“Həmin dairələrin nəzərinə çatdırmaq istərdik ki, Azərbaycan iqtidarının qarşısında duran başlıca vəzifə xalqın milli maraqlarını, cəmiyyətin davamlı inkişafını və təhlükəsizliyini, ölkədə ictimai-siyasi sabitliyi, əmin-amanlığı təmin etməkdən ibarətdir”
“Hesab edirəm ki, Avropa Parlamentinin bir neçə gün öncə qəbul etdiyi qətnamə, ABŞ-ın ATƏT-dəkı və Avropa Parlamentindəki nümayəndələri tərəfindən düzgün məlumatlandırılmayan Prezident Barak Obamanın Klinton Qlobal Təşəbbüsünün illik toplantısında Azərbaycanla bağlı
ifadə etdiyi fikir, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Varşavada keçirilən illik hesabat toplantısında səsləndirilən mülahizələr, habelə “Human Rights Watch”, “Freedom House” və digər bu kimi xarici təşkilatların iddiaları obyektiv deyil və dövlətimizin müstəqil siyasətinə təzyiq göstərmək cəhdi kimi qiymətləndirilməlidir”.
Bu fikirləri Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin rəhbəri Əli Həsənov AZƏR TAc-a müsahibəsində deyib.
Əli Həsənov daha sonra əlavə edib: “Həmin dairələrin nəzərinə çatdırmaq istərdik ki, hər bir hakimiyyətin, o cümlədən Azərbaycan iqtidarının qarşısında duran başlıca vəzifə xalqın milli maraqlarını, cəmiyyətin davamlı inkişafını və təhlükəsizliyini, ölkədə ictimai-siyasi sabitliyi, əmin-amanlığı təmin etməkdən ibarətdir”.
Onun sözlərinə görə, Azərbaycan müstəqil ölkədir, öz daxili və xarici siyasətini xalqın milli maraqlarına uyğun şəkildə həyata keçirir və heç bir halda tutduğu yoldan geri çəkilmək və kimlərinsə istəyinə uyğun hərəkət etmək niyyətində deyil.
Əli Həsənov bildirib ki, Azərbaycan fundamental demokratik dəyərlərə sadiq, vətəndaş cəmiyyətinin inkişaf etdiyi və bütün azadlıqların qorunduğu bir ölkədir. Bu gün Azərbaycanda yüzlərlə qeyri-hökumət təşkilatı, kütləvi informasiya vasitəsi qanun çərçivəsində, heç bir məhdudiyyətlə üzləşmədən, sərbəst fəaliyyət göstərir. İnsanlar öz fikirlərini azad şəkildə ifadə edirlər, vətəndaş cəmiyyəti institutlarının, medianın inkişafına dövlət tərəfindən hərtərəfli dəstək göstərilir.
“Buna görə də insan hüquq və azadlıqlarının vəziyyəti ilə bağlı Azərbaycan cəmiyyətinin, QHT sektorunun, yüzlərlə KİV-in ümumi rəyi nəzərə alınmadan, 3-5 nəfərin sifarişli məlumatı əsasında hazırlanmış belə açıqlamalar, bəyanatlar və sənədlər qərəzlidir, əsassızdır və subyektiv xarakter daşıyır”,-deyə Prezident Administrasiyasının rəsmisi bildirib.