“Hakimiyyət Qərbi vurmaqla hədəfi Şərqi Avropa ölkələrindən yayındırır”

Erkin Qədirli: ” Bu, Rusiyadan gələn bir “yel”dir, hökumətimiz də “yel dəyirmanı”ndan istifadə edib demokratik qüvvələri, azad mətbuatı və müstəqil QHT-ləri onun içində üyüdürlər”

Source:


Erkin Qədirli: ” Bu, Rusiyadan gələn bir “yel”dir, hökumətimiz də “yel dəyirmanı”ndan istifadə edib demokratik qüvvələri, azad mətbuatı və müstəqil QHT-ləri onun içində üyüdürlər”




Bu gün Avropada mənəvi böhran yaşanır. Avropa bəyan etdiyi dəyərlərə sadiq çıxa bilmir, miqrantlara – müsəlman qaçqınlarına nə qədər böyük əzab-əziyyət verilir, onların ləyaqəti alçaldılır, onlara qarşı çox dözülməz, qəbuledilməz addımlar atılır. Mən dəfələrlə demişəm, o insanların heç bir günahı yoxdur”.

Bu bəyanatı prezident İlham Əliyev Zaqatala şəhərində Heydər Əliyev Mərkəzinin açılışından sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə səsləndirib.
Dövlət başçısı bildirib ki, xarici müdaxilə nəticəsində həmin insanların ölkələri darmadağın edilib, onlar on minlərlə, yüz minlərlə yaxınlarını itiriblər, milyonlarla insan qaçqın vəziyyətinə düşüb və indi onlar Avropaya pənah aparırlar: “Orada isə onların qarşısında sədlər tikilir, tikanlı məftillər çəkilir, onlara itlərlə hücum edilir, onlar qəfəsə salınır. Sonra isə insana yaraşmayan o qəfəsin üstündən onlara yemək atılır. XXI əsrdə bu qədər dözülməz hərəkət heç kimə şərəf gətirmir. Bu, bir sınaq dövrüdür. Avropa indi bu sınaqdan çıxmalıdır, bəyan etdiyi dəyərlərə sadiq qalmalıdır. Yoxsa, əgər bu vəziyyət davam edərsə heç bir başqa ölkə qarşısında heç bir tələb qoyula bilməz. İlk növbədə, sən özün daxildə bu prosesləri normal məcraya salmalısan, özün daxildə bəyan etdiyin dəyərlərə sadiq çıxmalısan, ondan sonra kimdənsə nəsə tələb edə bilərsən”.
Prezident İlham Əliyev belə bir vəziyyətdən narahat olduğunu deyib: “Bu proseslər bizi çox narahat edir, incidir, ürəyimizi ağrıdır. O yazıq insanları bu vəziyyətdə görəndə əminəm ki, hər bir normal insan çox ağır hisslər yaşayır. Digər tərəfdən, bu, dini qarşıdurmadır, – mən bunu belə adlandırardım, – bu, miqrant böhranı deyil, bu, dini qarşıdurmadır, bu, islamafobiyanın əlamətidir. Bu, son illər ərzində anti-müsəlman təbliğatının nəticəsidir və bu, daha da böyük problemlərə və dünyada sivilizasiyalararası toqquşmaya gətirib çıxara bilər”.
Prezidentin fikirlərini Meydan tv-yə şərh edən ReAL İdarə Heyətinin üzvü Erkin Qədirli Avropanın böhranının yeni xəbər olmadığını söylədi: “Bunu Avropa siyasətçiləri və intelektualları da etiraf edir. Böhran Avropa Birliyinin (AB) cənub ölkələrinin maliyyə durumunun ağırlığından başladı, Yunanıstanın adı çəkilsə də, Portuqaliya, İspaniya və İtaliyanın da vəziyyətlərinin yaxşı olmadığı bəllidir. Böyük Britaniyanın baş naziri AB-dan çıxmaq haqqında açıq danışır. Yəni Avropada böhran var və prezident bunu deməklə, yeni bir şey kəşf etmir. Ancaq böhranın Avropa üçün adi hal olduğunu və bu qitənin böhranlar içində yaşaya-yaşaya indiki inkişaf həddinə çatdığını da unutmaq lazım deyil. Avropa hər böhrandan yeni inkişaf formasında çıxır. Sadəcə, Azərbaycan mediası vəziyyəti fərqli təqdim edir, əksinə, indiki böhran ən uzun böhran deyil”.

Erkin Qədirli mövcud böhranın miqrant axınından irəli gəldiyini düşünür: “Suriyanın adı daha çox çəkilir, amma Asiyadan, Afrikadan və başqa ölkələrdən fürsətdən istifadə edib Avropaya gedənlər var. Bu isə demoqrafik gərginlik yaradır, bu mənada mən anti-islam təbliğatı barədə deyilənlərlə razılaşmıram. Kimsə islama qarşı nəsə deyə bilər, bunu Avropa Birliyi ölkələrinə şamil etmək doğru deyil. Fransada 10 milyon, Almaniya və Böyük Britaniyanın hər birində 5 milyon müsəlman yaşayır. Elə bu ölkələrin futbol komandalarına baxın, nə qədər müsəlman oynayır. Bizim ölkə bu qədər axınla qarşılaşsaydı, nə edərdi? Bizdə də oldu, amma özümüzünkülər idi,  təsəvvür edin, yüzminlərlə tam yad mədəniyyətli axın gəlir, nə edə  bilərik, dözümsüz olarıq. Hakimiyyət Qərbi Avropanı vurmaqla hədəfi Şərqi Avropa ölkələrindən yayındırır. Hərçənd ki, Qərbi Avropa ölkələri problemləri həll etməyə çalışır. Hakimiyyət bu söhbətləri bəhanə kimi istifadə edib, demokratiyanı əngəlləməyə, dəyərləri nüfuzdan salmağa cəhd edir. Bu, Rusiyadan gələn bir “yel”dir, hökumətimiz də “yel dəyirmanı”ndan istifadə edib demokratik qüvvələri, azad mətbuatı və müstəqil QHT-ləri onun içində üyüdürlər”.

Ana səhifəXəbərlər“Hakimiyyət Qərbi vurmaqla hədəfi Şərqi Avropa ölkələrindən yayındırır”