə zəng edə və ən yüksək səviyyədə cavab ala bilmirlər, Morninqstar isə bunu edə bilirdi.
– Bakıda anti-Amerika kampaniyasına Rusiyayönümlü təzahür kimi baxmaq olarmı?
– Azərbaycanın geosiyasi istiqamətində Rusiya ilə daha çox dostluq siyasətinə doğru müəyyən hərəkət hiss olunur.
Rusiya bu yaxınlarda Azərbaycana çoxlu sayda silah satışına başlamağa razılaşıb – bu, böyük sıçrayışdır. Amma açıq-aşkar məhdudiyyətlər də var. Onlar Azərbaycanın müəyyən dərəcədə neft və qaz ixracı məsələsində Rusiyanın rəqibi olmasından ibarətdir.
Amma neftin qiyməti düşür, neftin qiymətinin düşməsi və ümumi böhranla əlaqədar Rusiyada köçürmələr də azalır, buna görə milli valyuta zəifləyir. Eyni zamanda, cəmiyyətin böyük hissəsi artıq həyat standartlarının sabit şəkildə inkişafına öyrəşib, amma çətin ki, hökumət indi bu inkişafı qoruyub saxlaya bilsin, analitik belə hesab edir.
Bir tərəfdən, azərbaycanlılar qiymətlərin necə artdığını, iş yerlərinin azaldığını, hökumətin isə Avropa idmançılarını Bakıya gətirmək üçün vəsait xərclədiyini görürlərsə, hökumətin prioritetlərinin lazımi kimi olmadığı haqqında düşünməlidirlər.
Ölkədə ağıllı insanlar çoxdur, onların səsi hazırkı mürəkkəb iqtisadi və geosiyasi vəziyyətdə ölkə üçün hansı siyasətin daha yaxşı ola biləcəyinin müzakirəsinə real şəkildə kömək edə bilər. Bir çox səbəblərdən düşünürəm ki, hökumət gec ya tez siyasətinin uğursuzluğa məhkum olduğunu dərk edəcək.
– Sizcə, Azərbaycanın siyasəti Qarabağ münaqişəsinin tənzimlənməsi perspektivinə necə təsir edir?
– Bakı və Yerevanda hakimiyyətin ciddi daxili problemləri var. Bəzən bu problemlər cəbhə xəttində vəziyyətə nəzarətin itirilməsinə və müharibənin başlamasına gətirib çıxarır.