Hakimiyyət parçalanma ərəfəsində

Seçkiyə qədər məmurlara “yerlərinin göstərilməsi” ölkə rəhbərinə siyasi dividentlər qazandıra bilər

Source:


Seçkiyə qədər məmurlara “yerlərinin göstərilməsi” ölkə rəhbərinə siyasi dividentlər qazandıra bilər

İqtidar parlament seçkilərinə ilk baxışdan problemsiz getsə də, komanda daxilində narahatlıq durmadan artır.

Heç bir nazir və məmur yaxın dövr üçün öz postlarını qoruyub saxlaya biləcəyinə əmin deyil. Bu baxımdan, seçki öncəsi hakimiyyət daxilində “kompromatlar savaşı” günü-gündən dərinləşir. Bu isə ona gətirib çıxarıb ki, hər bir məmurun taleyi istənilən an həll edilə bilər. Dövlət başçısı anlayır ki, əhalinin mühüm kəsimi məmurlardan və hakimiyyətdən  narazıdır. Sadə vətəndaşlar kadr dəyişikliyi və islahatların aparılmasını gözləyirlər.

Bu vəziyyət ölkədə  kadr islahatlarını zəruri edir. Mövcud komanda ilə seçkiyə getmək, uğur qazanılacağı təqdirdə belə ciddi problemlər deməkdir. Odur ki, iqtidar hansısa addımları atmağa, həddən ziyadə şişmiş məmurlara “qırmızı vərəqə” göstərməyə məhkumdur.

Lakin siyasi hakimiyyət ondan ehtiyat edir ki, yaranmış vəziyyətdə hakimiyyətdaxili qruplaşmaları zərərsizləşdirmək də təhlükəli ola bilər. Bu baxımdan, özbaşınalıqları ilə hamını təngə gətirmiş məmurların cəzalandırılması, lakin oliqarxların maraqlarının saxlanılması çıxış yolu kimi dəyərləndirilə bilər. Burada məsələ heç də kiminsə “qırmız vərəqə” almasında da deyil. Söhbət “artıq yüklər”dən azad olmaqdan gedir.

Əks təqdirdə, hakim elita özü bütövlükdə iflasa uğraya bilər. Nəzərə alsaq ki, seçkilərin vaxtı yaxınlaşdıqca daxili savaş daha da qızışacaq, qabaqlayıcı tədbirlərin görülməsi qaçılmaz görünür. Bu baxımdan, siyasi hakimiyyətin islahatlara başlaması, struktur dəyişikliyi həyata keçirilməsi ən optimal variant kimi dəyərləndirilə bilərdi. Lakin korrupsiyalaşmış hakimiyyət islahat barədə düşünmür. Digər tərəfdən, islahatların həyata keçirə bilməkdən ötrü ölkə daxilində gərginliyin azaldılması vacib elementlərdəndir.

Siyasi məhbuslar ordusunun yaradıldığı, müxalifətin bütün resurslardan məhrum edildiyi bir zamanda belə islahatlara getməyə iqtidar risk eləmir.

Odur ki, islahatlara kompleks şəkildə yanaşılması, bütövlükdə bütün sahələr üzrə islahatların aparılmasının zamanı çoxdan çatıb.

Lakin məmurların cəzalandırılması yalnız etimad limitinin bitməsi ilə bağlı deyil.

Görünür, iqtidarda hansısa məmurların Qərb siyasi dairələri ilə separat danışıqlara getməsi ilə bağlı məlumatlar var.

Ən müxtəlif məlumatlara görə, ayrı-ayrı məmurlarla Qərb siyasi dairələri arasında Azərbaycanın gələcək siyasi taleyi ilə bağlı danışıqlar aparılır. Məhz bu müstəvidə danışıqların aparılması İlham Əliyevə komandasını dəyişməyə vadar etmək üçün də edilə bilər.

Bir sözlə, dövlət başçısı qarşısında belə bir dilemma yaradılır – ya komanda dəyişir, ya prezidentin özü postundan getməli olur.

Bununla da, ölkə rəhbərinə belə bir mesaj verilmiş olur – əgər, korrupsiyaya uğramış məmurlar qara siyahıya düşərsə, İlham Əliyevin üçüncü prezidentliyinin sakit şəkildə yekunlaşmasına “yaşıl işıqlar” yandırıla bilər.

Qarşıdan parlament seçkiləri gəlir. İstənilən halda İ.Əliyev iqtisadi və demokratik islahatlar aparmalıdır.

Hakimiyyət ən azı belə imitasiyalara getməyə məhkumdur. İslahatların əngəllənməsinin günahkarı isə heç bir halda cəmiyyətin özü sayıla bilməz.

Ehtimal etmək olar ki, parlament seçkilərinə qədər və yaxud seçkidən dərhal sonra mövcud məmurların bir hissəsi öz postları ilə vidalaşmalı olacaqlar.

İctimai rəydə iflasa uğrayan, korrupsiya  simvolu kimi tanınan məmurların işdən azad olunmasında İ.Əliyev özü də maraqlı olmalıdırdır.

Qeyd edək ki, seçkiyə  qədər məmurlara “yerlərinin göstərilməsi” ölkə rəhbərinə siyasi dividentlər qazandıra bilər.

Daha bir maraqlı məqam var. Azərbaycan cəmiyyəti kadr siyasəti zamanı prioritet sayılan regionçuluq amilindən təngə gəlib. Bu sahədə mühüm irəliləyişlər olmayacaqsa, hakim elitadan narazıların  sayı durmadan artacaq.  Odur ki, irəli çəkiləcək kadrların gənc və müxtəlif bölgələrin təmsilçilərindən ibarət ola biləcəyi ehtimalı xeyli dərəcədə yüksəkdir. Bu isə hakim klanda parçalanma ehtimalını xeyli dərəcədə artırır. Digər tərəfdən, növbəti parlamentin tərkibi uğrunda oliqarxlar arasında ciddi qarşıdurma yaşanır. Bu isə hakimiyyətdəki parçalanmanı daha da dərinləşdirir. Bir sözlə, qarşıdan gələn mərhələnin iqtidar üçün böyük problemlər yaşadacağı ehtimalı olduqca yüksəkdir…

Ana səhifəXəbərlərHakimiyyət parçalanma ərəfəsində